Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rafael Məmmədov NƏ İŞLƏR ÇEVİRİR...
Rafael Məmmədov NƏ İŞLƏR ÇEVİRİR...27-10-2022, 11:06 |
Allah rəhmət eləsin, böyük şair Mirzə Ələkbər Sabir bu sözləri, yalnız öz mənafeyini düşünən, tutduğu vəzifədən yalnız özünə və ailəsinə sərvət toplamaq üçün sui-istifadə edən dövlət məmurlarının dilindən yazıb. Məsələn, elə heç tərəddüd etmədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının keçmiş, Gəncəbasar regional filialının isə hazırkı direktoru Rafael Məmmədovun da bu tip məmurlar sırasında olduğunu deyə bilərik. Ötən yayımlarımızda, Rafael Məmmədovun Mil-Muğan regional DSMF-na rəhbərlik etdiyi dövrdə 10-larla işçinin işdən haqsız çıxarıldığı, hazırda bir neçə nəfərin işsiz qalması, ümumiyyətlə sözügedən qurumda işçilərlə əmək müqaviləsinin 3 aylıq bağlanıldığı və sair barəsində məlumat vermişdik. Hətta, bununla bağlı Rafael Məmmədovun özünün mövqeyini də almaq istədik, lakin, o "Siz DSMF ilə ilə əlaqə saxlayın, onlardan mövqe alın" dedi. Hərçənd ki, DSMF-nun mətbuat xidməti hələ də bu barədə bizə bir mövqe bildirməyib. Amma, buna baxmayaraq, sosial mediada yayımlanan daha bir neçə şikayətçiləri gördükdə anladıq ki, Rafael Məmmədov eyni "iş prinsipləri"ni yeni iş yerində də tətbiq edərək, orada da artıq, bir neçə nəfəri işsiz qoyub. Yeri gəlmişkən, etibarlı mənbədən aldığımız məlumata görə, "ayrılmaz dost"u Bəhruz Quliyevi də yanına - DSMF-nun Gəncəbasar regional filialına şöbə müdiri vəzifəsinə aparmağa hazırlaşır. Bəhruz Quliyev kimdir? Bəhruz Quliyev DSMF-nun Mil-Muğan regional filialında "qəbul şöbəsinin müdiri" (elə bir rəsmi ştat yoxdur), rəsmiyyətdə isə müavinət şöbəsinin işçisi olaraq çalışır. Lakin, etibarlı mənbə "DogruXeber.az"a bildirir ki, "Bəhruz Quliyev istər rəsmi, istərsə də qeyri-rəsmi daşıdığı vəzifəni icra etmək yerinə, vaxtını daha çox şəxsi fermasına, öz biznes və təsərrüfatına ayırıro. Gah ümumiyyətlə işə gəlmir, gah da gəlib görünüb, gedir. Müdiriyyət isə hər dəfə onun yerinə, soruşanlara cavab verir ki, "uşağı xəstədir, ona görə Bəhruz yoxdur"." Bəhruz Quliyev, "kürəyini dayadığı divar" isə mənbənin sözlərinə görə DSMF-da idarə heyətinin sədri Himalay Məmişov və onun keçmiş köməkçisi, DSMF-da hazırda Qəbul şöbəsinin müdiri, eyni zamanda Bəhruz Quliyevin keçmiş kolleqası Maqsud Həsənovdur. Deyirlər, "Vaxt olub ki, Bəhruz Quliyev Maqsud Həsənovun hesabına sosial sığorta kartlarının dublikatlarını "sifarişçilərdən aldığı müəyyən məbləğ qarşılığında" bircə günə gətizdirirmiş. Təsəvvür edin ! Qanuni prosedur qaydası belədir ki, vətəndaş ərizə ilə müraciət edir, bir neçə nəfərin ərizəsi toplanır, sonra göndərilir mərkəzə, həmin rayonun növbəsi çatanda oranın sifarişi təmin