Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əmrullayev pullu məktəblərdə niyə maraqlıdır?

Əmrullayev pullu məktəblərdə niyə maraqlıdır?


5-10-2022, 12:01
Əmrullayev pullu məktəblərdə niyə maraqlıdır?
"Azərbaycan cəmiyyəti hələ də özəl təhsil sektoruna alışmayıb".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin açılış tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, nazirliyə təhsil sistemində özəl sektorun payının çox olması vacibdir:

“Bu, həm də rəqabətlilik deməkdir. Bu gün hələ də Azərbaycanda özəl təhsil cəmi 1 %-in altındadır".

Qeyd edək ki, ölkədə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, özəl məktəblər də fəaliyyət göstərir. Dövlət məktəblərində təhsil pulsuz olsa da, ödəniş müqabilində təhsil verən lisey və özəl məktəblərdə illik təhsil haqqı müəssisəsinin reytiqinə görə dəyişir. Özəl məktəblərdə ibtidai siniflərdə illik təhsil haqqı 3500-16 min manat, yuxarı siniflərdə isə bu məbləğ 5000-16 min manat arasındadır. Hətta bu gün paytaxtda fəaliyyət göstərən elə məktəb var ki, illik təhsil haqqı 50 min manatdan yuxarıdır ki, burada təhsil ingilis dilində aparılır. Bu gün övladlarının məhz yaxşı təhsil alması məqsədilə deyil, “Uşağı ödənişli məktəbdə oxuyur” düşüncəsi ilə bu məktəbə üz tutanlar da var. Nəticədə isə ödənişli məktəblərə də minlərlə manat vəsait ödənilməsinə baxmayaraq, bir çoxlarında elə təhsil səviyyəsi dövlət təhsil müəssisələrindən heç də fərqlənmir.

Doğrudanmı, bu gün özəl ümumtəhsil məktəbləri keyfiyyətlidir və daha da genişlənməlidir? DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ölkədə 61 özəl ümumtəhsil məktəbi var və burada qiymətlər 5 min manatdan başlayaraq 40 manat arasında dəyişir:

“İstər dövlət, istərsə də özəl ümumtəhsil məktəblərində keyfiyyət bərbad vəziyyətdədir. Özəl ümumtəhsil müəssisələrinə bu qədər pulu nəyə qoyurlar? Burada iki səbəb var. Bunlardan biri odur ki, özəl təhsil müəssisələrinin bir hissəsi beynəxalq kuriklumlarla təhsil verir. O beynəlxalq kuriklumlarda xarici ali təhsil müəssisələrinə qəbul olunmaq şansı böyük olur. İkincisi isə sadəcə bunun biliyi var, bir qədər fərqlənmək adı ilə o məktəbə üstünlük verilir.

Çox təəssüflər olsun ki, dünyanın əksər ölkələri təhsili ödənişsiz etməyi qarşılarına məqsəd qoyublar. Bizdə isə bu müəssisələrlə bağlı axının əksinə hərəkət edirik. Mən xatırlamıram, nazirlik özü açıqlama versin ki, sonuncu dəfə nə vaxt özəl təhsil müəssisələrində akkreditasiya aparılıb və bunun nəticələri nə olub. Halbuki özəl təhsil müəssisələri hər 5 ildən bir akkreditasiya olunmalıdır. Mən arzu edərdim ki, ölkədə ümumiyyətlə, özəl təhsil olmasın”.

Eksert bildirib ki, bu sahədə ali təhsildə müəyyən addımlar atılır:

“Əgər 3 il bundan öncə ali təhsil alanlarda ödənişli təhsil sayı hər 100 nəfərdən 70-75 nəfəri təşkil edirdisə, indi bu rəqəm 45-ə düşüb. Ümumiyyətlə, istər dövlət, istərsə də özəl təhsil müəssisələrində keyfiyyət problemi var. Arzulayardım ki, nazirlik ölkənin özəl, istərsə də dövlət təhsil müəssisələrində təhsilin yükəldilməsi ilə bağlı işlər görsün”.

Geri qayıt