Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səttar Mehbalıyevin başı üzərində buludlar çəkilməyib

Səttar Mehbalıyevin başı üzərində buludlar çəkilməyib


9-01-2014, 13:24
Səttar Mehbalıyevin başı üzərində buludlar çəkilməyib
DİA.AZ: - Bir neçə gün əvvəl böyük bir qalmaqallı olayın episentrində olan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevlə bağlı yeni gəlişmələr var. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr məlumat verib.

Xatırladaq ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Və bundan sonra 5 saylı xəstəxanaya aparılan Qarabağ əlili xəstəxanada bir neçə gün qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təbii ki, bu yaranmış vəziyyətin gərginliyi birbaşa olaraq Səttar Mehbalıyevin üzərinə köklənib. Mətbuatda, həmçinin sosial şəbəkələrdə konfederasiya sədri hədəf kimi nişan verilib.

Onu da bildirək ki, baş verən hadisəyə prezident İlham Əliyev də reaksiya verərək ilk başdan Qarabağ əlilinin müalicəsini öz üzərinə götürmüşdü. Lakin Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb. Bundan sonra prezidentin müdaxiləsi ilə Səttar Mehbalıyev Zaur Həsənovun ailəsini himayəyə götürərək, ona 1500 manatlıq aylıq kəsmiş, paralel olaraq isə sökülən obyektinin müqabilində konfederasiya sədri tərəfindən mərhumun ailəsinə 100 min manat vəsait verilib.

Redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, amma bunlara rəğmən Səttar Mehbalıyev prezidentin qarşısında böyük etimad itkisinə uğrayıb. Yəni bu hadisə konfederasiya sədrinə, habelə onun vəzifə başında olan yaxınlarına belə böyük zərbə effekti yaradıb. Hər halda, prezidentin müdaxiləsinə qədər də konfederasiya sədri müəyyən addımları ata bilərdi. Səttar Mehbalıyev isə bunu etmədi, hətta mərhum Zaur Həsənov özünü yandırandan sonra yerli mətbuatın bu olaya görə konfederasiya sədrini ittiham etməsinə də sərt reaksiya vermişdi. Bu barədə açıqlama verən AHİK sədri bildirmişdi ki, olayda adının hallandırılmasına razı deyil və bunu qərəzli hesab edir.

Amma vəziyyət dəyişəndən sonra, yəni prezidentin müdaxiləsinin ardından Səttar Mehbalıyev daha «adının hallandırılmasına etirazlarını» belə unutdu. Və bu da məlum insidentin «yuxarılar» tərəfindən dərindən araşdırılmasının nəticəsi idi. Bu barədə danışan mənbə bildirir ki, məhz hadisənin bu həddə çatmasında Səttar Mehbalıyevin günahkar olduğu bəlli olduğundan, onun qarşısında ciddi öhdəlik qoyulub. Çünki aydın olub ki, AHİK sədri intihara qədər Zaur Həsənovla bazarlıq da edib, sadəcə olaraq onun istədiyi pulu ödəməkdən boyun qaçırıb.

Daxil olan məlumatlara görə, hətta bu şəraitdə belə Səttar Mehbalıyev vəziyyətdən çıxmış hesab olunmur. Mənbənin söylədikləri: «Onun durumu kifayət qədər gərgindir. Təbii ki, vəzifə başında olan digər yaxınları da AHİK sədrinin zədələnmiş etimadını bərpa etməyə çalışırlar. Amma bu uzun zaman tələb edir. Yaxın vaxtlarda isə Səttar Mehbalıyevin mövqelərini itirməsi qaçılmazdır. Yəni belə bir niyyət də var. Əgər qohumlarının fəaliyyəti nəticə verməzsə, AHİK-də rəhbər dəyişikliyi qaçılmazdır».

Geri qayıt