Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Müraciətlərimizi NƏZƏR ALMIRLAR..."
"Müraciətlərimizi NƏZƏR ALMIRLAR..."26-10-2022, 12:59 |
Ölkədə korrupsiya və yarıtmazlıqdan söhbət düşəndə ilk ağıla gələn adlar Sahil Babayev və Zaur Mikayılovdur. Bu o demək deyil ki, digər rəhbər məmurlar vəzifəsini layiqincə yerinə yetirir, yox. Sadəcə, ən vacib sahələr olduğu üçün, ən çox narazılıq da bu qurumlardandır. Elə oliqarx məmurlardan danışanda da ilk ağıla gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-dir. Hansı ki, hər iki qurumda səlahiyyət sahibi olanların hamısı sözün əsl mənasında oliqarx həyatı yaşayırlar. Məsələn, bir neçə ay əvvəl "Melorasiya və Su təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun milyonlar dəyərində əmlakları, obyektləri, oğluna məxsus bahalı avtomobil kolleksiyası və sair barəsində sosial medialarda məlumatlar yayımlanmışdı. Bundan əlavə yerli mediadan əldə etdiyimiz məlumata görə Melorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Rafiq Aslanovun bacısı oğludur və İlqar Əliyev həm vətəndaşlara qarşı saymazlığı, həm də tabeliyində olan işçilərə qarşı kobud davranışları və onları öz evində, həyətində qul kimi işlətməsi, həmçinin korrupsioner əməlləri ilə "şöhrət" qazanıb. Dayısına arxalanan bacıoğlu, Papanın avtomobil kolleksiyası toplayan "gül balası", "Tender karvanı" nın qarşısını kəsib "xələt" toplayan səlahiyyət sahibləri, ayrılan pulları yeyib, artezyan quyularını yerli sakinlərin hesabına salıb, öz adı ilə təhvil verən yerli Su sistemləri idarələrinin rəisləri və sair hamısı cəm olub Zaur Mikayılovun rəhbərlik etdiyi "Melorasiya və Su təsərrüfatı" ASC-də. Yeri gəlmişkən, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Şəmkir rayon Düz qışlaq kənd sakini Şükür İsmayılov kənddəki artezyanlardan birinin işləməməsi, Suvarma sistemləri idarəsinin isə bu problemə məsuliyyətsiz yanaşmasından gileylənmişdi. Ertəsi günü Şəmkir rayonunun "Yeniyol" kənd sakini Polad Vəliyev redaksiyamıza zəng etdi və canlı yayıma qoşulmaq istədiyini bildirdi. Polad Vəliyev, efirə qoşularkən "Şükür hələ nə dedi ki ?! Mən Melorasiyanın işçisiyəm, burda nələr baş verir mənim gözümün önündədir", dedi. "Mən 4 ildir, Su Melorasiyada elektrik -mantyor olaraq çalışıram. 2021-ci ildə prezidentin sərəncamı ilə Şəmkir rayonunda 10 su artezyan quyularının saxlanması üçün dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrıldı. Lakin, onlarda cəmi bir dənəsi Yeni həyat kəndində vuruldu ki, eşitdiyimə görə onu da Sahibə Qafarovanın qohumu etdirib. Hazırda da təkcə o işləyir, digər 9-u isə hələ də işləmir. Yeniyol kəndinin də artezyan quyusu bu ilin may ayında vurulub, hələ də işə salınmayıb. Onu da salan Norveç şirkətidir. Orada çalışan Kamran və Xəqani adlı şəxslər bildirir ki, "2021-ci ildə Norveç şirkəti "Azərişıq" ASC ilə 2400 (iki min dörd yüz) AZN -lik müqavilə imzalayıb. Lakin, indi "Azərişıq" ASC həmin məbləği 5.000 (beş min)ə qaldırdığı üçün texniki şərti ala bilmirik ki, on minliyə qoşulaq". Ümumiyyətlə, mənim ağlım kəsəndən bugünə qədər Şəmkir rayonunda su üstündə qardaş qırğını gedir. Hamı bir-biri ilə düşmən olub. İllərdir ki, lap Əhməd Əhmədzadənin vaxtından bugünə qədər aidiyyatı üzrə Melorasiya və Su təsərrüfatı ASC-nin rəhbərliyinə məktublar yazıram. Bir ev dolusu məktub yazmışam, hələ də məsələ həll olunmamış qalır. Orada adını dəqiq xatırlamıram, Vidadi müəllimdir, yoxsa Çingiz müəllim mənə Bakı ləhçəsi ilə deyir, "Olacey dəə, nöş telesirsüz". Ümumiyyətlə, artıq, hara müraciət edəcəyimizi bilmirik. Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar. Biz daha nə qədər bir-birimizi didməliyik su üstündə? Artıq, özümüz özümüzə bu "müharibələr"imizə görə "Milli ordu-252" ləqəbini vermişik. Bu nə qədər belə davam edəcək?". İş orasındadır, Şəmkir "Melorasiya və Su təsərrüfatı" ASC-nin fəaliyyətindən narazılıq edən yeganə rayon deyil. "Həftə səkkiz, mən doqquz" sosial medialarda Zaur Mikayılovun "şəninə" nələr yazılır, nələr... Amma, görünən o ki, bu yazılanların, deyilənlərin heç biri Şəmkir sakini Polad Vəliyevin də dediyi kimi Zaur Mikayılov vecinə deyil. Yoxsa, bu qədər dərin səbr kasası kimdə var? Mövzuya qayıdacağıq. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |