Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Neftçilər maaşlarının azlığından şikayətçidirlər

Neftçilər maaşlarının azlığından şikayətçidirlər


27-03-2023, 15:33
Neftçilər maaşlarının azlığından şikayətçidirlər
“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. Amma neftçinin, fəhlənin hüququnu müdafiə etməyə gəldikdə həmkarlar təşkilatından səs çıxmır”.

Bunu Meydan TV-yə SOCAR-da işləyən bir qrup neftçi deyib. Onların sözlərinə görə, digər dövlət idarə və təşkilatlarında, nazirliklərdə çalışanların maaşları artırılıb. Neft şirkətlərində isə maaş artımı yalnız rəislərə, onların müavinlərinə şamil edilir. Xüsusilə dənizdə çalışan neftçilərin daşınmasında problemlər var. Küləkli, dumanlı havalarda neftçilər saatlarda növbənin dəyişməsini gözləyirlər.

Neft daşlarında çalışan neftçilərdən biri deyib ki, maaşlarla bağlı narazılıq edənlərin sayı çoxdur. Lakin indiki halda heç kim işini itirmək qorxusundan səsini çıxara bilmir.

“Tək-tək etiraz edən, yaxud şirkət rəhbərliyinə rəsmi müraciət edənlər susdurulur. Həmkərlar təşkilatları isə işçinin müdafiəsinə qalxmır”,- neftçi deyib.

Neftçilər şirkətin mərhum prezidenti Natiq Əliyevdən sonra onların taleyilə heç kimin maraqlanmadığını deyirlər. Bildirirlər ki, Rövnəq Abdullayev və Rövşən Nəcəf əməkhaqlarının artırılmasından tutmuş, daşınma, qidalanma və digər problemlərlə bağlı çoxsaylı şikayətlərə məhəl qoymur:

“Natiq Əliyevdən sonra gələnlər ancaq fəhlənin canına qənim kəsilib”.

Azərbaycanda fəaliyyət göstərən digər şirkətlərdə də yerli fəhlələrin əməkhaqqısı aşağıdır. “Bahar enerji” şirkətində çalışanların maaşı təxminən 750 manata yaxındır. “Binəqədi oil” şirkətinin əməkdaşları isə bildiriblər ki, 4 faiz artımdan sonra maaşları orta hesabla 600 manat olub.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, neftçilərin maaşına artım edilməyib:

“Bununla bağlı şirkət prezidentinə həm neftçilər, həm də təşkilat tərəfindən müraciət ünvanlanıb. Prezident, vitse-prezidentlər, baş mühəndislər yüksək əməkhaqqı alsa da, qurudakı neft və qazçıxarma idarələrində işləyən neftçilərin aylıq tarif maaşı 400-500 manatdır. Neftçilər hələ də gözləyirlər, ümidlərini üzməyiblər”, – Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, SOCAR-da tanışlıq, qohumluq əlaqələrilə işəgötürmə davam edir:

“Məsələn, Geofizika və Geologiya İdarəsində idarə rəisi öz qohumlarını istədiyi vəzifəyə təyin edib. Rəisin bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi, digər bacısı oğlu Orxan İsmayılov qravimetria rəisi, qardaşı Mübariz sınaq quyusunun rəisi, qayını Elvin, əmisi oğlu Elbrus, xalası uşaqları həmin idarədə çalışırlar. Bütün bunlara isə həmkarlar təşkilatı susur. Neftçilərin problemləri, işdən çıxarılan fəhlələrin hüquqları, bir sözlə, çoxsaylı şikayətlər həllini tapmır”.
//Meydan TV/
Geri qayıt