Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Get torpağını Paşinyandan al"

"Get torpağını Paşinyandan al"


16-03-2023, 12:48
"Get torpağını Paşinyandan al"
Saatlı rayonu, Əhmədbəyli kənd sakini Abbas Əsgərov ona məxsus 2,32 hektar pay torpağının kəndin icra nümayəndəsi Samir Şahmarov tərəfindən mənimsənildiyini iddia edir.
DİA.AZ bildirir ki, Bakupost.az -a müraciət edən 85 yaşlı Abbas Əsgərov bildirib ki, özəlləşdirmə zamanı əldə etdiyi həmin pay torpağını Samir Şahmarova icarəyə verib.



Şikayətçinin iddiasına görə, 19 yanvar 2005-ci ildə saxta akt tərtib edən icra nümayəndəsi guya, 1800 manat ödəmək şərti ilə torpağı ondan satın alıb:
“Amma heç bir alqı-satqı olmayıb. O özü saxta sənəd düzəldib, mən isə bundan illər sonra xəbər tutmuşam. İllərdir, dövlət qurumlarına, məhkəmələrə ayaq döyürəm. Həyat yoldaşım da bu məsələyə görə rəhmətə getdi. Pay torpağımızı geri almaq üçün ora gedib-gəlməkdən soyuqladı, xəstəlik tutdu. Bu torpaq bizim özəlləşdirmə payımızdır. Çöldə Samir Şahmarovun ferması var, bizim torpaq həmin fermanın yaxınlığındadır. Torpağı ona əkməyə verdim. O da məndən xəbərsiz akt tərtib edib torpağı mənimsəyib. 2 hektar 32 sot torpaq sahəsini. Onun tərtib etdiyi aktdakı imzalar saxtadır. Nə mən, nə həyat yoldaşım, nə də qızım həmin sənədə qol çəkmişik".
Abbas Əsgərovun sözlərinə görə, icra nümayəndəsi sözügedən aktda başqaları tərəfindən imza atdırıb:
"İmzalar saxtadır. Ekspertizaya müraciət etdik və bizə imzaların saxta olduğu haqqında rəy verdilər. Gedib torpağımı tələb edəndə icra nümayəndəsi məni təhqir edib kabinetindən qovdu. Dedi ki, yerazsan get torpağını Paşinyandan, Sərkisyandan istə. Mən əslən Qərbi Azərbaycandan, İrəvandanam. Buna işarə edirdi. Məhkəmələr də tələbimizi təmin etmir. 85 yaşında çarəsiz vəziyyətdə icra başçısının, məhkəmələrin və prokurorun qapısına ayaq döyməkdən yorulmuşam".
Abbas Əsgərov icra nümayəndəsi Samir Şahmarovun yalnız onun torpağını ələ keçirməklə kifayətlənmədiyini, 2010-2019-cu illərdə külli miqdarda dövlət vəsaitini mənimsədiyini də bildirib:
"Samir Şahmarov dövlət məmuru olsa da, sahibkarlıqla da məşğul olur. Halbuki bu, qanunsuzluqdur. O, özünə toxumçuluq təsərrüfatı yaradaraq sənədlərdə torpaq sahələrini artıq göstərir, büdcədən ayrılan subsidiyaların xeyli hissəsini mənimsəyir. İllərdir bu qanunsuzluqla məşğuldur. Külli miqdarda dövlət vəsaitini mənimsəyib. Mən bu barədə də şikayət eləmişik. Düz iki ilə yaxındır bu məsələ ilə bağlı iş gedir. İcra nümayəndəsidir deyə rayonda onun müdafiəçisi də çoxdur. Mənim isə əlimdə qanuni sənədim ola-ola öz torpağımı əkib-becərə bilmirəm. Yaşlı adamam, pensiyaçıyam. Nəvəm 44 günlük müharibədə iştirak edib, yaralanıb. O icra nümayəndəsi gəlib maraqlanmalıdır ki, ay ağsaqqal, nəyə ehtiyacın var? Bunu etməməsi bir tərəfə, halal haqqımı mənə vermir. Heç kim də şikayətimizə baxmır. Prezidentə məktub yazmışam. Amma məktub gedib ona çatmır. İcra nümayəndəsi təkcə mənim yox, bir neçə adamın torpağını mənimsəyib. Hamı bu işi gözləyir ki, görən necə olacaq? Mənim müraciətim Cənab Prezidentədir, ümidim yalnız onadır. İnanıram ki, Prezident İlham Əliyev icra nümayəndəsinin bu qanunsuz əməlləri ilə bağlı tədbir görəcək".
Məsələ ilə bağlı tezliklə qarşı tərəfin də mövqeyini dərc edəcəyik.

Geri qayıt