Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Göyçayda sakinlər ÇƏTİN DURUMDADIR...

Göyçayda sakinlər ÇƏTİN DURUMDADIR...


14-10-2022, 12:12
Göyçayda sakinlər ÇƏTİN DURUMDADIR...
Necə deyərlər, su həyatın özüdür. Göyçay rayonunda isə əksər əhali susuzluqdan həyatını qaydaya sala bilmir. Rayonun 55 kəndindən əksəriyyətinin içməli su problemi var. Kənd sakinləri içməli suyu ya qonşu kəndlərdəki bulaqlardan gətirir, ya da pulla alır. Hər təsərrüfatda qurulan hovuzlar bu məqsəd üçündür. Aylıq su norması doldurulur və istifadə olunur.

Sakinlərin sözlərinə görə, problem rayonun 18 kəndində daha qabarıqdır. Mırtı kənd sakini Səliqə İsayeva deyir ki, hər ay üç ailə birlikdə 25 manata təmiz bulaq suyu gətirdir. Suya pul tapmayanda isə kəndin yararsız arx suyuna möhtac qalırlar:

Kəndlilər su üzünə həsrətdir

“Suyu almasaq, bulanıq, zərərli, içməyə yarasız arx sularının ümüdinə qalırıq. Ayda bir dəfə doldururuq və suya qənaət etməklə işlədirik. İmkan olmayanda, su bitəndə, pul tapmayanda lilli arx suyunu qablara doldurub, zəyləyib içirik. Elə bil su yox, zəhərdir. Çünki artıq arx suları belə öz axarlığını, təbiiliyini itirib”. “Vaxtilə arx sularını zəyləyib bir- iki saatdan sonra içmək olardı. İndi qətiyyən mümkün deyil. Bulaq suyu ilə dəmlənən çayla, axar suyunun çayı nə dadına, nə qoxusuna görə eyni deyil. Axar suda qəribə tam var. Çaydanları ərp tutur, sıradan çıxarır“, – kənd sakini deyir.

“Hər şey bahalanan kimi suyun qiyməti də qalxır”

Digər kənd sakini Əsmər Babayeva isə əlavə edir ki, axar su təsərrüfatı suvarmaq, heyvandarlıqda istifadəyə uyğundur. Deyir, bəzən o qədər lilli olur ki, heyvan da içməkdən imtina edir. Son illər arxların da suyu qurumağa başlayıb. Kənd sakinləri deyir ki, buna səbəb təkcə quraqlıq, yağıntı azlığı deyil. Əkinlərin çoxalması və arxa qoyulan bəndlərin çoxluğu da arxların suyunu qurudub. Əvvəllər suyun maşınını 15-18 manata gətirən sakinlər indi kənddən asılı olaraq 25-30, bəzən 40 manatından keçməli olurlar.

İçməli su əsasən maşınlarla gətizdirilir

“Hər şey bahalaşan kimi suyun qiyməti də qalxır. 5-7, hətta 10 manata qədər artım var. Biz şəxsən 25 manat verib Cəyirli bulağından su gətirdirik. Ancaq imkanı olmayan kəndlilər lilli arx suyunu hovuza doldurub istifadə etmək məcburiyyətindədir. Suvarma suyu içmək üçün istifadə olunur. Hansı ki, o suyu bəzən heyvanlar da içmir”, – Əsmər Babayeva deyir – “Kəndimizdə illər öncə iki bulaq vardı, su az oldu, biri qurudu“.

“Əlacımız yoxdur, məcburən qaynadıb istifadə edirik”

İçməli suya gündəlik daha çox tələbat rayonun Çaxırlı, Bığır, İnçə, Alpoud, Bəydövül, Qarağıdır, Veysəlli, Şəkər, Mırtı, Çərəcə, Kürd, Alıkənd kəndlərində yaşanır. Çünki adı çəkilən iri kəndlər daxil rayonun 18 kəndində artezian quyuları, bulaqlar, çəkilən su xətləri yoxdur. Digər 21 kəndində isə içməli su mənbəyi kimi artezian quyularından istifadə olunur. Ləkçıplaq, Qarayazı, Hacıalıkənd, Qarabaqqal, Kürdəmiş, Çayarxı, Cəyirli, Məlikkənd, Potu və Qızılağac kimi iri kəndlərdə qazılan artezian quyularından hamısının suyu yararlı və bol sulu deyil. Getdikcə bəziləri qurumaq təhlükəsi ilə üz-üzədir. Ancaq həmin kəndin sakinləri gündəlik içməli suya olan tələbatı həmin bulaqların vasitəsilə ödəyir.

