Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Məhkəmə “sənə pensiya düşür” qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi”

“Məhkəmə “sənə pensiya düşür” qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi”


25-10-2022, 12:45
“Məhkəmə “sənə pensiya düşür” qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi”
Birinci Qarabağ Müharibəsi iştirakçısı, Ağdam rayonunun Gülablı kənd sakini Rasim Novruzov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, 68 yaşı tamam olsa da, indiyədək pensiya ala bilmədiyindən şikayət edir:

“Mən 1988-ci ilin axırlarında, könüllülər dəstəsi yaradaraq, Qarabağ müharibəsində iştirak etmişəm. Həmin vaxt mənim təşəbbüsümlə kəndin cavanlarından ibarət könüllü dəstə yığıldı və məni də özlərinə komandir seçdilər. Hər dağda bir dəstə var idi. Biz də dağların birində yerləşmişdik. İlk əvvəl düşmənin qarşısına küt alətlərlə, yaba ilə çıxırdıq. Çünki silah tapa bilmirdik.

Müharibənin çətin vaxtlarl idi. Ağdamda “Fred Asif” adlı döyüşçü var idi, Allah rəhmət eləsin, onu tanımayan yox idi. Getdim ona müraciət etdim, komandiri olduğum dəstəyə silah verdi. Əlimizdən gələni edirdik, döyüşürdük. Erməni bizim kəndə girə bilmirdi.

1991-ci ildə Ağdamın polis rəisi məni yanına çağırıb dedi ki, Rasim, mənə bələdçi lazımdır. Qarabağın xəritəsini stolun üstünə qoydu və soruşdu ki, hansı tərəfdən getsək, az itki verərik? Bizim Abdal Gülablı kəndi 6-7 erməni kəndinin ortasında yerləşirdi. Orda mənə 4 silah daha verdilər. Bir polis əməkdaşını da qoşdular ki, bu silahları aparıb əsgərlərə verək.

Polis rəisinin pəncərədən gözü maşına sataşdı. Soruşdu ki, o maşın sənindir? Dedim, bəli. Vərəq göstərdi, orada ermənilərin məni axtarışa verdikləri yazılmışdı. Ermənilər iddia edirdilər ki, guya, Ağdama silah daşıyıram. Dedi, Ağdamdan qırağa çıxma, səhv başa düşülərsən, həbs oluna bilərsən.

1991-ci ildə dağın yanına top mərmisi düşdü və mən ağır yaralandım. Gözümü hospitalda açdım, kəllə-beyin travması almışdım, bir də dizimdə ağır yaralar var idi. Həkim dedi ki, sənə döyüşmək olmaz. Əlbəttə, razılaşmadım, bir az ayağa qalxan kimi döyüş bölgəsinə yollandım. Tez bir zamanda yenidən məni ağır formada həmin həkimin yanına gətirdilər. Həkim tibbi müdaxilədən sonra dedi ki, bir də mənim yanıma gəlmə, bir gün düşdüyün vəziyyətdən ayılmayacaqsan, sənə hərəkət olmaz. Odur ki, məni bu vəziyyətdə döyüşməyə qoymadılar. Qayıdıb evimə gəldim, müalicələr davam edirdim və bu günə kimi də davam edir. Bütün güclü nevropatoloqların yanında olmuşam, heç nəyin xeyri yoxdur. Oğlum Misirə göndərdi, bir az ordakı həkimin müalicəsinin xeyrini görmüşəm.

Mənim problemim odur ki, 4 aydır 68 yaşıma keçmişəm, amma dövlətin qoyduğu pensiyanı ala bilmirəm. Məhkəmələrə müraciət etmişəm. Qarabağ döyüşçüsü kimi sənəd vermirlər, əlilliyimi təsdiq etmirlər. Hər kəsə bəllidir ki, Ağdam korpusunun arxiv şöbəsində minlərlə insanın sənədi yanıb kül oldu. Bunun günahkarı biz deyilik, axı. Şahid istədilər, 3 şahid apardım. Məhkəmə “sənə pensiya düşür” qərarını verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Apellyasiya Məhkəməsinə müraciət edib və qərar ləğv edilib. 4-5 ay sonra İnzibatı Məhkəmədən məktub gəldi ki, sizə pensiya düşmür. 21 il stajım var, amma pensiya stajı olmayan vətəndaş kimi aylıq pensiya alıram”.

“Hürriyyət” vasitəsilə müvafiq qurumlara müraciət edən Rasim Novruzov haqqı olan pensiyanı almaq istədiyini bildirir: “Cənab Prezidentə, lazımi orqanlara bir daha müraciət edirəm. Mən haqqım olan pensiyamı istəyirəm. Haqqım olmayanı istəmirəm. Dövlətimdən pensiya tələb edirəm. Ali Məhkəməyə də müraciət etmişəm, hələlik heç bir xəbər yoxdur. Mənə ya staja görə əmək pensiyası kəsilsin, ya da əlillik pensiyası verilsin. Mən bu torpaqlarda can qoymuşam. Lazım olsa, bu halımla müharibəyə çağırsalar yenə gedərəm. Pensiya verilmir, kəsilir deyə torpağımdan keçəsi deyiləm. Sizin vasitənizlə rəsmi qurumlara müraciət edirəm ki, mənə düzgün pensiya kəsilsin”.

P.S. Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. Ümumilikdə isə, görünən odur ki, növbəti haqsızlığa imza atılıb. Axı, Ağdam korpusunun arxiv şöbəsi təxribat nəticəsində od vurulub yandırılıbsa, bunun cəzasını niyə günahsız vətəndaşlar çəkməlidir?!

Geri qayıt