Əsas Səhifə > Güney Press, Şou-biznes > 2014-cü ildə kimlər ailə quracaq?

2014-cü ildə kimlər ailə quracaq?


2-01-2014, 15:16
2014-cü ildə kimlər ailə quracaq?
Bu dəfə Ailəm.az saytı subay məşhurlarımızı sorğu-suala çəkərək yeni 2014-cü ildə kimlərin subaylığın daşını atmaq fikrində olduğunu öyrənməyə çalışdı. Bəziləri “hələ sənətdə görüləcək işlərim çoxdu”, - dedi, bəziləri isə toy xəbərini verdi.

2014-cü ilin ilk toy xəbəri müğənni Coşqun Viləşdən gəlib. 32 yaşlı sənətçi nəhayət ki, subaylığın daşını atmaq qərarı verib. O, Yeni il başlar-başlamaz özünə toy edəcək. O, Nigar adlı xanımla ailə quran Coşqun Viləşin toy mərasimi yanvarın 11-də “Gilavar” restoranında baş tutacaq.

Bir neçə ildir ki, nişanlı olan meyxanaçı Namiq Qaraçuxurlu şəxsi həyatı ilə bağlı danışmağı sevməsə də, zaman-zaman media nümayəndələrinə bu mövzuda müəyyən açıqlamalar verir. Ailəm.az-ın sorğusunda iştirak edən Namiq Qaraçuxurlu toyun tarixini söyləməkdən çəkinsə də, mərasimin bu il baş tutacağını gizlətmədi: “Əslində 2013-cü ildə toy baş tutmalı idi. Sadəcə müəyyən səbəblərə görə alınmadı. Amma bu il toy olacaq. Vaxtını da təxmini olaraq müəyyənləşdirmişəm, sadəcə açıqlamaq istəmirəm”. Əməkdaşımızın etibarlı mənbədən aldığı məlumata görə, toy aprel ayına planlaşdırılır.

Müğənni Sevda Yəhyayeva isə “subaylıq sultanlıqdır”, - deyənlər sırasındadı. Müsahibələrində “sevib, sevilirəm”, - söyləyən xanım sənətçinin o şəxslə nikah masasına nə zaman oturacağı isə hələ məlum deyil. Sevdanın sözlərinə görə, o, bu il yox, bir neçə ildən sonra ailə qurmaq fikrindədir.

Əməkdar artist Abbas Bağırovun bir müddət öncə instagram səhifəsində sevgi ismarıcları paylaşması heç kimə sirr deyil. Bu barədə ətraflı danışmaqdan çəkinən müğənninin sevgi dolu bir həyat yaşadığı da ehtimal olunur. Abbas Bağırov “toy nə vaxtdır” sualına “olanda biləcəksiniz”, - deməklə kifayətlənib.

Hazırda nişanlı olan Elvin Abdullayev 2014-cü ildə subaylığa əlvida deyəcək. Məlum olduğu kimi, müğənninin sevib-seçdiyi xanım ATV-nin “Şarm” verilişinin rejissoru Afət Mehdiyevadı. 2013-cü ildə nişanlanan cütlük 2014-cü ilin mart ayında nikah masasına əyləşəcək.

Günay İbrahimli 2014-cü ildə diqqətini daha çox sənətinə yönəldəcək: “Hazırda başım sənətimə qarışıb. Ailə qurmaq barədə düşünmürəm. İnşallah, vaxtı gələndə bu da olacaq. Hər bir qadın kimi mən də istərdim ki, ailəm, övladım olsun. Çünki həyatda əsas xoşbəxtlik budur. Amma ailə quracağım şəxs gərək sənətimi də qəbul etsin”.

Natəvan Həbibi isə özünə yaraşacaq, sevəcəyi şəxsi hələ ki, tapmayıb. Onun sözlərinə görə, əgər 2014-cü ildə arzuladığı şəxs qarşısına çıxsa, onda toy olacaq. “Hamı soruşur ki, niyə ailə qurmursan? Mən istəyirəm elə bir toy edim, elə bir insanla ailə qurum ki, hamı görüb “əhsən” desin. Kim bilir, bəlkə də dəhşətə gələcəklər. Görəndə deyəcəklər ki, Natəvan bunu axtarırmış, gözləməyə dəyərmiş”.

Humay Qədimova da hələ axtardığı şəxsi tapmayanlar sırasındadı: “Ailə quracaq yaşdayam. Amma sənətçi üçün seçim etmək elə də asan deyil. Ailə olandan sonra məhdudiyyətlərin olacağı istisna deyil. Mənim qədər sənətimi də sevməyi bacarmalıdır. Ona görə də hələ axtarışdayam”.

Hazırda çalışdığı “Nabat” xınayaxdı mərasimləri şirkətinin müdiri ilə nişanlı olan aktirsa Ülviyyə Əliyevanın bu il münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir. Onun sözlərinə görə, toy yay ayları üçün planlaşdırılır.

Müğənni Ramal İsrafilovun da 2014-cü ildə toy edəcəyi gözlənilir. Sevib-seçdiyi şəxs barədə danışmaq istəməyən ifaçının toyu bu ilin ilk yarısında baş tutacaq.

Toy hazırlıqları görən müğənnilər sırasında Rəqsanə də var. Belə ki, hazırda nişanlı olan qızı Aysunun bu il ailə quracağı gözlənilir.

3 ildən çoxdur türk vətəndaşı ilə nişanlı olan Azəri qızı Günelin bu il ailə quracağı gözlənilir. Belə ki, müğənni özünə 2 toy edəcək. İlk toy İstanbulda, növbəti toy isə Bakıda baş tutacaq. Amma hələlik toyun dəqiq tarixi müəyyənləşdirilməyib. Qeyd edək ki, Günelin nişanlısı Türkiyə vətəndaşı 26 yaşlı İnanc Başəyməz adlı iş adamıdır. İnanc Başəyməz Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyun ayından nişanlıdır.

Geri qayıt