Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda 165 ailənin BİR DƏRDİ...
Bakıda 165 ailənin BİR DƏRDİ...17-02-2023, 12:01 |
Bakının Yeni Günəşli qəsəbəsində "Sahil S İnşaat" MTK-nın tikdiyi binadan mənzillər alan 165 ailə əsir-yesir vəziyyətində qalıb. Payçılar tikintisi yarımçıq qalan binada görüləcək işləri tamamlaya bilmirlər. Xeyli vaxtdır ki, vətəndaşlar öz vəsaiti hesabına binadakı problemləri yoluna qoymağa çalışsa da, hər dəfə bir maneə ilə üzləşirlər. İstər elektrik enerjisinin kəsilməsi, istər liftlərin qoyulması, istər digər işlərdə əngəl yaranır. Anaxeber.info vasitəsi ilə Prezident İlham Əliyevə, PA rəhbəri Samir Nuriyevə, Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlər dövlətin onlara köməklik göstərməsini, vətəndaşlara sahib çıxılmasını xahiş ediblər. Onların sözlərinə görə, bütün bu problemlərin yaşanmasına səbəb şirkətin sahibi Taley Alaverdiyevin dələduzluq ittihamı ilə həbs edilməsinə baxmayaraq, hələ də MTK rəhbəri vəzifəsini daşıması, binanın tikintisi ilə bağlı hüquqi işlərin, səlahiyyətin onda qalmasıdır. Belə ki, alınan mənzillərin aylıq kreditinin ödənişindən yığılan vəsait hesabına sakinlər binanın yarımçıq qalan işlərini davam etdirirdilər. İndisə əngəllər meydana çıxıb. Çünki kreditorların ödənişi ilə bağlı şirkətin həbsdə olan rəhbəri Taley Alaverdiyev maliyyə arayışına qol çəkməkdən imtina edir. Maliyyə arayışı olmasa kreditlər toplana bilmir. Sakinlərin sözlərinə görə, müqavilə imzalayaraq binaya liftlərin quraşdırılmasına razılaşıblar. Amma Taley Alaverdiyev maliyyə arayışına qol çəkmədiyi üçün liftin pulunu ödəyə bilmirlər. Nəticədə liftə görə 157 min manatlıq borc qalıb. Sakinlər qeyd edirlər ki, faktiki olaraq 165 ailə həbsdə olan dələduzun girovuna çevrilib. Vətəndaşlar dövlət başçısına və Baş prokurora müraciətdə bildirirlər ki, MTK rəhbərinin dələduzluğuna görə onsuz da kifayət qədər çətinliklər yaşayıblar, indisə həbsdə olmasına baxmayaraq onun imzası olmadan heç bir sənədləşmə işi görmək olmur. Bir sözlə, 165 ailə bir dələduzun imzasından asılı qalıb. Taley Alaverdiyev isə maliyyə arayışına qol çəkmir. Sakinlər deyirlər ki, nə üçün bu şəxsin hələ də buna üzərində səlahiyyəti olmalıdır: "Onun MTK-dakı səlahiyyətlərinə xitam verilməlidir, çünki vətəndaşları aldatması, dələduzluğu sübuta yetirilib. Ona görə bina ilə bağlı səlahiyyətindən məhrum edilməlidir. Onun maliyyə arayışını imzalamağa haqqı yoxdur, hüququ da olmamalıdır. Biz xahiş edirik ki, hazırda istintaqı gedən bu şəxsin səlahiyyətlərinə xitam verilsin, barəsində məhkəmə qərar çıxarsın. Bir mənzili 4-5 adama satan fırıldaqçının başımıza açdığı oyunlar az deyil, indi də həbsdə ola-ola onun imzasından asılı vəziyyətdə qalmışıq. Bu nə vaxta qədər davam edəcək? Biz sakinlər bir araya gələrək öz gücümüz hesabına tikinti-təmir işləri görürük, Taley Alaverdiyevin canı çıxıb etməli olduğu işləri hissə-hissə min bir əziyyətlə həyata keçiririk, amma hər dəfə hansısa problem yaranır. İndi də liftlər quraşdırılmalıdır, şirkətlərdən biri ilə razılaşmışıq, pulun bir hissəsin vermişik, amma əsas 157 manatı ödəyə bilmirik, çünki bu yaramaz dələduz Taley Alaverdiyevin maliyyə arayışını imzalamasını gözləyirik. Axı niyə qanun ona bu səlahiyyəti verir ? Nə üçün məhrum edilmir? Biz çox xahiş edirik ki, dövlətimiz bizə arxa-dayaq olsun, bu 165 ailəyə sahib çıxsın, nəhayət ki bu məsələlərə tam son qoyulsun. Biz cənab prezidentə inanırıq, ona sığınırıq, baş prokurorun bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verəcəyinə ümid bəsləyirik. Biz dövlətdən xahiş edirik ki, bu dələduzun əlindən birdəfəlik xilas olmaqda köməklik göstərilsin". //anaxeber.info// Geri qayıt |