Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Təhsil Nazirliyindəki QOHUM ŞƏBƏKƏSİ

Təhsil Nazirliyindəki QOHUM ŞƏBƏKƏSİ


22-06-2022, 13:14
Təhsil Nazirliyindəki QOHUM ŞƏBƏKƏSİ
“Favoritizm” qohum, dost və tanışlıq zəmnində bir şəxsə və ya qrupa xüsusən səlahiyyətli şəxslər tərəfindən göstərilən ədalətsiz dəstək mənasındadır. Onun dar forması olan nepotizm “bacıoğlu” (nephew) sözündən gəlib, xüsusilə işə qəbul zamanı ailə fərdləri leyhinə qərar vermək, digər dar forması “kronizm” isə dostlara birincilik vermək mənasındadır. Bizim xalqımızın ifadə etdiyi “day-dayı” söz birləşməsi bu anlayışları özündə ehtiva edir. Təhsil Nazirliyi son illər öz bütün siyasətini məhz favarotizm əsasında həyata keçirir. DİA.AZ xəbər verir ki, bu barədə Pravda.az-a Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzindən daxil olan məlumatda bildirilib.

Məlumatda Təhsil Nazirliyindəki “qohum şəbəkəsi” ilə bağlı bir sıra detallar sadalanıb.

Bildirilib ki, Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev şəxsi tanışlıq zəminində özəl təhsil müəssisəsindəki elementar bir vəzifədən birbaşa bu ali vəzifəyə təyinat alıb. Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinin müdiri Valeh Mirzəyev hərbi xidmətdə yoldaşlıq zəminində adi bir işdən birbaşa bu idarəyə müdir təyin edilib. Valeh Mirzəyev Regional Təhsil İdarələri yaranandan qısa müddət sonra artıq əməkdaşlıq etdiyi keçmiş menecerlərdən 5 nəfərini bu idarələrə mühüm vəzifələrə təyin edə bilib və bu son da deyil.

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsində mühasib kimi çalışan Sənan Mənsimli şəxsi əlaqələri zəmnində Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir təyin edilib. Gənclik illərində ictimai təşkilatlarda birgə işlədiyi rəbərliyin dostu Orxan Abbasov Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini təyin edilib. Yuxarıda adlarını çəkdiyim bütün məmurlar ixtisasca iqtisadçıdır və təhsilə bu və ya digər şəkildə heç bir bağlılığı yoxdur.

Təhsil Nazirliyində təyinat alan dostlar, tanışlar, qohumlar da öz növbələrində dostlarını və tanışlarını, imkan olarsa qohumlarını da vəzifəyə gətirməkdə davam edirlər. Məsələn, nazirlikdə çalışan Orxan Abbasovun, Vüsal Xanlarovun, Namiq Nağıyevin qardaşları nazirliyin strukturunda hansısa vəzifəyə gətiriliblər. Daha maraqlı təyinat isə Təhsil İnstitutunun təlimlərini tenderdə udmaq üçün yardılan özəl əlavə təhsil müəssisələrində işləyən Vüsal Xanlarovun Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə müdir gətirilməsidir. Özəl kurslardan birinə rəhbərlik edən İlkin Həsənovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə müdir təyin edilməsi və Müəllimlərin İşə Qəbulu müsabiqəsinin suallarının hazırlanması komissiyasına ekspert təyin edilməsi isə digər gözlənilməz bir təyinatdır. Ondan da marqlı təyinat Təhsil Nazirliyi sistemində iki eyni xarakterli və əhəmiyyətli vəzifəni Xanlarov qardaşlarının icra etməsidir. Belə ki, Təhsil Nazirliyinin İformasiya və vətəndaşlara xidmət şöbəsinə Rəşad Xanlarov – Vüsal Xanlarovun doğmaca qardaşı rəhbərlik edir.

Bu təyinatlar zamanı ən maraqlı cəhət isə TN-nin bütün rəhbər kadrlarının özəl kurslardan işə götürülməsidir. Ümumtəhsilə rəhbərlik edən şəxslərdən bir neçəsi “Kaspi” Təhsil Mərkəzindən, nazirliyin informasiya siyasətinə cavabdeh şəxslər "Mədəd Azərbaycan"dan, təhsilin metodik təminata və məzmuna cavabdeh şəxslər isə “TAİM”, “Hədəf” və keçmiş “Araz” kurslarından nazirliyə və onun strukturlarına gətiriliblər.

