Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Hakim dedi ki, Naxçıvanda yalnız Kərəm Mustafayevin dediyi ola bilər"
"Hakim dedi ki, Naxçıvanda yalnız Kərəm Mustafayevin dediyi ola bilər"12-12-2022, 11:31 |
Naxçıvandakı hərbi hissələrdən Azərbaycanın digər bölgələrinə dəyişilmək istəyən hərbçilər təzyiqlə üzləşdiklərini deyirlər. Fikrindən daşınmayan hərbçilər isə həbsə və yaxud psixoloji dispanserə göndərilməklə hədələnirlər. DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda deyilir. Naxçıvandakı N saylı hərbi hissədə xidmət etmiş zabit Şamxal Əliyev bildirir ki, xidmət yerini dəyişmək fikrinə düşdüyü üçün o da təhdid və təzyiqlərə məruz qalıb. Geri çəkilmədikdə isə, Hərbi Xidmətkeçmə Əsasnaməsinin "xidməti uyğunsuzluğu görə" bəndinə əsasən, bir il öncə ordudan məcburi təxris olunub: "Mən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda 10 il xidmət etdikdən sonra Azərbaycanın başqa bölgələrində xidmət etmək üçün müraciət etdim. Qanunla, 6 il xidmətdən sonra belə müraciət etmək olar. Raportda yazmışdım ki, Naxçıvanda 10 il xidmət etdiyimə görə başqa yerə rotasiya etsinlər. Məqsədim xidmətimi Azərbaycanin digər bölgələrində, məsələn, Kəlbəcərdə, Şuşada, Füzulidə davam etdirmək idi. Başqa yerə göndərmədilər, əksinə, mənim qara günlərim başladı”. Şikayətçi deyib ki, bundan sonra hərbi hissə komandiri tərəfindən ona qarşı mənəvi və psixoloji basqılar başlayıb. O, hüququnu qorumaq üçün məhkəməyə müraciət etdiyini bildirir: "Məhkəmə də mənim əleyhimə qərar çıxardı. Hakim dedi ki, Naxçıvandakı hərbi hissələrdə yalnız Əlahiddə Ümumqoşun Ordusunun komandiri general-polkovnik Kərəm Mustafayevin dediyi ola bilər. Daha sonra məni dəlixanaya salacaqları ilə hədələdilər. Geri çəkilmədiyimi görüb, məni məcburi ordu sıralarından tərxis etdilər". “Əslində rotasiya haqda (yerdəyişmə haqqında) qərarda nəzərdə tutulub ki, 6 il bir birlikdə xidmət edən hərbi qulluqçunun yeri dəyişdirilə bilər. 2017-ci ildə mənim yerim dəyişdirilməli idi. Mən əlavə dörd il də səbr etdim. Bu baş vermədiyinə görə, raport yazıb yerimi dəyişmələrini istədim. Mənə təzyiqlər, hədə-qorxu o qədər oldu ki, yuxarılara rabitə rəisi kimi intihar edəcəyimi bildirdim. Cavabında məni dəlixanaya salacaqları ilə hədələdilər”- şikayətçi deyib. O bildirir ki, Əsasnamənin bu bəndi ilə tərxis olunduğu üçün bir daha orduda çalışa bilməz: "Mən tək deyiləm, xidmətdə olduğum müddətdə çoxlu sayda belə halların şahidi olmuşam. Uzun illər hərbi xidmət keçmiş zabitlər yerlərini dəyişmək istədikləri üçün, bu cür yollarla hərbidən kənarlaşdırılıblar. Bu işin başında şəxsən Kərəm Mustafayevin özü dayanır". Geri qayıt |