Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Milli Məclisdəki səs-küylü telefon qadağasının arxasında ABŞ kəşfiyyatı çıxdı

Milli Məclisdəki səs-küylü telefon qadağasının arxasında ABŞ kəşfiyyatı çıxdı


13-01-2014, 14:30
Milli Məclisdəki səs-küylü telefon qadağasının arxasında ABŞ kəşfiyyatı çıxdı
DİA.AZ: - Məlum olduğu kimi, yanvar ayının 1-dən Milli Məclisə smartfon və android tipli telefonla giriş qadağan olunub. Təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verəcək binaya daxil olacaqlar.

Onu da bildirək ki, bu qadağanın səbəbi kimi məhz TƏHLÜKƏSİZLİK faktoru önə çəkilsə də, nədənsə TƏHLÜKƏNİN DETALLARI ilə bağlı kimsə danışmaq istəmir və bu barədə hər hansı açıqlama verilməyib ki, bu da ortaya kifayət qədər şübhəli məqamlar çıxarır.

Əslində məhdudiyyətlərin təkcə Milli Məclisin binasının hüdudları ilə bitmədiyi də aydın olur. Elə son olaraq yayılan xəbərlərdə göstərilir ki, artıq daha bir dövlət qurumu da anoloji TƏHLÜKƏSİZLİK TƏDBİRİNƏ əl atmaq zorunda qalıb. Bəli, məhz zorunda.

Verilən xəbərə görə, artıq Nazirlər Kabinetinin işçilərinə də android və smartfon tipli telefonlarla binaya daxil olmasına icazə verilmir.

Bunu mətbuata açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O, bu qərarın artıq xeyli vaxtdır ki, tətbiq olunduğunu qeyd edib: “Artıq xeyli vaxtdır ki, bu qərar bizdə verilib. Dövlət sirrinin qorunması, dövlət mənafeyi, təhlükəsizliyi üçün bu qərar verilib. Və bu qərara heç bir etiraz olmayıb”-deyə, Akif Əli qeyd edib.

Hər halda, bir dövlət qurumunun öz işçilərinə qarşı etimadsızlığını məhz telefonların çeşidi ilə bağlı qadağalarla nümayiş etdirməsi də kifayət qədər narahatçılıq yaradan haldır. Amma burada başqa bir məqam da var.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, əslində qeyd olunan tipli telefon çeşidlərinə tətbiq olunan qadağalar birbaşa olaraq ayrı-ayrı dövlət idarələrinin deyil, daha çox məmurların «TƏHLÜKƏSİZLİYİNİN» qorunması ilə bağlıdır. Yəni onların şəxsi təhlükəsizliklərinin təminatı önə çəkilir. Doğrudur, smartfon və android tipli telefonlar həm də bir terror mənbəyidir. Amma burada başqa bir məqam var.

Bu barədə yayılan informasiyalardan aydın olur ki, əslində Azərbaycanın ehtiyatlı davranması bu günlərdə Avropa ölkələrindən ABŞ-a istiqamətlənən qadağadan sonra baş tutub. Xatırlayırsınızsa, Amerikanın xüsusi xidmət orqanlarının Almaniyanın baş naziri Angela Merkel də daxil olmaqla onlarla alman məmurun, habelə Avropa ölkələrinin əksər başçılarının dinlədiyi faktı ifşa olundu.

Araşdırmalardan da aydın oldu ki, ABŞ xəfiyyəsi sən demə, illərdir məhz istehsal etdiyi smartfon və android tipli telefonlarla həmin məmurların dinlənilməsini həyata keçirib. Bu dinləmə prosesində Azərbaycanın kənarda tutulduğunu kimsə iddia edə bilməz. Sadəcə olaraq, Azərbaycan tərəfi belə bir məsələ ilə əlaqədar ajiotaj yaratmadı. Və ehtiyyat tədbirlərinə əl atmaq zorunda qaldı.

Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, anoloji qadağaların digər dövlət qurumlarında da tətbiq olunacağı şübhəsizdir.

Geri qayıt