Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Babək rayonunda Şəhid ruhuna SAYĞISIZLIQ...
Babək rayonunda Şəhid ruhuna SAYĞISIZLIQ...3-08-2022, 10:49 |
Babək rayonunda 2 orta məktəb var. Məktəblərdən biri son zamanlara qədər şəhid Vəli Mahmudovun adını daşıyırdı. İndi isə məktəbin bu adı daşıyıb-daşımadığından bəlli deyil. Qeyd edək ki, 1958-ci ildə Babək rayonun Təzəkənd kəndində anadan olan Vəli Mahmudov Nuruş oğlunun ailəsi kəndlərini su basması səbəbindən Babək rayonuna köçüb. Uşaqlığını bu rayonda keçirən mərhum şəhidimiz daha sonra Bakıda Kosmik Tədqiqatlar zavodunda sex rəisi işləyir. I Qarabağ savaşı zamanı könüllü olaraq döyüşlərə qatılır. 1992-ci ildə Füzuli rayonunun Divanalılar kəndində şəhid olur. Onun şəhadətindən sonra Babək rayonundakı 1 saylı məktəbə Vəli Mahmudovun adı verilir. Hətta ilk vaxtlar məktəbin üzərində onun adı yazılmış lövhə asılır və qarşısında şəhidin büstü də qoyulur. Rayonun küçələrindən birinə onun adı verilir. Bütün bunlar, təbii ki, ilk zamanlar belə idi. Daha sonra məktəbin yeri dəyişdirilir və təhsil ocağının yeni binasının üzərində şəhidin xatirəsini anan heç bir lövhə vurulmur. Vəli Mahmudovun büstü isə rayonun ayrı məkanına köçürülür. Vəli Mahmudovun həyat yoldaşı Nahidə xanım şəhidin xatirəsinin yaddaşlardan silinməsindən xeyli narahatdır. Onu fikrincə, artıq heç bir rəsmi sənədlərdə məktəbin Vəli Mahmudovun adını daşıdığı göstərilmir. Nahidə xanım onu narahat edən bu məsələ ilə əlaqədar bir çox yerlərin, o cümlədən Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin qapısını döyüb. Amma müraciət etdiyi heç bir ünvandan sorğularına cavab ala bilməyib. Doğrudan da biz Naxçıvan MR Təhsil Nazirliyinin Babək rayon məktəbləri siyahısına baxdığımız zaman Vəli Mahmudov adına rast gələ bilmədik. Siyahıda bu təhsil ocağı sadəcə Babək rayonunun 1 nömrəli orta məktəbi kimi göstərilirdi. Amma insaf xətrinə onu da vurğulayaq ki, bu neqativ ayrı-seçkilik təkcə Vəli Mahmudova qarşı edilməyib. Babək rayonunun digər məktəblərinin də kiminsə adını daşımır və ya nədənsə bu barədə rəsmi məlumatlarda heç nə göstərilmir. Nahidə xanım öz həyat yoldaşının adının məktəb binasının üzərindən silinməsinə baxmayaraq, Vəli Mahmudovun qisasının alındığını düşünür və bu təsəlli onun üçün dünyaya dəyər. Ən böyük təsəllisi isə odur ki, Vəli Mahmudovun şəhid düşdüyü Füzuli rayonunun Divanalılar kəndinin işğaldan xilas olunmasında onun oğlu Nurlanın da böyük xidmətləri olub. Nahidə xanımın dediyinə görə, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun yüksək rütbəli zabiti kimi bir çox rayon və kəndlərimizin alınmasında iştirak edən Nurlanın xilas etdiyi ərazilərdən biri də Divanalılar kəndi olub. Oğlu əməliyyatdan sonra anasına zəng edib muştuluq verməyi də unutmayıb: “Ana, gözün aydın, atamın qanı yerdə qalmadı”. Anasına muştuluq verdiyi zaman bir şəkil də göndərib. Şəkildə Nurlan bəy erməni bayrağını tapdalamış vəziyyətdə təsvir olunur. Nahidə xanımın dediyinə görə, bu şəkil Divanalılar kəndində çəkilib. Maraqlıdır ki, Vəli Mahmudovun qızı da zabitdir və hazırda Sərhəd qoşunlarında xidmət göstərir. Bu fakt şəhid övladlarının atalarının qisasını almaq, Vətəni xarici təcavüzlərdən qorumaq məfkurəsində böyüdüldüyündən xəbər verir. Ümidvarıq ki, Naxçıvan MR Təhsil Nazirliyi sözügedən məktəbin şəhid adını daşıdığını hansısa texniki səbəblərdən səbəblərdən unudub və bu yanlışı yaxın zamanlarda düzəldəcək. Çünki Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan əhlinə qarşı nə qədər amansız siyasət yürütsə də adətən belə məsələlərə xüsusi diqqətlə yanaşır, bunu özünün böyük dövlət xadimi olması ilə əsaslandırmağa çalışır. Belə görünür ki, Naxçıvan MR Təhsil Nazirliyinin Vasif Talıbovun belə məsələlərə bu cür həssas yanaşmasından ya xəbəri yoxdur, ya da şəhid ailələrini qəsdən incidərək “xan” həzrətlərinin onsuz da xalq arasında get-gedə buxarlanan nüfuzunu daha da zəiflətmək siyasəti aparır. Onu da istisna etmirik ki, şəhidin xatirəsini unutdurmaq göstərişi “xan sarayı”ndan gəlib və MR Təhsil Nazirliyi də bu tapşırığı yerinə yetirib. Hansı versiyanın doğru olduğunu araşdırmağı Naxçıvan yetkililərinin öhdəsinə buraxırıq. //ovqat.com// Geri qayıt |