Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cahangir Əsgərovu yola salmağın daha bir üsulu: AZAL ləğv olunmalıdır...

Cahangir Əsgərovu yola salmağın daha bir üsulu: AZAL ləğv olunmalıdır...


9-06-2022, 12:11
Cahangir Əsgərovu yola salmağın daha bir üsulu: AZAL ləğv olunmalıdır...
“Azərbaycanın dünyaya çıxışını əngəlləyən “dəmir pərdə” AZAL ləğv olunaraq onun yerinə dünya standartlarına uyğun təşkil olunmuş AVİA kampaniya yaradılmalıdır”. DİA.AZ xəbər verir ki, bu barədə “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, ölkənin bütün təbəqələri, siyasi və ictimai xadimlərinin narazılıqlarına baxmayaraq, AZAL vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdırmaqla məşğuldur:

“Cahangir Əsgərovun idarə etdiyi kampaniya əlindən gələni edir ki, nəinki kasıb təbəqə heç ortabablar belə ölkəni tərk edərək xarici dövlətlərdə vacib işlərini həll edə bilməsinlər.

Bu səbəbdən milyonlarla insanımız müasir dünyanın tələblərinə uyğun olaraq təhsil, biznes, tibbi müayinə və müalicədən məhrumdur. Onminlərlə insan tələb olunan tibbi müayinədən keçə bilmədiyi üçün xəstəlikləri irəliləyir və sonunda ağır fəsadlarla nəticələnir.

Xaricdə təhsil almaq üçün gənclərimiz nüfuzlu Amerika və Avropa universitetlərinə qəbul olunsalar da, fantastik qiymətlərdəki təyyarə biletlərini ala bilmirlər.

Bizneslə məşğul olmaq istəyən orta təbəqə məhz bu səbəbdən xarici səfərləri gerçəkləşdirməkdən məhrum qalır. Bu hallar inkişafımızı əngəlləyən mühüm faktorlardır.

Problem daim gündəmə gətirilsə də, bu istiqamətdə gərəkli addımların atılması gecikir”.

Geri qayıt