Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqanda dövlət büdcəsi "rəsmi qaydada" talan olunur

Beyləqanda dövlət büdcəsi "rəsmi qaydada" talan olunur


10-01-2014, 15:29
Beyləqanda dövlət büdcəsi "rəsmi qaydada" talan olunur
DİA.AZ: - Məlum olduğu kimi, artıq tarixə çevrilmiş 2013-cü il Azərbaycanda həm də «İnformasiya-kommunikasiya texnologiyaları ili» kimi yadda qaldı. Odur ki, ötən ilin yekun hesabatlarında məhz İKT sahəsində görülən işlər, yerinə yetirilən xidmətlər barədə məlumatların çox olacağı gözləniləndir.

Sözsüz ki, ölkə başçısı tərəfindən neft sektorundan sonra perspektivinə görə ikinci əhəmiyyətli sahə hesab olunan İKT sektoruna yönəldilən investisiyaların artmasını, bu sahənin inkişafını, əldə olunan gəlirləri xarakterizə edən rəqəmlər tez-tez sadalanacaq, Azərbaycanın az qala dünyanın İKT mərkəzinə çevrildiyi təsəvvürü yaradan məlumatlar qabardılacaq, Bakının ev sahibi olduğu İKT sərgiləri xatırlanacaq. Ən başlıcası, Azərbaycanın süni peykinin kosmosa buraxılması möhtəşəm nailiyyət kimi təqdim olunacaq. Bütün bu informasiyalar arasınla «əcəb qəşəngi», ən «əttökəni» əlbəttə bu olacaq ki, keçən ilin sonunda Tarif Şurası yanacağın qiymətini qaldırdığı halda, bəzi rabitə xidmətlərinin qiymətini aşağı salıb.

Nə isə, qiymətlər məsələsinin üstündə çox dayanıb qanınızı qaraltmaq istəmirik. Onu vurğulamaq istəyirik ki, əhali uğurlar barədə eşitməkdən daha çox, həmin uğurların bilavasitə öz həyat tərzinə müsbət təsirini görmək istəyir. Məsələn, Beyləqan vətəndaşları üçün ən yaxşı «İKT müjdəsi» o olardı ki, rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsi Ramiz Sadıqovun əsarətindən qurtulsun. Hərçənd, bu, onlara əlçatmaz görünür. Hətta Beyləqanda el içində belə birzərb-məsəl yaranıb: «Sadıqovları atarsan dənizə, balıq olub çıxarlar üzə».

Söz yox, böyük qardaş Tofiq Sadıqovun Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini necə yerinə yetirməsi barədə söz-söhbətlər son vaxtlar bir az səngisə də, TKB rəisi Ramiz Sadıqovun yarıtmaz fəaliyyətindən narazılıqlar artmağa başlayıb. Bu narazılqları ifadə edən məlumatlar redaksiyamızın poçtuna daxil olmaqda davam edir. Aidiyyəti üzrə həmin şikayət xarakterli məlumatları və onların əsasında hazırladığımız materialları biz də öz növbəmizdə aidiyyatı üzrə Rabitə və İnformasiya Texnologiya Nazirliyinə, şəxsən cənab nazirin özünə yönləndirmişik. Ancaq nədənsə bütün bu səylərimiz gözlənilən, beyləqanlıları sevindirəcək nəticəni vermir. Ramiz Sadıqov barəsində nə RİTN, nə də rayon rəhbərliyi təsirli tədbir görmür, heç bir ölçü götürmür. Ola bilsin ki, RİTN keçən il ümumi «İKT ili» atmosferini korlamamaq üçün nazirliyin tabeliyində olan müəssisə rəhbərləriylə sərt davranmaqdan çəkinib. Bir də nəzərə almaq lazımdır ki, 2013-cü il həm də Azərbaycanda prezident seçkiləri ili idi və bütün dünya siyasətinin gözü ölkəmizdə idi. Yerlərdə informasiya siyasətini həyata keçirmək. Çoxsaylı seçki məntəqələrini rabitə vasitələri, veb-kameralarla, İKT avadanlıqları ilə təmin etmək və onların qüsursuz işləməsinə cavabdeh olmaq məhz TKQ vəzifələrinə etibar edilmişdi. Buna görə də nazirliyin bu şəxslərlə mülayim rəftarı haradasa başa düşülənir.

Beyləqan rayon rəhbərliyinin Ramiz Sadıqova münasibətinə gəlincə, Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayevin TKQ rəisinə qarşı iş barəsində tələbkar mövqe sərgiləyəcəyi ağlabatan görünmür. Çünki bildiyimiz qədərincə, R.Sadıqov hazırki vəzifəyə gəlmək üçün V.Abdullayevin təqdimatını almaqdan ötrü başçıya yetərincə böyük kəmiyyətlə rüşvət verib və kəsdikləri şərtə sadiq qalaraq, hər ay üçün razılaşdıqları məbləği də vaxtlı-vaxtında ödəməkdə davam edir.

Daha əvvəllər də bildirdiyimiz kimi Beyləqanda rayon telekommunikasiya qovşağının xidmətindən təkcə sadə vətəndaşlar deyil, ictimaiyyət nümayəndələri, rayonun aktivi, idarə, müəssisə və təşkilat rəhbərləri və funksionerləri də narazıdırlar. Rayonda internetə çıxış imkanları, internet xidmətinin keyfiyyəti, sürəti çox aşağıdır. Beyləqanlı dövlət qulluqçuları, hökumət məmurları bu problem ilə əlaqədar öz narazılıqlarını gizlətmir, subordinasiya qaydalarını pozmaqdan belə çəkinqməyərək, TKQ-nın fəaliyyətindən şikayətlərini başçının kabinet iclaslarında səsləndirirlər. İş o yerə çatıb ki, öz səhlənkarlıqları və ya hər hansı başqa bir səbəbdən elektron hesabatlarını yuxarı instansiyalara ötürməyi təmin etməyən idarə rəisləri də günahı TKQ-nın qeyri-məqbul işində görürlər. Beyləqanın sosial-iqtisadi göstəricilərini əks etdirən rüblük, yarımillik, illik məlumatların da başqa rayonların statistikasına nisbətən kiberməkanda xeyli gec yayılmasının səbəbini də məhz bu problemdə axtarmaq lazımdır.

Geri qayıt