Ləkçıplaq kənd sakini Dürdanə Əhmədova deyir ki, 4-5 yerdə bulaq var. Qonşu kəndlərin sakinləri o bulaqlardan yararlanır, ancaq onların hamısının suyu içməli deyil. Məcbur qalıb həftəlik su ehtiyatlarını yararlı bulaqdan götürürlər.

““Dəlləkli” adlanan küçədə bulaq var. Gedib o bulaqdan su gətiririk. Ancaq su da pas dadı verir. Əlacımız yoxdur, qaynadıb istifadə edirik. Həm də suya pul verməyək deyə o sudan istifadə edirik. Maşın tapanda həyat yoldaşım kəndin digər başındakı “Nənəli”, “Mələkli” bulaqlarından su gətirir. O bulaqlardan da istifadə edən çoxdur. Hətta evlərə də o bulaqdan çəkilib deyə suyu azalıb, çökmə ehtimalı var“, – Dürdanə Əhmədova deyir.

“Bulağın adı var, suyu yox”

Rayon icra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Göyçayın 22 kəndində əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması üçün Dövlət Proqramı çərçivəsində modul tipli sutəmizləyici qurğular yerləşdirilib. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Bu qurğular kənd sakinlərini ekoloji cəhətdən təmiz, içməli su ilə təmin edir.

Kənd sakinləri is deyir ki, həmin qurğuların suyu içmək üçün yararlı deyil. Çünki qobulardan çəkilən suyu filtrdən keçirsələr belə, içməyə yararlı olmur, qoxulu və xoş olmayan dadı var. Bəzi kəndlərdə isə qurğulardan çəkilən bulaqlar işləmir, aylarla su gəlmir.

Kənd sakini Rəna Əliyeva deyir ki, bir dəfə həmin sudan istifadə edib və peşman olub:

Kəndlərdəki arxlardan evlərə su çəkilir

“Bakteriyalar var. Həm də o suların filtr olunması belə sual doğurur. Çünki həmin suların mənbəyinə bəzən ölü heyvan, quş leşlərinin, məişət tullantılarının tökülməsi faktı olur ki, su şəffaflığını itirir. Bir dəfə su götürüb dəmlədim, peşman oldum. Heç kim içə bilmədi. Rəngi bulanıq və qoxuludur. Çaydanı pis günə qoydu. Mən şəxsən orada filtrdən keçən su görmədim. İydən suya yaxın durmaq olmur”.

Kənd sakini deyir ki, çox vaxt su gəlmir:

“İki dəfə qırılıb, biz düzəltmişik, ancaq yenə yararsız vəziyyətdədir. O qurğular hasarlanmalı, giriş qapısı qoyulmalıdır. Uşaqlar suyu açır, kranı sındırır, eləsi var yararsızdır, su gəlmir. Gələn sudan da ancaq heyvanlar üçün istifadə etmək olar“.

“Su anbarına xlor vururlar”

Alpoud, Bəydövül və Çaxırlı kənd sakinləri isə deyir ki, kənddə sutəmizləyici modul tipli qurğular qurulub, bu da kəndin müəyyən hissəsini su ilə təmin edir.

Alpoudun 2 mindən çox sakini olsa da, nəzarətsizlik sakinləri qurğunun suyuna həsrət qoyub. Bəydövüldə isə filtrlər işləmir və nəticədə quraşdırılan bulaqlar su üzünə həsrətdir. Arx suyunu isə xlorla içməli hala salan qurğular tez-tez sıradan çıxır.

“Alpouda 40-a yaxın qurğudan bulaq çəkiblər, əlavə olaraq da Küllülüdən gələn xətdən götürürük. Hansı kəndə yaxındır, oradan su götürüb. Bulaqları düzgün bölməyiblər. Eləsi var bir-birinə yaxın düşüb. Kənarda qalan əhali var. Su anbarına xlor vururlar, nəticədə içməli olmur”, – kənd sakinləri deyir.

Onların sözlərinə görə, əraziboyu yaşayan insanlar da suyun çirklənməsinə səbəb olur, arxlara müxtəlif əşyalar atılır. Nəticədə kənd sakinləri çox vaxt içməli suyu pulla almalı olur.

Bulaqlardan sonuncu dəfə nə vaxt su gəldiyini xatırlamırlar.

“Yanacaq xərci bahadır, Alpoud isə rayon mərkəzindən 30 km aralıda yerləşir. Buna görə suyun tonu 7-8 manata başa gəlir. Adətən 4 ton gətirirlər, 30 manata, bəzən lap baha çıxır. Bəydövül kəndinə bulaqlar çəkilib, ancaq hazırda su gəlmir, qurğular işləmir. O bulaqlar Kənd İnvestisiya layihəsi əsasında çəkildi, iş fərqli aparıldı. İndi həmin su filtredici qurğu dəyişilməlidir. O da bahalı işdir, kəndlilərin imkanı çərçivəsində deyil”, – sakinləridən biri vurğulayıb.

“Neçə il çalışdım ki, bu layihə alınsın, oradan içməli su xəttini çəkək, alınmadı”

700 ailə təsərrüfatı olan Çaxırlı kəndində də vəziyyət eynidir. Ağsu-Ucar-Göyçay-Zərdab xətti olan Küllülüdən 20, bir o qədər də modul tipli su təmizləyici qurğular quraşdırılsa da, təbii bulaq suyunun dadını vermir. Yenə də sakinlər Cəyirli kəndinin arterzian suları ilə keçinir. Kənd bələdiyyə sədri Soltanhəmid Məmmədov deyir ki, içməli su ilə bağlı təklifi olsa da, reallaşmayıb. Təklif arterzian quyularını mərkəzləşdirilmiş xətt vasitəsilə bölüşməkdir.

“Bizim kəndin ərazisində artezian suyu çıxmır, torpağımız şorandır. Bir neçə dəfə quyu qazılıb, ancaq su çıxmayıb. Cəhd göstərdik ki, Kənd İnvestisiya layihəsi əsasında qonşu Ləkçıplaq kəndindən xətt çəkək, orada artezian suları çıxır. Neçə il çalışdım ki, bu layihə alınsın, oradan içməli su xəttini çəkək, alınmadı. Bizim 1992-ci ildə çəkilmiş su xəttimiz var. Hələ də durur. O çuğun xətlərin 90 il ömrü var. İstədim ki, Ləkçıplaqdan kəndimizin girişinədək artezian suyunu həmin xətlə çəkib gətirək, sonra kəndə, ailələrə paylamaq mənim işim olacaqdı. Özüm həll edəcəkdim, ancaq dedilər ki, alınan deyil. Çünki o artezian quyuları da çox yüklənəndə suyu azalır, quruyur. Məlikkənd tətbiq etdi onu. Balaca kənddir. Ancaq biz edə bilmədik”.

“Uzaq kəndlərə su maşını 30 -40 manata gedir”

Rayon kəndlərində 3-4 tonluq sudaşıyan maşınları hər gün görmək mümkündür. Kəndləri daima içməli su ilə təmin edən İntiqam Kərimov deyir ki, 12 ildir bu işlə məşğuldur. Onun sözlərinə görə Mırtı, Bəydövül, Alpoud, Çaxırlı, Qaraxıdır kəndlərindən sifariş daha çoxdur. Rayonda onun kimi 30 sudaşıyan sürücü var. Bu isə tələbatın çoxluğunu göstərir. Çoxsaylı sifarişlər isə rayonun Cəyirli kəndindəki artezianadır. Əhali üçün ən içməli su o hesab olunur.

“Gündə 3-4 sifariş gəlir. Bəzən olmaya da bilər, amma yay mövsümündə hər gün belə sifariş olur. Çünki isti havada su həm çox tələb olunur, həm də hovuzlarda su qalıb iylənə bilər, dəyişilməlidir. Çaxırlı kimi iri kənddə hər ailə demək olar, ayda iki dəfə su sifarişi verir. Çünki arxlarda, kanallarda su yoxdur, bəzən bu içməli suyu həm də məişətdə, heyvandarlıqda istifadə edirlər. O kənddə su əsas problemdir”, – İntiqam Kərimov deyib.

Qiymətlərə gəlincə, sudaşıyanın sözlərinə görə, hər kəndin fərqli qiymətləri olur:

“Uzaq kəndlərə su maşını 30-40 manata gedir. Bəzən 28 manata da gedirik. Məsələn, İnçə kimi ucqar kəndə su daşımaq bizə sərf etmir. Çünki yol xərci var. Nisbətən yaxın kəndlərə isə 18-25 manata daşıyırıq. Əslində bu pulun hamısı bizə qalmır, günlük yol xərci, bulaqdan su daşımaq pulu çıxılır və qalan məbləğ günlük qazanc kimi qiymətləndirilir”.

