Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Baş Daşağıl kəndinin daşa dirənən qaz problemi
Baş Daşağıl kəndinin daşa dirənən qaz problemi30-11-2022, 11:15 |
“Ətraf kəndlərə qaz xətti çəkilib, həmin kəndlərlə aramızda 7-8 kilometr məsafə var, ancaq nədənsə bizim kəndə qaz xətti çəkilmir. Evlərimizi meşədən çır-çırpı toplayıb yandırmaqla isidirik. Ancaq bu, yetərli olmur deyə, pulla odun alırıq. Artıq oduna verməyə pul da tapmırıq”. Oğuzun Baş Daşağıl kəndinin sakinləri Meydan TV-yə yazırlar ki, qış fəsli sərt soyuqlarla keçən kənddə mavi yanacaq yoxdur. Meşədən odun yığmaq qadağandır, kənd sakinlərinin böyük kəsimi işsizdir, odun almağa pul yoxdur. Sakinlər elektrik enerjisindən istifadə etməyə məcburdur. Ancaq bu da elektrik şitinin yüklənməsinə və tez-tez qəza baş verməsinə səbəb olur. “Heç olmasa odunla təmin etsinlər” Bir neçə il əvvəl sakinlər kəndlərə qaz xətti çəkildiyini görəndə seviniblər: “Dedik, daha çətinliklərimiz geridə qalacaq, biz də mavi yanacaq görəcəyik. Ətraf kəndlər qazlaşdırıldı, bizə çatanda dedilər, gözləyin. Biz də istəyirik ki, evlərimiz isti olsun, uşaqlarımız, yaşlılarımız soyuqdan əziyyət çəkməsin. Heç olmasa, qaz xətti çəkilənədək bizi odunla təmin etsinlər”. Kəndlilər yazır ki, məmurlar 200-dən çox ailənin yaşadığı kəndin qaz probleminə biganə yanaşırlar. “Rayonun deputatından tutmuş icra hakimiyyətinin başçısına, “Azəriqaz”a kimi müraciət etmişik. Deputat söz verdi ki, məsələni diqqətdə saxlayacaq, sonra ondan da səs çıxmadı. Kəndə də dəvət elədik, gəlmədi. SOCAR-a, Prezident Adminstrasiyasına, Birinci vitse-prezidentə yazmışıq. Ancaq vətəndaş yerinə qoyub bizə heç bir parça kağızda cavab da yazıb göndərmirlər”, – sakinlər yazıb. Oğuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlər quruma müraciət ediblər və onlara rəsmi cavab məktubu göndərilib: “Sakinlərin haqlı tələbləri “Azəriqaz”a bildirilib. Kəndlərin qazlaşdırılması prosesi davam edir. Yaxın vaxtlarda Baş Daşağıl kəndi də qazlaşdırılacaq” //Meydan TV// Geri qayıt |