Primitiv özəl təhsil kursları rəhbərliyində çalışanların və elementar repetitorarın artıq mərkəzi və yerli təhsil idarəetmə orqanlarına başçılıq etməsi təhsilimizin dərin böhranlı durumda olmasının səbəbinə tam aydınlıq gətirən faktordur. Neopatik və kronist iyerarxiyaya ən yaxşı nümunə isə “Hədəf” kursundan Təhsil İnstitutuna təyinat alan Elxan Nağıyevin həmkarı Elxan Nəcəfovu işlədiyi şöbədə işlə təmin etməsi, sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinə təyinat alan Elxan Nəcəfovun bu kursda işləyən həmkarı Famil İsayevi özünə müavin gətirməsidir. Bu təyinat zamanı diqqəti çəkən məqam regional təhsilə rəhbərlik edən bu iki dostun ömrü boyu dövlət ümumtəhsil məktəblərində nəinki idarəetmə, heç pedaqoji staja malik olmaması, karyeralarının sırf repetitorluq fəaliyyəti ilə bağlı olmasıdır.

Regional Təhsil idarələrinə ən gözlənilməz təyinat isə Qazax-Tovuz Regional Təhsil İdarəsi müdiri vəzifələrinə təyin edilən Arslan Hacıyevə aiddir. Bu adamın iqtisadçı olmaqla yanaşı təhsilə bu və ya digər şəkildə heç bir bağlılığı yoxdur. O, “Azərşəkər” MMC-də satış üzrə menecer işləyib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov isə hərbçi-polkovnikdir. Təhsilə heç bir bağlılığı olmamaqla yanaşı fəaliyyəti birmənalı qarşılanmayan TƏBİB-də aparat rəhbəri vəzifəsi isə son iş yeri olub. Lakin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsi də peşəkar pedaqoq Rövşən Əliyevə həvalə qaydasında verilib və o ən yaxşı halda bu idarəyə müdir müavini kimi təyinat ala bilib.

Vəzifəyə təyinat alan bu kadrların pedaqoji staja və təhsilə malik olmamaları bir yana, onların sırf iqtisadi sahədə işləmələri diqqət çəkir. Təhsil Nazirliyi açıq-aydın elan edir ki, təhsilin təşkili və idarə olunması pedaqogikaya dəxli olsa da, bu, iqtisadiyyatın bir sahəsidir. Əvvəllər nazirin heç olmazsa bir müavini pedaqoqlardan təyin edilirdisə, hazırda onun bircə müavini belə təhsil sistemindən bu vəzifəyə təyinat almayıb. Bu azmış kimi, nazirliyin aparat rəhbəri də pedaqoji təhsilə və staja malik deyil. Eləcə də nazirliyin nəinki şöbələrinin və sektorlarının müdirlərinin, hətta onların müavinlərindən birinin belə pedaqoji təhsil və stajı yoxdur. Bircə nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji təhsilə malikdir, lakin o da ömründə məktəbdə sinif rəhbəri belə olmayan primitiv bir təlimçidir. Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev pedaqoq olsa da, bu vəzifə ona həvalə qaydasında müvəqqəti verilib.

Məlumatda Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki təyinatlar barədə isə danışmağın əhəmiyyətsiz olduğu vurğulanıb.

Bundan danışmağa belə dəyməz. Məsələn, İnstitutun direktoru Rüfət Əzizov kimya sənayesindən şəxsi tanışlıq zəmnində bu sahəyə gətirilib. Paytaxtdakı təhsil idarəsinin ailə münasibətləri zəminində təyinat alan müdir müavini Xəyalə Əhmədzadə isə bu təşkilatda yeganə söz sahibdir. Nazirin müşavirləri də qeydsiz-şərtsiz eyni meyarlar əsasında işə təyinat alıblar. Təhsilin idarə edilməsi və təşkilində hüquqşünasların, iqtisadçıların və s. peşə sahiblərinin iştirakı, şübhəsiz, mümkün və zəruridir. Lakin bu zaman bilərəkdən pedaqoqların bir qayda olaraq vəzifədən uzaqlaşdırılması, hətta təhsilin məzmununa cavabdeh şöbə və sektorlara qeyri-pedaqoqların kütləvi təyinatı yalnız ökə təhsilinin diz çökməsi ilə nəticələnəcək və nəticələnir.

Qərbdə təhsil alan ölkəyə qayıdıb “day-dayı” olursa, onda burda təhsil alanın “nephew” olmaqdan başqa yolu yoxdur! İngiliscə bilən nepotist və kronist təhsil idarəçiləri bu əməlləri ilə ölkə üçün vətəndaş hazırlayırsa, onda vay bu xalqın halına! Beləliklə, rüşvətxorluqdan daha böyük bəla – favoritizm ilə üz-üzəyik. Hansı ki favoritizm korrupsiyanı daha da dərinləşdirən faktordur və bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik...

Geri qayıt