Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanın təzə sahibləri də KÖHNƏLƏRİN YOLUNU GEDİR...

Naxçıvanın təzə sahibləri də KÖHNƏLƏRİN YOLUNU GEDİR...


6-01-2023, 11:33
Naxçıvanın təzə sahibləri də KÖHNƏLƏRİN YOLUNU GEDİR...
Babək rayon Tumbul kəndindəki "Daş Məhsulları Sənaye Kompleksi" MMC-yə aid zavodun bir qrup işçisi, əmək hüquqlarının pozulduğunu deyirlər. DİA.AZ qeyd edir ki, şikayətçilərin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, onlar istirahət və bazar günləri işləməyə məcbur edilirlər. Gün ərzində 8 saatdan artıq işlədilən fəhlələr, zavodda təhlükəsizlik və digər tədbirlərin görülməməsindən də şikayətçidirlər. MMC, əvvəllər Rza Talıbovun nəzarətində olan "Gəmiqaya" Holdinqə məxsus olub. Bir müddət öncə isə MMC, holdinqin əlindən alınıb.
Daş sexində fəhlə işləyən B. Ağayev deyir ki, zavodda əl dəyişəndən sonra işçilər sevinib ki, artıq hər şey qaydasına düşəcək. Şikayətçi deyir ki, onların sevinci çox çəkməyib:
"Bir neçə gün öncə gəlib, "Gəmiqaya" yazılan lövhəni apardılar. Dedilər ki, bura artıq Rza Talıbovun deyil. Sevindik ki, bizim də hüquqlarımız bərpa olunacaq, insan kimi işləyəcəyik. Ancaq, hər şey əksinə oldu, qaydalar biraz da sərtləşdirildi. Dedilər ki, heç nə dəyişməyəcək. Bizi əvvəlki kimi şənbə və bazar, bayram günləri işlədirlər. Həmin günlər işə gəlməyənlərin maaşından kəsirlər. Əvvəl bizimlə necə davranırdılar, indi də elə. Sözün qısası, bizi qul kimi işlətməkdə davam edirlər".
Işçilər bayram və istirahət günləri çalışdıqları üçün, ikiqat əməkhaqqı tələb edirlər:
"Bizim bütün əmək hüquqlarımız pozulur. 180 nəfər bizim sexdə, 70 nəfər də Nehrəmdəki sexdə işləyir. İkisində də eyni vəziyyətdir. Biz tələb edirik ki, əmək müfəttişliyindən gəlib, baş çəksinlər, maraqlansınlar və bizim hüquqlarımızın bərpa olmasına yardımçı olsunlar".
Məsələyə münasibət öyrənmək üçün, zavodla əlaqə saxlamaq mümkün olmadı. Zavod rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt