Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yeni rəhbərlik səfərbərlik sisteminə ƏL ÇƏKƏCƏKMİ?

Yeni rəhbərlik səfərbərlik sisteminə ƏL ÇƏKƏCƏKMİ?


20-04-2023, 11:42
Yeni rəhbərlik səfərbərlik sisteminə ƏL ÇƏKƏCƏKMİ?
Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilmişdir.

Bu məlumatla bağlı Arzu Rəhimovla əlaqə saxlayan media nümayəndəsinə Arzu Rəhimov "Cənab Prezident məni işdən azad edibsə, deməli, belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq" - cavabını verib.

Jurnalistlərlə dost olmaq deyərkən nəyi nəzərdə tutub bilmirik, amma sözün düzü, "gəlin dost qalaq" deyərkən də, nəyi nəzərdə tutduğunu anlamaqda da çətinlik çəkirik.

Bu bir sətiraltı təhdidmi, yoxsa təklifmi?

Özünü deyə bilmərik, amma bir şeyi dəqiq bilirik ki, ayrı-ayrı rayonlar üzrə vəzifəyə təyin etdiyi şəxslərin əksəriyyəti nə jurnalistlərlə, nə də vətəndaşlarla dost deyildilər. Əksinə, vətəndaşları "pul kisəsi" gözündə görür, eyni zamanda onlarla qapısına gələn dilənçi kimi rəftar edirdilər. Halbuki, o vətəndaşlarda aldıqları rüşvətlə milyonlara sahib olurlar.

Məsələn, ötən ay "DogruXeber.az"a müraciət edən Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov elə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında, "Kanalın zamanı" proqramında - canlı yayımda açıqladı ki, rayon hərbi komissarlığı xəstə oğlunu hərbidən yayındırmaq üçün ondan 7.000 (yeddi min manat" rüşvət tələb edib.

Həmçinin, Şamaxı rayonunun bir kəndinin 300 nəfər gəncini "dəli" kimi qeydiyyata alan Şamaxı rayon SHXÇDX barəsində də redaksiyamızda məlumat dərc edilmişdi.

Bundan əlavə, xatırlayırsınızsa 05.06.2021-ci ildə Beyləqan rayon sakinlərinin müraciəti əsasında "DogruXeber.az" informasiya portalında "Beyləqan hərbi komissarlığında "əsgər biznesi" - İddia //VİDEO" başlığı ilə məlumat dərc edilmişdi. Məlumatda rayon sakinlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Məmmədov Əlsafa Musa oğlunun 44 günlük ikinci vətən müharibəsi zamanı 7-10 min manat rüşvət alaraq, bəzi şəxsləri səfərbərlikdən yayındırması, rüşvət verməyən ailə başçılarını, evin tək övladlarını və sair müharibəyə aparıldığından narazılıqları, eyni zamanda Arzu Rəhimovun yaxını olduğunu öz əksini tapmışdır.

Hətta, vətəndaşların iddiaları ilə bağlı Əlsafa Məmmədovun mövqeyini öyrənmək istədiyimiz zaman telefonda bizə "gedin işinizlə məşğul olun" deyə, "məsləhət" vermişdi. Halbuki, biz işimizlə məşğul olduğumuz üçün onun mövqeyini dinləmək istəmişdik.

Uzun sözün qısası bu məlumat dərc edildikdən sonra telefonda bizimlə kobud danışıb, telefonu üzümüzə bağlayan Əlsafa Məmmədov başladı məlumatı silməyimiz üçün minnətçilər göndərməyə. Təbii ki, ondan fərqli olaraq, rüşvət müqabilində insanların taleyi ilə (qumar) oynamaq bizim əqidəmizə zidd olduğu üçün bütün təklifləri rədd etdik.

Az müddət sonra Arzu Rəhimov Əlsafa Məmmədovu tutduğu vəzifədən azad etdi.

Yox... Düşündüyünüz kimi deyil. Beyləqan rayonundakı şöbənin rəisi vəzifəsindən azad etdi və onunla fəxr edən yaxınına qıymayıb, eyni vəzifəyə - Sabirabad rayonuna SHXÇDX-nə rəis təyin etdi.

Bəli, 'bığdan götürüb saqqala qoydu". Bu isə Əlsafa Məmmədovun barəsində rayon sakinlərinin bütün iddialarını sübut etmək demək idi. Hansı ki, sakinlər iddia edirdilər ki, Əlsafa Məmmədov deyir, "Arzu Rəhimov mənim yaxınımdır." Rüşvət alarkən də deyirmiş, "tək deyiləm, yuxarı da hesab verirəm".

Ölkə başçısının müvafiq sərəncamına əsasən Əlsafa Məmmədovun "damı çökdü". İndi gözləyək görək Arzu Rəhimovun yaxınları vəzifədə nə qədər oturacaqlar. Təbii ki, bu məsələdə Arzu Rəhimovun yerinə təyin ediləcək şəxsin kimliyi də vacib əhəmiyyət daşıyır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt