Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əhməd Əhmədovu həbsxanaya aparan «turşulu aş ziyafəti»
Əhməd Əhmədovu həbsxanaya aparan «turşulu aş ziyafəti»24-10-2022, 11:34 |
Naxçıvan MR sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun həbsinin səbəbləri ilə bağlı maraqlı məlumat əldə etmişik. DİA.AZ bildirir ki, Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Əhməd Əhmədov iki səbəbə görə həbs olunub. Səbəblərdən biri sabiq nazirin «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov və «vəliəhd xanzadə» Rza Talıbovla sərt mübahisəsidir. İddialara inansaq, mübahisələr o qədər ağır olub ki, Əhməd Əhmədov onları təhqir edib. Sonu sabiq nazirin həbsi ilə birən mübahisənin əsas səbəbi mülkiyyət davası imiş. Bildirilir ki, Əhməd Əhmədov işdən azad olunub Bakıya gəldikdən bir neçə il sonra Vüqar Abbasov onunla görüşür. Onunla hansısa məsələdə sövdələşmələr aparır. Açığı, sövdələşmənin nə üzərində getdiyi barədə hər hansı fikir bildirilməsə də, görüşün sabiq nazir Fazil Ələkbərovun uzunmüddətli gedər-gəlməz məzuniyyətə göndərildiyi zaman baş tutduğu qeyd olunur. Xatırlayırsınızsa, o zaman biz Fazil Ələkbərovun gedər-gəlməz məzuniyyətə göndərildiyi barədə məlumat verərək bildirmişdik ki, Naxçıvan MR rəhbərliyi onun yerinə "yağlı alternativ" axtarır. Bir növ, Naxçıvanın Daxili İşlər naziri postu hərraca çıxarılır. Mümkündür ki, Əhməd Əhmədovla sövdələşmə də məhz bu hərrac üzərində olub. Məlumata inansaq, Vüqar Abbasov sabiq nazirlə Rza Talıbovun istəyi ilə görüşüb. Görüşdə qərara alınıb ki, Əhməd Əhmədov ondan tələb olunan icazə haqqını vermək üçün Bakıdakı mülklərindən «Cahan» Holdinqin xeyrinə imtina edəcək, əlavə «vəliəhd xanzadə»yə 7 milyon dollar verəcək. Görünür, Əhməd Əhmədovun Vüqar Abbasovun adına keçirdiyi mülkiyyət 3 milyon dollar dəyərində olub. «Cahan» Holdinqin ixtiyarına verilən mülklərin siyahısını bu yaxınlarda yayımlayacağıq. İndi isə sadəcə onu deməklə kifayətlənirik ki, dövr edilən mülklər arasında «Asan Xidmət»in Bakıxanov filialının binası da var. Bundan əlavə, Əhməd Əhmədovun Türkiyədəki 2 evi də qarşı tərəfin adına keçiriləcəkmiş. Sövdələşmə baş tutub və Əhməd Əhmədov üzərinə düşən öhdəlikləri yerinə yetirib. Amma ona verilən söz tutulmayıb. Bu da Əhməd Əhmədovun qəzəbinə yol açıb və o, Vüqar Abbasova zəng edərək, əlindən alınan mülklərinin geri qaytarılmasını tələb edib. Rədd cavabı alınca da, təbii ki, gözünü yumub, ağzını açıb. Məşhur zərbi-məsəldə deyidiyi kimi, «nə yemisən, turşulu aş». Qəzəbi bununla da soyumayan Əhməd Əhmədov Rza Talıbova da zəng vurub. Eyni qaydada onu da «turşulu aş»a qonaq edib. Əhməd Əhmədovun həbsinin əsas motivinin bu mübahisədən qaynaqlandığı iddia olunur. Məhz sözügedən «turşulu aş» ziyafətindən sonra Əhməd Əhmədov aldadılaraq Naxçıvana çağırılıb. Görünür, ya mülkiyyətini geri alacağına, ya da vəzifəyə gətiriləcəyinə inandırılaraq Naxçıvana gətirilən Əhməd Əhmədov elə aeroportdaca qoluna qandal vurularaq Böyükdüz «əsirxana»sına göndərilir. Əhməd Əhmədovun həbsini şərtləndirən digər bir amil əslində ona etibar edilməməsinin də başlıca səbəbi kimi xarakterizə edilə bilər. İddiaya görə, Əhməd Əhmədov Naxçıvandan «yağlı təklif» alarkən, Bakıda ən yüksək dairələrlə görüşmək istəyirmiş. Məqsədi, təbii ki, Bakıdan da xeyir-dua almaq olub. Əhməd Əhmədovun bu təşəbbüsü «xan» həzrətlərini əməlli-başlı qəzəbləndirib. Bakıdan xeyir-dua almaq istəyən istənilən məmura casus kimi baxan «xan» həzrətləri əyan-əşrəfinə göstəriş verib ki, nəyin bahasına olursa-olsun, onun başının üstündən iş görməyə çalışan Əhməd Əhmədovu aldadıb Naxçıvana gətirsinlər və qoluna qandal vurub ağlı başına gələnədək «əsirxana»ya salsınlar. «Xan» əmrinin yerinə yetirilməsi üçün Naxçıvandakı bütün strukturlar hərəkətə keçib və Əhmədovu «bişirib» «kiçik torpağa» getməyə razı salıblar. Prinsipcə, onu aldatmaq da çətin olmayıb. Çünki Muxtar Respublikada vəzifəyə gətiriləcəyini və ya əlindən çıxan mülkiyyətini "dirildəcəyini" düşünən Əhmədov istər-istəməz Naxçıvana getməyə məhkum idi. Yeri gəlmişkən, Əhməd Əhmədov işdən çıxarıldıqdan 4 il sonra həbs olunub. Onun barəsində rüşvət aldığına və korrupsiyaya bulaşdığına görə cinayət işi açılıb. Mənbəmizin üzərində dayandığı əsas məqam da bununla bağlıdır. Onun fikrincə, Əhməd Əhmədov həqiqətən də barəsində irəli sürülən iddialara görə, həbs olunsaydı, Naxçıvan hüquq mühafizə orqanları niyə 4 il gözləyirdi? Axı onu işdən çıxarıldıqdan dərhal sonra həbs etmək daha məntiqli və məqsədəuyğun olardı. P.S. Digər iddialara görə, Əhməd Əhmədov əslində paytaxtda özünə münasib bir iş tapıb. Amma Azərbaycanın yazılmamış qanunlarına əsasən, Naxçıvanda işdən çıxarılan hər hansı məmur Bakıda işə düzəlmək üçün mütləq «xan» həzrətlərindən izn almalıdır. Naxçıvanın Çar Rusiyasından qalan bu «təhkimçilik hüququ» istər-istəməz Əhməd Əhmədovu «xan» qapısına minnətçi düşməyə vadar edib. Muxtar Respublikanın dərəbəyləri ilə aparılan danışıqlar nəticəsində «xan» icazəsi 10 milyon dollar dəyərində qiymətləndirilib. Geri qayıt |