Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda ƏCAİB İŞLƏR ÇEVRİLİR...
Naxçıvanda ƏCAİB İŞLƏR ÇEVRİLİR...7-07-2022, 11:27 |
Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Zahid Gözəlov dünən gözlənilmədən Naxçıvan şəhər 1 saylı polis bölməsinə gedib. Onu Naxçıvan şəhər polis İdarəsinin sədr müavini, mayor Elvin Səfərli və MR DİN-in 7-ci şöbəsinin əməkdaşları müşayiət edib. Bildirilir ki, polis yetkililərinin bu səfəri Naxçıvan şəhərinə bağlı olan və 1 saylı polis bölməsinin səlahiyyət dairəsinə girən Tunbul kəndində ötən ay baş vermiş oğurluq hadisəsini araşdırmaq məqsədi daşıyıb. Qeyd edək ki, ötən ay Tunbulda poçt yarılmış və poçtun dəmir kassası yerindən çıxarılaraq aparılmışdı. Maraqlıdır ki, həmin cinayətin baş verdiyi sıralarda 1 saylı polis bölməsinin əməkdaşları o ərazidə patrul xidmətində imişlər. Amma nədənsə poçtun yarılması onların gözündən yayınıb. Naxçıvan Muxtar Respublikası hakimiyyətinin cinayətkar metodlarla cinayətləri örtmək prinsipinə kölgə salan bu oğurluq hadisəsinin indiyədək çözülə bilməməsi “xan” rejimini ciddi narahat edir. Aldığımız məlumata görə, Ali Məclis Tunbul oğurluğunun açılması üçün Naxçıvan şəhər 1 saylı polis bölməsinə möhlət verib. Möhlət isə dolmaq üzrədir. Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Şəmsi Mirzəliyevin başı isə əkin-biçinə qarışıb. Tumbul kəndi yaxınlığında böyük təsərrüfat işləri ilə məşğul olan rəisin başını qaşımağa vaxtı olmadığından təhkim olunduğu ərazinin kriminogen vəziyyəti ilə maraqlana bilmir. Ərazinin sahə müvəkkili polis mayoru Ramin Hüseynov da Şəmsi Mirzəyevin şəxsi təsərrüfatına "briqadirlik" etdiyindən o da "pul gətirməyən" işləri ikinci plana atıb. Əslində oğurluq hadisəsi də məhz bu diqqətsizlik ucbatından baş verib. Oğrular polis yetkililərinin başının işə qarışmasından faydalanıb rahatlıqla poçtu yara biliblər. Məlumata görə, cinayətin üstünün vaxtında açılmaması Ali Məclis rəhbərliyini bərk qəzəbləndirib və onlar Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılovu yanına çağırıb o ki var danlayıblar. Bu ciddi danlaqdan sonra nazir ötən ayın 24-dən cinayət işinin araşdırılmasını birbaşa öz öhdəsinə götürüb və elə həmin gün Tumbula hadisə yerinə yollanıb, cinayət faktı ilə şəxsən maraqlanıb. Etibarlı mənbələrin verdiyi məlumata görə, nazirin işlə ciddi maraqlanması da heç bir nəticə verməyib. İddia edilir ki, nazirə qısa zaman ərzində oğrunun tapılması barədə qəti göstəriş verilib. Yerli əhali narahatdır ki, nazir oğrunu tapa bilməsə, bir məzlumun boynuna qoyub özünü xilas etməyə çalışacaq. Dünən Naxçıvan MR DİN-nin önəmli şəxslərinin şəhər 1 nömrəli polis bölməsinə səfəri onu deməyə əsas verir ki, nazirə 2 həftə möhlət tanınıbmış. Nazir isə nə əsl oğrunu tapa, nə də cinayətin məsuliyyətini bir bədbəxtin üzərinə qoya bilib. Görünür, o da öz “bacarıqsızlığı”nın çanağını Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi Şəmsi Mirzəyevin başında çatlatmaq niyyətindədir. //ovqat.com// Geri qayıt |