Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Yayda su, qışda qaz probleminə görə kənddən köçənlər çoxdur”
“Yayda su, qışda qaz probleminə görə kənddən köçənlər çoxdur”16-11-2022, 10:55 |
“Bu il odunun kubu 28 manata qədər bahalaşıb. Keçən il 25 manatdan alırdıq. Kənddə çoxu odun almaq üçün kredit götürüb”. Bunu Meydan TV-yə Ağdaşın Xınaqlı kənd sakinləri deyiblər. Onların sözlərinə görə, kəndin bir addımlıqında yerləşən Zərdab rayonunun kəndlərinə qaz verilir. Onlar isə illərdir odun almaqla qışı yola verirlər. Odun isə hər il 2-3 manat bahalaşır. Sakinlərdən Emil Məmmədov bildirib ki, dörd nəfərlik ailə qışda təxminən 10 kub odun istifadə edir: “Amma elə ailələr də var ki 15 kub da bəs etmir. Çox soyuq günlərdə evin iki otağında soba yandırılır”. Şikayətçilər deyiblər ki, odun meşədən yığılması, maşına yüklənməsi, yol xərci də nəzərə alındıqda 500 manata başa gəlir. “Xınaqlı kasıb kənddir, su problemi olduğundan əkin-biçin də yaxşı qazanc gətirmir. Yayda su, qışda qaz probleminə görə kənddən köçənlər çoxdur. Yaşamaq, dolanmaq üçün evimizdən qaçaq düşürük. Suya görə müraciət edəndə deyirlər ki, ümumi çətinlikdir, su ehtiyatı azdır. Bəs qazın çəkilməməsinin səbəb nədir, heç kim də konkret açıqlama vermir”, – sakinlərdən biri deyib. Kəndlilər deyirlər ki, artıq havalar soyuyub, çoxu qapısındaki meyvə ağaclarını kəsir. Belə davam edərsə, meyvə ağaclarının hamısı məhv olacaq. “21-ci əsrin ikinci onilliyidir, kənddə nə qaz, nə də internet var. Necə ola bilər ki, bir kilometr kənarda qaz var, bura xətt çəkmək problemə çevrilib? Heç kim şikayətimizə baxmır. Onsuz da zülümlə dolanırıq, hələ bir kreditə görə faiz də ödəyirik”,- şikayətçilər qeyd ediblər. Ağdaş Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Regionların 2019-2023-cü İllərdə sosial-iqtisadi inkişafı Dövlət Programı” çərçivəsində maliyyə imkanlarına uyğun, mərhələli şəkildə həyata keçirilir: “Xınaqlı kəndinə də qaz çəkiləcək. Amma bu il deyil. Konkret vaxt söyləmək olmur”. Meydan TV Geri qayıt |