Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Prezident UYARDI: İndi hansı başçılar yola salınacaq?..
Prezident UYARDI: İndi hansı başçılar yola salınacaq?..25-07-2022, 16:37 |
Azərbaycanda ən çox şikayət olunan qurumlar icra hakimiyyətləri, məmurlar isə icra başçılarıdır. Demək olar ki, bütün neqativ hadisələrdə məhz yerli icra orqanlarının bu və ya digər formada adı hallanır. Əhalinin şikayətlərinin də böyük hissəsi məhz icra hakimiyyətləri ilə bağlıdır. Təsadüfi deyil ki, artıq icra hakimiyyətləri ilə bağlı böyük bir prosesə start verilib, qeyri-şəffaf fəaliyyət göstərən, korrupsiyaya bulaşmış bəzi “balaca padşah”lar dəmir barmaqlıqlarla “mükafatlandırılıb”. Onların bəzilərinə hökm oxunsa da, həbs olunan bəzi icra başçıları ilə bağlı istintaq prosesi davam edir. Həbs olunan icra başçılarını isə əsasən gənclər əvəzləyir. Proses 44 günlük Vətən müharibəsi dövründə bəlli səbəblərdən müəyyən qədər səngisə də, hazırda davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə bu gün də bir neçə rayona icra başçıları təyin olundu. Prezident İlham Əliyev bu gün Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi isə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib. Prezident yeni icra başçılarını qəbul edərkən məmurlar, icra hakimiyyətləri ilə bağlı problemə toxunub. "İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Təbii ki, Prezidentin sadaladığı məqamlar icra başçılarına və qanunsuz, məmur dəstəyi ilə iş görən sahibkarlara ciddi xəbərdarlıqdır. Bu, yeni prosesin də anonsudur. Gözlənilən odur ki, Prezidentin bu çıxışından sonra tapşırıqları düzgün icra etməyən, öz şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutan icra başçıları yola salınacaq. 10-20 ildir vəzifədə olan icra başçılarının fəaliyyəti əhali arasında ciddi etirazlara səbəb olur. Demək olar ki, hər gün mediada, sosial şəbəkədə köhnə başçılardan şikayətlər səslənir. Amma onların böyük əksəriyyətinin fəaliyyətində müsbətə doğru dəyişiklik görünmür. Bu da onlar üçün artıq “yolun sonu” anlamına gəlir. Prezidentin çıxışında səsləndirdiyi fikirlər isə həmin məmurlar üçün son xəbərdarlıq hesab olunur. Proses artıq sürətli şəkil alıb və görünən odur ki, qısa zamanda dövlətin fəaliyyətinə kölgə salan məmurlar vəzifədən uzaqlaşdırılacaq. Geri qayıt |