edilir. Yəni, kartlar hazırlanıb, göndərilir. Amma, siz Bəhruz Quliyev və Maqsud Həsənov arasındakı "bağların gücü" nə baxın ki, onlar əl birliyi ilə bir neçə günə, bəzən aya düzələcək işi, bircə günə edəcək qədər sürətləndirə biliblər. Bundan əlavə, bütün bu məlumatları "DogruXeber.az"a danışan mənbə deyir: "Bəhruz Quliyev əvvəllər Beyləqan DSMF-nun Fərdi Uçot Sektorunun müdiri, sonra isə pensiya şöbəsinin müdiri işləyib. İşlədiyi dönəmdə yetərincə özünə sərvətlər, mülklər, bahalı avtomobillər əldə edib. Hal-hazırda isə Mil-Muğan filialında müavinət şöbəsinin işçisi olsa da, qeyri-rəsmi qəbul şöbəsinin (halbuki, elə stat yoxdur) müdiri işləyir. Hər zaman vətəndaşlara qarşı kobud davranışları ilə tanınan Bəhruz Quliyevi əvvəllər "kolleqa"sı (DSMF-da Fərdi uçotun işçisi), hal-hazırda "Qəbul şöbəsi"nin müdiri olan Maksud Həsənovun himayə etdiyi hazırkı, qeyri-rəsmi idarə etdiyi işindən də aşkarca görünür. Bu ilin fevral ayında Nazirlik tərəfindən DSMF-da yoxlamalar aparılıb və Bəhruz Quliyevin dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu aşkar edilib. Lakin, nə hikmətsə, bu dəfə də Bəhruz Quliyevə "gözün üstə, qaşın var" deyən olmadı. Əvəzində isə bütün nöqsanları Ülfət Vəliyev adlı şöbə müdirinin üzərinə atıb, onu işdən çıxardılar. 2021 oktyabr ayında fondun daxili yoxlaması zamanı sosial yardım şöbəsində də ciddi nöqsanlar aşkar edilmiş, Mil-Muğan regional filialında səhv təyin edilən sosial yardımlar dayandırılmışdır. Burada da nöqsanlar Knyaz Şərifov adlı çalışanın üzərinə atılıb, ərizəsi alınıb, işdən çıxarılmışdır. Halbuki, sözügedən şöbənin müdiri Fəxrəddin Gülüşov idi və əsas məsuliyyəti müdir daşıyır. Lakin, burada da "Xızır kimi yetişən müəmmalı bir qüvvə" Fəxrəddin Gülüşovun "dadına yetişib", onu aparıb qoydu Sabirabad rayonunda DSMF-da qəbul şöbəsinin müdiri. Maraqlıdır, son vaxtlar fondun Daxili Nəzarət Şöbəsinin heç bir nöqsana göz yummayan müdiri Aqşin Əlizadə bütün bu nöqsanlara nədən laqeyd qaldı? Heç Rafael Məmmədovun "Azərişıq"da birbaşa bilmədiyi sahəyə direktor gəlməsi də əlbətdə ki, təsadüfi deyil. Əgər qanun hamı üçün qanundursa, niyə ikinci qrup əlilliyi yoxlanılmadan işə götürüldü, müddəti bitdikdən sonra isə təkrar komissiyadan keçib, əlillik dərəcəsini bərpa etmədi? Hazırda Rafael Məmmədov Gəncəbasar filialında olsa da DSMF-nun Mil-Muğan regional filialını hələ də o idarə edir. Bundan əlavə, Beyləqanın sosial yardım şöbəsinin Samir adlı işçisinin, Rafael Məmmədovun keçmiş iş yoldaşının oğlu olmağı, həmçinin Mil-Muğan regional filialında müavinət şöbəsinin müdiri Tural adlı şəxsin Rafael Məmmədovun keçmiş iş yoldaşının olmağı da təsadüfi deyil." Mənbə əlavə edir ki, "Bu ilin fevral ayında DSMF-nun Mil-Muğan