Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fövqəladə Hallar Nazirliyi tenderi də fövqəladə şəkildə keçirir

Fövqəladə Hallar Nazirliyi tenderi də fövqəladə şəkildə keçirir


26-10-2022, 11:05
Fövqəladə Hallar Nazirliyi tenderi də fövqəladə şəkildə keçirir
2019-cu ilin fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən satınalmalar yolu ilə nə qədər dövlət vəsaitinin ayrıldığı bəlli deyil. İlkin açıqlamalarda episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evinin qəzalı vəziyyətə düşdüyü, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəydiyi bildirilirdi. Lakin sonradan bu siyahıya minlərlə bərpaya ehtiyac evlər də daxil edildi və Fövqəladə Hallar Nazirliyi hələ də sözügedən rayonlarda təmir bərpa işlərini davam etdirilməsi məqsədi ilə tenderlər keçirir. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar yayılıb.

Amma bizim məqsədimiz Fövqəladə Hallar Nazirliyinin başqa bir idarəsi tərəfindən fövqəladə bir hal kimi, təcili şəkildə keçirilmiş bir tenderdə yol verilən qanun pozuntularını ictimaiyyətə çatdırmaqdır. Oktyabr ayının 25-də Azərbaycan Respublikas Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi iki açıq tenderin yekunlaşdırıldığına dair məlumatlar açıqlayıb.

Onlardan biri bakterioloji preparatlar və müayinələrin aparılması üçün materialların alınması üzrə keçirilib ki, bu məqsədlə 85 282.21 manat məbləğində satınalma müqaviləsi “REEZ GROUP ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

“REEZ GROUP ” MMC Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 29.03.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, 21-Cİ MK/RN, ev 0, m. 29-dur. Qanuni təmsilçisi isə Bəyov Ramil Əmirbəy oğludur. Bu MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Yalnız adı 29.04.2020-ci il tarixә olan mәlumaa görə koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında var.

Maddi-Texniki Təchizat İdarəsi tərəfindən tədbirlərlə əlaqədar abadlıq işləri üzrə 196 980 manat məbləğində satınalma müqaviləsi isə “SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.09.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, KOROĞLU (SARAY QƏS.), ev 76, qanuni təmsilçisi kimi isə Nurani Namiq Firudin oğlu qeyd olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin tədbirlərlə əlaqədar abadlıq işləri üzrə keçirdiyi açıq tender müsabiqəsinin başlanma tarixi 15.09.2022- ci ilə müəyyən edilib. “SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 28.09.2022-ci il tarixdə, yəni müsabiqənin başlanıldığından 13 gün sonra dövlət qeydiyyatına alınib.

Axı Açıq Tenderin şərtlər toplusunda Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin özü tenderdə iştirak etmək üçün iddiaçılardan bu kimi sənədlər tələb edir:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

Aydın məsələdir ki, hər hansı bir MMC dövlət qeydiyyatına alındıqdan dərhal sonra bunları əldə edə bilir.

2. Iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış

İddiaçı tender müsabiqəsinə başlanıldıqdan sonra yaradılıbsa?

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı

İddiaçı tender müsabiqəsinə başlanıldıqdan sonra yaradılıbsa vergi orqanı nə kimi maliyyə hesabatı verə bilər?

4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması.

Tender müsabiqəsinin bağlanılmasından 13 gün sonra yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?

Burada xüsusilə vurğulamaq istərdik ki, Maddi-Texniki Təchizat İdarəsinin Tender Komissiyası Açıq Tenderin şərtlər toplusunda nə kimi tədbirlərin keçiriləcəyini və hansı ünvanın abadlaşdırılacağını açıqlamayıb. Bundan əlavə satınalma şərtlərinə heç bir uyğunluğu olmayan MMC-yə 196 980 manat dövlət vəsaitini necə həvale etmək olar? Hələ bəzi bir çox şübhəli məsələlər də varsa.

Qeyd edək ki,”SELF FOOD COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nurani Namiq Firudin oğlu həm də “ELEMENT” MMC-nin qanuni təmsilçisidir. MMC 03.07. 2019-cu ildə, yəni bir gündə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən idarənin digər xərclərinin satınalması üzrə elan etdiyi beş tenderin qalibi olub və ümumi dəyəri 244 000 manat olan dövlət sifarişi alıb. Sözügedən MMC də sifarişləri dövlət qeydiyyatına alındıqdan cəmi 8 ay sonra alıb. Belə ki, MMC 26.11.2018-ci ildə Laçın rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Laçın rayonu, Taxta Körpü (məcburi köçkünlərin məskunlaşdığı yer – red.) qəsəbəsi göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC daha sonra heç bir satınalmalarda iştirak etməyib. Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda Namiq Nurani Firudin oğlunun 2012-ci ildə Yevlax rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışdığı görsənir. Lakin sonradan sözügedən vəzifə Yevlax rayon İcra Hakimiyyəti tərəfindən vakansiyaya çıxarılıb.Onun icra Hakimiyyətində tutduğu vəzifədən kənarlaşdırılması özü bir çox suallar ortaya çıxarır. Hansı səbəbdən İcra Hakimiyyətindən xaric edilib? Yevlax rayon İcra Hakimiyyətindən redaksiyamıza onun hansı səbəbdən çıxarıldığ barədə məlumatları olmadıqlarını və hazırda işsiz olduğunu bildirdilər.

Aktualinfo.org

Geri qayıt