Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kəndlilər susuzluqdan əziyyət çəkir, artezian isə təhvil verilmir

Kəndlilər susuzluqdan əziyyət çəkir, artezian isə təhvil verilmir


31-03-2023, 11:42
Kəndlilər susuzluqdan əziyyət çəkir, artezian isə təhvil verilmir
Ağdaş rayonunun Xınaxlı kəndində susuzluq problem var. Kənd sakinləri Meydan TV-yə danışırlar ki, həm içməli, həm də suvarma suyu çatmır.

“21-ci əsrdir, biz hələ də içməli suyu evlərə vedrə ilə daşıyırıq”, – sakinlərdən biri deyib.

Kənddə 2 artezian quyusu var, amma bu quyuların suyu kənd camaatına çatmır.

“Ötən il üçüncü artezian quyusu qazılanda çox sevindik. Quyunu qazdılar, sonra da çıxıb getdilər. Su çatışmazlığından danışırlar, kənddə camaat içməli su tapmır. Amma 1 ildir qazılan arteziandan çıxan su axaraq israf olur. Dəfələrlə müraciət etməyimizə baxmayaraq nə artezianı qoşurlar, nə də axan suyun qarşısı alınır. Bu, su ilə imtahana çəkilən insanları ən azı ələ salmaqdır”,- daha bir kənd sakini deyib.

O əlavə edib ki, problemlərini həll etmək əvəzinə sudan şikayət edənlərə müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar:

“Kənddə onsuz da yaşayış çətindir, əkin-biçin üçün su yoxdur. Mal-qara saxlayanların sayı get-gedə azalır. İndi heç kimin evində 3-4 baş heyvan yoxdur, hamı suvarma və saxlama xərclərinə görə satıb”.

Kənddə internet xətti də yoxdur. Kəndlilər deyirlər ki, dolanışıq get-gedə çətinləşir, kontur vurmağa da pul çatmır. Buna görə də, problemlərlə bağlı tez-tez zəng edib etirazlarını bildirə bilmirlər.

Kənd sakini Elşən Hüseynov deyib ki, pul yığıb artezianı elektrik xəttinə qoşmaq istəyiblər, hətta motor da var. Buna baxmayaraq, artezianın niyə istifadəyə verilmədiyi bəlli deyil:

“Torpağa axıb bataqlıq yaradan suya görə bizim dodağımız yeddi yerdən çatlayır. Artezianı bu vəziyyətdə qoyub getmək məsuliyyətsizlik deyil, cinayətdir”.

Xınaxlı kəndinin inzibati ərazisinə daxil olduğu Kotavan Kənd İcra Nümayəndəliyindən Meydan TV-yə bildiriblər ki, həmin quyu subartezian quyusudur, dövlət tərəfindən qazılıb və qazıntısına sifariş verən qurum tərəfindən də istifadəyə verilməlidir.

“Deyilənə görə icazə alıb elektrik şəbəkəsinə qoşulmalıdır və təhvil verilməlidir. Niyə təhvil verilmədiyinə dair məlumatı ancaq Meloriasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti verə bilər. Çünki quyunun qazıntısı bu qurum tərəfindən həyata keçirilib”.

Meydan TV məsələ ilə bağlı Meloriasiya və Su Təsərrüfatı ASC-yə sual ünvanlayıb, lakin hələ cavablandırılmayıb.
//Meydan TV//
Geri qayıt