regional filialında Nazirliyin özü daxili yoxlamalar aparıb və xeyli nöqsanlar, artıq ödəmələr aşkarlanıb. Maraqlıdır ki, bu yoxlamalardan sonra nöqsanlar aşkar edilən şöbənin çalışanları cəzalandırılır - işdən azad edilir. Lakin, nə hikmətsə nöqsanlar aşkarlanan şöbənin müdiri əksinə, Sabirabad filialına şöbə müdiri vəzifəsinə transfer edilməklə ödülləndirilir. Qısa müddət sonra isə - Rafael Məmmədov Gəncəbasar filialına təyinat alan kimi həmin Sabirabad filialına transfer edilən şöbə müdiri Fəxrəddin Gülüşov Mil-Muğan regionala direktor gəlir. Özü də vəzifəyə gəlmədən bir neçə gün əvvəl şəxsi avtomobilini satıb. Təsadüfə baxın ki, eynilə Rafael Məmmədov da Azərişıqdan çıxıb, DSMF-na gələndə şəxsi avtomobilini satıbmış. Hə, unutmadan onu da bildirək ki, mənbənin sözlərinə görə Rafael Məmmədov sözügedən quruma direktor vəzifəsinə gələrkən ikinci qrup əlil olaraq, pensiya alırmış. Müəyyən müddət sonra, yəni müddəti bitdikdən sonra, daha əlilliyi bərpa edilməyib. Halbuki, işdən çıxardığı işçilər arasında bəziləri var ki, onlara səbəb olaraq, ailə üzvlərinin pensiya aldığını göstərib və könüllü işdən çıxma ərizəsini yazmağa məcbur edib. Gördüyünüz kimi sözügedən qurumda "təsadüf"lər saydıqca bitmir. Elə bunun nəticəsidir ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazir Sahil Babayevin barəsində nə narazılıqlar bitir, nə də tənqidlər. Himalay Məmişovdan tutmuş, filiallarda çalışan səlahiyyətli şəxslərə qədər əksəriyyəti (bəlkə də hamısı) yalnız şəxsi mənafeləri üçün çalışır, vətəndaşları narazı salıb, hamını qaldırırlar qurumun üstünə. Təbii ki, qurumun nöqsanlarına görə də bütün məsuliyyət rəhbərin, yəni Sahil Babayevin üzərindədir. Bəs, görəsən Sahil Babayev mətbuatı izləmirmi ki, barəsində mətbuatda yayımlanan bu qədər narazılıqları görmür ?! Kim bilir, bəlkə də görməzdən gəlir. Necə oldu ki, Rafael Məmmədov Gəncəbasara çatar-çatmaz 6 nəfərə töhmət verildi, bir neçə nəfər işdən çıxarıldı ?! Hətta, həmin işdən çıxarılanların bəziləri, mətbuat vasitəsilə də işdən haqsız çıxarıldıqlarına etiraz etdilər. Nə dəyişdi? Təbii ki, heç nə. Rafael Məmmədovun ona zəng edib, "Barənizdə bəzi iddialar var, bununla bağlı sizin də mövqeyinizi almaq istəyirik", dediyimiz zaman, "Mənim barəmdə olsa da siz DSMF-na zəng edin, onlara verin suallarınızı " deməsi də, etdiklərindən rəhbərliyin xəbərdar olmasına bir işarə idi. Burdan da belə anlaşılır ki, ya elə rəhbərlik özü tapşırıb ki, "sən belə et, qorxma bizlikdir ", ya da rəhbər vəzifədə "qoruyucu mələkləri" əyləşib. Eh... yazmaqla bitmir, amma, dəyərli izləyicilərimizi yormaq da istəmirik. Odur ki, bu dəfəlik bu qədər. Mövzuya yenidən qayıdacağıq. Ardı var... Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |