Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Ailəmi saxlamaq üçün məcbur oldum ki...”

“Ailəmi saxlamaq üçün məcbur oldum ki...”


24-06-2022, 13:01
“Ailəmi saxlamaq üçün məcbur oldum ki...”
Mən şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddiası təmin olunan, amma icra olunmayan ən az 8 nəfəri tanıyıram. İndi onlar yenidən işlərinə baxılmasını gözləyirlər. Həmçinin, hazırda 100-dən artıq tanıdığım hərbçi də nazirlikdən şikayətçi olub. Çünki nazirlik tərəfindən hərbçilərə və xüsusi rütbəlilərə qarşı kütləvi şəkildə yad münasibət bəslənilir”.

DİA.AZ xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Əfqan Səmədov deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbçilərin pensiyasını ödəməkdən imtina edir:

“Onlar əmək pensiyası ilə bağlı qanunun 2017-ci ildə qüvvədən salınmış 26.4 və 26.5 maddələrini əsas tutaraq pulumuzu ödəməkdən imtina edirlər. Müxtəlif bəhanələr gətirərək pulu ödəmək istəmirlər. İş orasındadır ki, onlar bunu ancaq ehtiyatda olan hərbçilər və xüsusi rütbəlilərə qarşı edirlər. Bunun səbəbini də bilmək olmur”.

Əfqan Səmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 5 dəfə məhkəməyə şikayət etdiyini vurğulayıb:

“Onlardan ikisini qazanmışam, ikisi geri qaytarılıb, biri isə hələ də davam edir. Təmin olunan iddiam üzrə məhkəmə 2018-ci ildən davam edirdi. Hansı ki, həmin iddia da 2 dəfə Ali Məhkəmədən qayıtdıqdan sonra təmin oldu. Nazirlikdən mənə deyirlər ki, 16 ilin pulunu biz sizə qarşıdakı 16 ildə ödəyəcəyik. Bu, çox gülünc bir vəziyyətdir. Amma məhkəmədə qalib gəlsəm də indiyə kimi pulumu tam şəkildə ödəməyiblər. Təmin olunan iddialarımdan birinin pulu 90 faizi mənə ödənilib. Lakin yerdə qalan 10 faizini gözləyirəm. Yəni həddindən artıq süründürməçilik edirlər. Əgər qaytarmasalar, yenidən şikayət edəcəyəm. Digər təmin olunan iddiamla bağlı isə hələ ödəniş olmayıb. İndi müraciət etmədiyimiz ancaq Avropa Məhkəməsi qalıb. Mən illərlə bu dövlətə qulluq etmişəm və onunla bağlı məhkəməyə müraciət etməyə adam utanır. Yəni mən vətən üçün canımı ortaya qoymuşam, indi gedib ondan şikayət edim? Vətənə xidmət etmək bizim borcumuzdur və mən də 22 il xidmət etmişəm. Hazırda ikinci qrup əliləm, amma ailəmi saxlamaq üçün üçüncü dərəcəli əlilik qrupuna keçmişəm. Çünki bu qrupda işləmək imkanı var”.

O, 13 mayda hərbçilərlə bağlı qanuna edilən dəyişiklikdən də danışıb:

“Bununla bağlı Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət məktubu yazmışdım. Amma mənə elə cavablar verirlər ki, onların mənim etirazıma aidiyyəti yoxdur. Onlar guya demək istəyirlər ki, biz sizin üçün bu qədər şey edirik, amma siz narazısınız. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bizə qayğı göstərməlidir. Amma bizdə tam əksinədir. Onlar, bizə qayğı göstərmirlər. Müharibədən qayıdan adama əsəblərinin sakit olması üçün qayğı göstərmək lazımdır. Müharibədə ayağını itirən qaziyə qayğı göstərmək lazımdır ki, o, dərdini unutsun. Amma nazirlik qazilər üçün əlavə yoxlamalar təyin edir. Başa düşmək lazımdır ki, o, ağrılarını sakitləşdirmək üçün dərmanlar almalıdır”.

Geri qayıt