Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Kapital Bank" Qazimizin borcunu BAĞIŞLAYA BİLMƏZDİ?..

"Kapital Bank" Qazimizin borcunu BAĞIŞLAYA BİLMƏZDİ?..


8-07-2022, 12:19
"Kapital Bank" Qazimizin borcunu BAĞIŞLAYA BİLMƏZDİ?..
Xəbər verildiyi kimi ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun Sumqayıt şəhər İcra Şöbəsində ürəyi partlayıb və dünyasını dəyişib.

DİA.AZ bildirir ki, Şahmurad Məmmədovun həyat yoldaşı Kəmalə Kərimova Bizim.Media-ya açıqlamasında qazinin ölüm səbəbinin təfərratını açıqlayıb:

“Kartında pensiyasından 100 manat pulu qalmışdı. Dedi gedim evə bazarlıq edim. Pulu çıxarmaq istəyəndə kartının bloklandığını görüb. Səbəbini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna yaxınlaşıb. Oradan bildiriblər ki, bizlik deyil, qərarı məhkəmə verib. Sonra Sumqayıt rayon məhkəməsinə icraçının yanına yaxınlaşıb.

"Kapital Bank" Qazimizin borcunu BAĞIŞLAYA BİLMƏZDİ?..

Görün onu nə həddə çatdırıblar ki, orada ürəyi partlayıb. Çünki çox sakit və mədəni biri idi. Durduğu yerdə əsəbiləşməzdi. Bir dəfə infarkt keçirmişdi. Ona əsəbiləşmək olmazdı. İki gün əvvəl həkimə getmişdik. Həkimi hər şeyin yaxşı olduğunu, amma əsəbdən özünü qorumağı tövsiyyə etdi. Onu həmişə stress və əsəbdən gözləmişəm. Kaş ki, öldüyü vaxt yanında olardım”.

Kəmalə Kərimovanın sözlərinə görə qazinin Kapital Bank və “Muğanbank”a ümumilikdə 8 mindən çox borcu yaranıbmış:

“Muğanbankda dostunun övladına telefon üçün zamin durmuşdu və ora 1000 manat borcu qalmışdı. Kapital Bankdan isə müalicəsi üçün pul götürmüşdü. Aylığını ödəyə bilmədiyi üçün faizlərlə 7 mindən çox borcu yaranmışdı. Himayəsində 5 övladı var idi ki, onların 3-ü tələbədir. Həmçinin 2 kor övlada atalıq edirdi. Mən heç yerdə çalışmıram. Onun aylıq 1000 manat təqaüdü ilə dolanırdıq. İllərdir ki, kirayədə qalırıq.

Neçə il döyüşmüş, odun-alovun içindən gəlmiş və dövlətinə xidmət etmiş birini ölüm həddinə çatdırmalı deyildilər. Məmurların vicdansızlığı ucbatından bu, ölüm baş verdi. İnşallah ki, onun ölümünə səbəb olanlar cəzasını çəkər”, deyə həyat yoldaşı əlavə edib.

Qeyd edək ki, Şahmurad Məmmədov bu gün Sumqayıt-Bakı yolundakı köhnə qəbiristanlıqda valideynlərinin yanında dəfn olunacaq.

Xatırladaq ki, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov həm də Terrorizmlə İctimai Mübarizə Mərkəzinin rəhbəri olub.

Geri qayıt