Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dövlət Xidmətinin “otkat” üçün yaradılmış bu MMC-lərdən xəbəri varmı?

Dövlət Xidmətinin “otkat” üçün yaradılmış bu MMC-lərdən xəbəri varmı?


26-12-2022, 11:44
Dövlət Xidmətinin “otkat” üçün yaradılmış bu MMC-lərdən xəbəri varmı?
Xəbər verildiyi kimi dekabrın 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Buna səbəb isə müxtəlif dövlət qurumlarından daxil olmuş yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin sahibkarlar tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edildiyi göstərilir.

Qeyd edək ki, Dövlət Xidmətinin yaydığı məlumatda son dövrlər mətbuatın gündəmindən düşməyən onlarla şirkətin adı çəkilir. Hansı ki, elə mətbuatda Dövlət Xidmətinin adlarını hallandırdığı MMC-lərin dövlət məmurlarına ya dolayısı ilə, ya da birbaşa bağlılığı barədə konkret faktların olduğu barədə məlumatlar açıqlanıb. Amma nədənsə Dövlət Xidməti satınalmaların dövlət qurumları tərəfindən deyil, sahibkarlar tərəfindən saxtalaşdırıldığını ortaya çıxarıb.

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yayılmış bu xəbərdən sonra Aktualinfo.org-a tamamilə fərqli məlumatlar daxil olub. Belə ki, verilən məlumatllarda satınalmaların çoxunun dövlət qurumları ilə sahibkarların əvvəlcədən razılaşmaları əsasında keçirildiyi bildirilir. Buna sübut kimi isə illərdir fəaliyyət göstərən, maddi texniki bazaları olan şirkətlərin satınalmalarda iştirakının müşkülə çevrilməsi, amma yeni dövlət qeydiyyayına alınmış bir nəfərə məxsus şirkətlərin bir neçə ay ərzində onlarla satınalmaların qalibi olması göstərilir. Bununla bağlı son diqqət çəkən MMC-nin fəaliyyətini araşdırdıq.

Şəmkir rayon İcra Hakimiyyəti başçısını Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri işlərinin satın alınması üzrə keçirdiyi kotirovka sorğularının nəticələri dekabrın 23-də açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə nümayəndəlik “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 32 857.8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, MMC satınalmalarda iştirak etmək üçün heç bir kriteriyaya cavab vermir. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə isə ümumiyyətlə uyğun gəlmir. Belə ki, MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, ixtisas göstəricilərini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını təsdiqləyən heç bir məlumat yoxdur. Amma dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə sözügedən MMC son səkkiz ayda ayrı-ayrı dövlət qurumları tərəfindən keçirilmiş 13 müsabiqənin qalibi olub. Ümumi olaraq 484 439 manat məbləğində dövlət sifarişi alıb. Kimə məxsusdur bu MMC?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 26.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, N. NƏRİMANOV, ev 5D, qanuni təmsilçisinin isə Ağayev Mirkamal Əhməd oğlu olduğu göstərilir.

MMC Şəmkir rayonunda fərdi yaşayış evlərinin damlarının cari təmiri, Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri, Biləsuvarda yaşayış binalarının əsaslı təmiri işləri, Beyləqanda mənzil fondunun əsaslı təmiri, Bərdədə qeyri yaşayış binalarının əsaslı təmiri, Lənkəranda Reabilitasiya Mərkəzinin inzibati binasında cari təmir, Gədəbəydə xəstəxananın tikili və avadanlıqların cari təmiri, Ağsu xəstəxanasında sair torpaq, tikili və avadanlıqların cari təmir işləri kimi müsabiqələrin qalibi olub. Bəs bu MMC adıçəkilən rayonlarda aldığı sifarişləri necə həyata keçirir? Bir birindən yüz kilometrlərlə aralı olan bu rayonlarda iş görməyə MMC-nin maddi texniki bazası varmı? Həmin işləri rayonlarda, yerli sahibkarlar həyata keçirə bilməzmi? Qeyd etdiyimiz kimi texniki imkanları və işçi qüvvəsi olmayan MMC-nin qalib olması satınalmalarda qiymətlərin şişirdilməsi üçündür.

Əldə etdiyimiz məlumatlara görə MMC rəhbərləyi kotirovka sorğusunu keçirən dövlət qurumu ilə əvvəlcədən danışığa gedir. Rayonlarda yaşayış binalarının, evlərin damlarının, mənzil fondunun təmiri işləri demək olar ki, aparılmır. Aparılsa da kosmetik işlər görülür. Vəsaitlərin müəyyən hissəsi “otkat” olaraq qaytarılır. Qalan vəsaitə kosmetik işləri görmək üçün hər rayonda kifayət qədər günəmuzd işləyən fəhlə tapmaq mümkündür. MMC rəhbərliyi də dövlət sifarişlərini məhz bu üsulla həyata keçirir. Yəni heç bir sosial ödəniş etmətdən, vergi vermədən.

“MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mirkamal Ağayevin adına daha bir MMC-də var. Bu MMC isə ötən il, dövlət qeydiyyatına alındıqdan cəmi iki ay sonra satınalma müsabiqəsinə qatılıb və iki ay ərzində 4 kotirovka sorğusu üzrə ümumi olaraq 132 484 manat məbləğində dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MM İNŞAAT COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 17.08.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, XAQAN DADAŞOV, ev 30, m. 1, qanuni təmsilçisinin isə Ağayev Mirkamal Əhməd oğlu olduğu göstərilir.

Göründüyü kimi bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC son bir il ərzində dövlətdən 616 923 manat məbləğində sifariş alıb. Burada bəzi suallar ortaya çıxır. 2021-ci ildə 4 satınalmanın qalibi olan “MM İNŞAAT COMPANY” MMC nədən 2022-ci ildə heç bir satınalmanın qalibi olmayıb? Nədən Mirkamal Ağayev 2022-ci ildə birdən-birə “MM İNŞAAT GROUP” MMC-yə üstünlük verib? Çünki MMC-nin qalibi olduğu satınalmalarda şəffaflıq olmayıb, bir çoxu saxtalaşdırılıb. Ona görə də “MM İNŞAAT GROUP” MMC-yə keçib.

Odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu MMC-lərin fəaliyyətlərini də araşdırsa lap yaxşı olardı. MMC-lərin hansı məqsədlər üçün yaradıldığı üzə çıxardı. “Otkat” üçün, yoxsa…

Aktualinfo.org

Geri qayıt