Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Əmlak Komitəsi elektron xəritədə pay torpaqlarımızı az göstərir”
“Əmlak Komitəsi elektron xəritədə pay torpaqlarımızı az göstərir”31-01-2023, 12:13 |
Qax rayonunun Almalı kənd sakini Bəxtiyar İbrahimxəlilov pay torpaqlarının sahəsinin yeni elektron xəritədə az göstərildiyini iddia edir. Onun sözlərinə görə, Dövlət Aktı əsasında ailəsinə verilən pay torpaqları indi elektron xəritədə 0.57 hektar az göstərilib. “Niyə belə olmalıdır?” Bəxtiyar İbrahimxəlilov deyir ki, 1998-ci ildə Dövlət Aktı əsasında onların ailəsinə 3.71 və 2.93 hektar olmaqla, iki hissə pay torpağı verilib. Lakin elektron xəritə hazırlananda bu hissələrin birində torpaq sahəsi az göstərilib: “2.93 hektarın əvəzinə 2.36 hektar göstərilib. Yəni 0.57 hektar az eləyir. Bu da kifayət qədər böyük rəqəm və ərazi deməkdir. Niyə belə olmalıdır? İş aparılanda da bizə bu barədə məlumat verilməyib”. “İştirakımız təmin olunsaydı, bilərdik ki, nə var, nə yox” Qax sakininin sözlərinə görə, bu mübahisə üzündən torpaq sahəsinə çıxarış da ala bilmir. Çünki o, 2.93 hektarlıq əraziyə çıxarış almaqda israrlıdır, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Ərazi Qeydiyyat İdarəsi isə 2.36 hektarlıq hissəyə çıxarış verməyə razılaşır. Bu səbəbdən məsələ açıq qalıb: “Torpaq sahəmə çıxarış almaq istəyirəm. Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki İdarəsi isə məcbur edir ki, yox, 2.36 hektar sahəyə çıxarış verilsin. Mən də bununla razılaşmıram. Axı onda mən 0.57 hektar torpaq sahəmi itirmiş olacam. Niyə itirim o torpaqları? Yeni elektron xəritələr hazırlananda bizim xəbərimiz olsaydı, iştirakımız təmin edilsəydi, bilərdik ki, nə var, nə yox…” Bəxtiyar İbrahimxəlilov tələb edir ki, pay torpaqları 1998-ci ildə verilən Dövlət Aktına, koordinatlara uyğun göstərilsin. “Ola bilsin, məhkəmədə ekspertiza təyin olunar…” Dövlət Əmlak Komitəsindən isə bildirilib ki, elektron xəritələr hazırlanarkən araşdırma aparılıb və sənədlər tərtib olunub. Qax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, vətəndaş narazı qaldığı halda, məhkəməyə müraciət edə bilər: “Ola bilsin, məhkəmədə ekspertiza təyin olunar, yenidən hesablama aparılar…”. //Meydan TV// Geri qayıt |