Əsas Səhifə > Güney Press, Üçüncü sektor > Ziya Məmmədovun adamlarından bayram "sürprizi"

Ziya Məmmədovun adamlarından bayram "sürprizi"


5-01-2014, 15:55
Ziya Məmmədovun adamlarından bayram "sürprizi"
Bakı Beynəlxalq Avtovağzalında sərnişin çoxluğundan işbazlar öz xeyirləri üçün istifadə ediblər. Belə ki, hər il olduğu kimi bayram ərəfəsində rayonlara üz tutan insanların çoxluğundan istifadə edən nəqliyyat nəzarətçiləri gediş haqqını süni formada artırıblar. Gediş haqlarında qanunsuz qiymət artımı daha çox Mərkəzi Aran rayonları istiqamətində hərəkət edən avtobuslarda müşahidə olunur.

Sərnişinlərin sözlərinə görə, Bakı-Sabirabad, Bakı-İmişli, Bakı-Füzuli istiqaməti üzrə hərəkət edən avtobuslarda qiymətlər 0.5-1 manat aralığında artırılıb.

Bakı-Sabirabad avtobusunun sərnişini Cəfərin sözlərinə görə, süni qiymət artımı qeyd etdiyimiz istiqamət üzrə hərəkət edən avtobusda intensiv olaraq gah artırılır, gah da əvvəlki halına yəni 3.5 manata salınır. Lakin bu dəfə vəziyyət başqa olub:

“Bakıdan Sabirabad istiqamətinə maşınları yola salan Etibar həmişə qiymətləri öz kefinə uyğun olaraq oynadır. Bir gün gəlirsən ki, 4 manatdır, bir gün də deyir ki, maşın yoxdur 5 manatdır. Yəni bilet olmadığı üçün, Etibar kimilər süni olaraq qiymətləri qaldırırlar. Demək olar ki, mən hər bayramda qiymətlərin artırıldığının şahidi olmuşam. Kimə də şikayət edirəm xeyri yoxdur. Deyirlər ki, xəttə artıq maşın vermişik ona görədir.”

Məsələ ilə bağlı adıhallanan Etibar adlı şəxsi tapdıq. O isə qiymət artımını belə izah etdi:

“İndiyə qədər qiymət artımı olmayıb. Benzinin qiyməti artdığı üçün biz də məcburuq ki, gediş haqqını qaldıraq. Ona görə də qiymətləri 50 qəpik qaldırmışıq. Bizə avtovağzal rəhbərliyi tərəfindən iri tutumlu avtobuslar verilmədiyi üçün, bilet də verilməyib.”

İmişli, Füzuli, Beyləqan istiqaməti üzr hərəkət edən avrobusların da sərnişinləri eyni problemləri yaşayıblar.

Beyləqan istiqaməti üzrə hərəkət edən avtobusun sərnişini Qalibin sözlərinə görə, insanlar bu kimi hallara artıq öyrəşiblər:

“İnsanlar sürücülərin, dispçerlərin süni qiymət artımına o qədər öyrəşiblər ki, öz haqlarını tələb etmək bir yana qiymət artımına da normal yanaşırlar. Elə bil bayram gələndə camaatın cibində pullar balalayır.”

Doğrudan da qiymətlərin süni şəkildə artırıldığı avtobuslarda sərnişinlər sakit halda tələb olunan məbləği verirdilər. Onların çoxu nə Tarif Şurasın tanıyır, nə də qanuna inanırdılar.

Şimal rayonları istiqamətində hərəkət edən iri tutumlu avtobuslarda isə həyat həmişəki axarı ilə davam edir. İnsanlar bilet aldıqları üçün, əvvəlcədən gediş haqqı bir yana hətta harada oturub yola çıxacaqlarını da bilirlər. Gediş haqlarında isə sərnişin və dispeçerlərin sözlərinə görə heç bir qiymət artımı müşahidə olunmayıb.

Avtovağzalda şimal istiqaməti üzrə hərəkət edən avrobuslardan gediş haqqını soruşaraq qiymətlərlə bir-bir maraqlandıq. Yuxarıda sadaladığımız istiqamələr istisna olmaqla heç bir tərəf üzrə hərəkət edən avtobuslarda qiymət artımına rast gəlmədik. Görəsən onlar benzini haradan alırlar?!

Geri qayıt