“Göyçayda təbii bulaqlar sovet dövründən qazılıb”

Göyçay Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin sədri İlham Kərimov Meydan TV-yə açıqlamasında bildirib ki, rayonun 22 kəndində və mərkəzində içməli su təminatının yaxşılaşdırılması ilə bağlı sutəmizləyici qurğular quraşdırılsa da, son iki ildə bu qurğular Ekologiya Təbii Sərvətlər Nazirliyindən alınıb “Azərsu” ASC-yə verilib. 21 kənddə isə təbii bulaqlar və Küllülüdən çəkilən bulaqlar var. Qurum qurğularla bağlı müxtəlif kəndlərdən şikayətlər alır. Ya qurğular işləmir, ya qurğu düzgün yerdə quraşıdırılmayıb, ya da qurğuların götürdüyü arxın suyu tullantıllarla çirkləndirilir. Artezian quyuları isə sovet dövründən qalmadır deyə, yenilərinin qazılmasına ehtiyac var:

“Bu saat Göyçayın Bığır kəndində narazılıq var. O kənddə quraşdırılan qurğu qəbiristanlığa yaxındır. Kəndin yol ətrafında ödənişsiz bulaqlar da var. Qurğular da var, ancaq indi əhali bu qurğunun yerini dəyişmək istəyir. Qəbiristanlıqdan su vurmaq düzgün deyil, kəndin yarısı bu qurğunun suyundan yararlanır. Əhali kəndlərdən məsələ qaldırır, biz də “Azərsu”ya müraciət edirik”.

İlham Kərimovun sözlərinə görə, “Azərsu” xətti ilə su çatmayan kompakt yaşanan ərazilərə yenidən bulaq qoyulması faktları da var:

“Ancaq yenə kəndlərdə hamı əlavə bulaq, su istəyir. Göyçayda insanlar arxların suyunu çirkləndirir. Əllərinə gələn tullantıları axar sulara tökürlər. Oradan modul tipli qurğulara su vurulur, filtr olsa da işə yaramır. Göyçayda təbii bulaqlar sovet dövründə qazılıb. Ondan sonra quyular vurulmayıb. Kəndlilər yeni artezian quyuları istəyir. Bu işə isə “Azərsu” baxmır, Meliorasiya və Su Təsərrüfatı ASC-nin işidir. Biz artezian qaza bilmirik, sadəcə xidmət edirik”.

Cəmiyyət sədri onu da əlavə edib ki, ən çox içməli su çatışmazlığı ilə bağlı müraciət Cərəcə, Alpoud, Kürd kəndləri daxil 12 kənddən gəlir. Onun sözlərinə görə, artezian quyuları olan kənd sakinləri isə sudan sui- istifadə edir. Təbii bulaqlardan evlərə əlavə xətt çəkilir və içməli sudan məişətdə də istifadə olunur. Bu isə digər işməli suya həsrət qalan kənd sakinlərinə haqsızlıqdır. Deyir ki, dəfələrlə cərimə, sayğac tətbiq etməyə yönəlik təkliflər səsləndirsə də, hüquqi əsas olmadığından baş tutmayıb:

“Cərəcə kəndində ancaq köhnə, sovetdənqalma arterzianlar var. Kürd kəndində 120-130 təsərrüfatlıq su çəkilməsi üçün “Azərsu”ya təklif vermişəm. Alpout kəndində su problemi var. Modul tipli qurğular nəzarətsiz, pərakəndə şəklində quraşdırılıb. Bulağı kompakt yaşanan yerdə deyil, əhalinin yaşamayan hissəsində qurublar. Belə pərakəndə işi çox görüblər. Zamanında rayon səviyyəsində rəhbərlik tərəfindən nəzarət olmayıb. Qonşu Bəydövül kəndində modulun anbarından su fitrlənib qurğulara vurulur, o dəyişilməlidir. Bu da bahadır. Camaat isə gözləyir”.

İlham Kərimovun təklifi var. Deyir ki, arterzian quyuları olan kəndlərdən digərlərinə şəbəkə çəkilsin və içməli suya nəzarət üçün sayğac quraşdırılsın:

“Dəfələrlə özüm görmüşəm, insanlar bulaqdan evlərinə xətt çəkir, müxtəlif şlanqları qoşur, su axır və israfçılıq olur. Bir bulağa 8 şlanq salırlar, hərə öz həyətinə çəkir. Elə şlanq var uzunluğu 5 km-dir. Mənim istəyim budur ki, ya sudan qeyri-qanuni, israfçılıq edənlər cərimə edilsin, ya da sayğac qoyaq. Kim nə qədər istifadə edirsə, ödəniş etsin”.

Geri qayıt