Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İnam Kərimovun ZƏİF BƏNDİ: Aqrar Xidmətlər Agentliyi...

İnam Kərimovun ZƏİF BƏNDİ: Aqrar Xidmətlər Agentliyi...


28-03-2023, 10:16
İnam Kərimovun ZƏİF BƏNDİ: Aqrar Xidmətlər Agentliyi...
Hökumət müxtəlif sahələr üzrə idxalın vəziyyətini səciyyələndirərkən, iqtisadi təhlili əsaslandırma ən yüksək rəqəmlərlə kənd təsərrüfatı sektorunun üzərində dayanır. İdxaldan asılılıq artan rəqəmlərlə aqrar sektoru əhatə edir.
O idxaldan söhbət gedir ki,ötən həftə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında qeyd olunurdu ki,Azərbaycan 2023-cü ilin yanvar-fevral ayında 11,992 milyon dollar dəyərində 7,32 min ton ət, 4,256 milyon dollar dəyərində 1,89 min süd, 10,398 milyon dollar dəyərində 1,76 min ton süd məhsulları, 46,919 milyon dollar dəyərində 70,87 min ton meyvə və tərəvəz və 10,297 milyon dollar dəyərində 1,92 min ton çay idxal edib.

Eləcə də,hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.

Faktinfo.az saytını məlumatlandıran mənbə hesab edir ki, artıq hökumət ən çox valyuta axınının aqrar sektordan qaynaqlandığını nəzərə aldığından, son illər KTN-yə ayrılan dövlət vəsaitinin xərclənmə səmərəliliyini yoxlayıb, yekunda əlavə tədbirlər həyata keçirmək qərarını nəzərdən keçirib. Saytı məlumatlandıran mənbə hesab edir ki, ola bilsin Kənd Təsərrüfatı Nazirliyinə tabe qurumlar Maliyyə Nazirliyinin və Hesablama Palatasının xətti ilə yoxlanıldıqdan sonra bir sıra qərarların alınmasını tezləşdirsin.

Faktinfo.az saytına verilən məlumatda o da qeyd olunur ki, KTN-yə tabeli qurum Aqrar Xidmətlər Agentliyi (AXA) aqrar sektorun 70 faizini əhatə etdiyindən, ilk əvvəl orada fevral ayının 6-dan Hesablama Palatası yoxlamalara başlayıb. Yoxlamaların aprel ayını da əhatə edəcəyi, hər hansı güzəştin edilməyəcəyi yüksək faizlə təxmin edilir. O səbəbdən də yoxlamalara 7-8 nəfərdən ibarət ən peşəkar təftişçilər cəlb edilib. O da gözlənilir ki, alınan qərarlardan biri ola bilsin, AXA-nın nazirliyin tabeçiliyindən çıxarılması olsun, müstəqil quruma çevrilsin, KTN-də isə idarəetmənin optimallaşdırılması məqsədilə islahatlar aparılsın.Bu kimi bir neçə istiqamətin seçiləcəyini artıq nazirlikdə məsul vəzifələrdə olanlar da bilir.Hətta bir neçə şəxsin məsuliyyətə cəlb edilə biləcəyi ehtimalı danışılır.

Aparılan yoxlamalar və təftiş edilən sahələrə gəlincə, siyahıda Dövlət Sort Sınaq məntəqələri də var. Burada təftiş edilən istiqamətlərə isə Dövlət Sort Sınaq məntəqələrinin subsidiyalaşması zamanı fermer kart sahiblərinin kimliyi, kartlara köçürülən vəsaitlərin miqdarı, məntəqələrdə istehsal olunan məhsulun neçə sentiner olması, məvaciblərin verilməsi, torpaq analiz pullarının hansı hesaba köçürülməsi və sonradan hansı istiqamətlərə xərclənməsi, vəsaitlərin səmərəliliyi və s. məsələlərə də ciddi yanaşıldığı qeyd olunur.

Bu arada KTN-nin xətti ilə paylaşılan tablolardan aydın görünür ki, bütün istiqamətlər üzrə məhsuldarlıqda artım olub. Bir sıra rayonların Dövlət Sort Sınaq məntəqələrində isə məhsuldarlığın aşağı olduğuna dair xəbərlər dolaşır. Bu xəbərlərin də nə dərəcədə səhv və ya düz olması, yoxlama gedişi zamanı hansı anlam daşıya biləcəyi təbii təcrübəli yoxlama qrupunun nəzərindən yayına bilməz, - deyə məlumatda bildirilir.

FAKTİNFO.AZ

Geri qayıt