Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hələ də səfərbərlik sistemində SÖZ KEÇİRƏ BİLİR...
Hələ də səfərbərlik sistemində SÖZ KEÇİRƏ BİLİR...13-06-2023, 09:35 |
Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb. Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik. “Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Belə ki, Xidmətin bəzi rayon rəhbərləri hələ də köhnə qaydalarla işləməkdə davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində baş verənlər deyilənləri təsdiq edir. Ağstafa rayon hərbi komissarının fəaliyyəti bazar iqtisadiyyatına uyğun qurulmaqdadır. Burada kapitalizmin yırtıcı qanunları işləyir. Ona görə Ağstafanın hərbi komissarı bəzi hallarda kimlərinsə gözünün düşməni, kimlərinsə gözünün işığı olur. Çünki hərbi komissar onun maddi maraqlarını təmin edənləri razı yola salır, edə bilməyən kasıb-kusub, yoxsul, qarnına bir tikə çörək tapa bilməyənləri isə narazı… Yəni pulunu verən Ağstafa hərbi komissarlığında “şəklini çəkdirir”, verməyən isə xəstə ola-ola hərbi xidmətə göndərilir. Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, xəstə bir yeniyetmə hərbi xidmətə aparılıb. Həmin gənc Əhmədov Elşən Tanrıverdi oğludur. Onun anası mediaya açıqlamasında bildirib ki, Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Onun sözlərinə görə, övladı Qazax xəstəxanalarında yatıb, uşaqda özündəngetmə halları var, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ancaq yenə də uşağı əsgərliyə aparıblar. O, oğlunun xəstəsi olduğunu bildirib. “Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Bu necə ola bilər? Elşən Gəncə, Qazax xəstəxanalarında yatı, özündən getmə halları, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ağstafada Mahir həkim məndən 4 min manat istədi ki, uşağın işini həll edək. Mən də məcbur qalıb kreditə girib həmin pulu verdim. Ancaq yenə də uşağı əsgərliyə apardılar”. Əsgər anası bildirir ki, arabir komandiri vasitəsi ilə danışır: “Xahiş eləmişəm ki, ona nəzarət etsinlər. Gecə öz-özünə gəzir. Qorxuram ki, özünə xəsarət yetirər. Belə bir xəstə uşağı necə əsgər aparmaq olar? Üstəlik, həkim pulumu aldı, mənimlə də kobud danışdı. Mənim uşağım sağlam, ağlı yerində olsaydı, bu qədər narahatlıq keçirməzdim. Deyərdim ki, qoy əsgərliyini çəksin. Amma bilirəm ki, xəstədir. Onu bu yaşına qədər saçını kəsdirməyə özüm aparırdım, yəni belə bir uşaqdı. Ona görə aidiyyatı orqanlardan, Səfərbərlik Xidmətinin yeni rəhbərliyindən xahiş edirəm ki, oğlumu nəzarətə götürsünlər”. Onu da bildirək ki, bu Ağstafada bu ilk fakt deyil, dəfələrlə belə xəstə uşaqlar əsgərliyə aparılıb. Hətta bundan əvvəl xəstə uşağı əsgər aparmamaq üçün valideynindən 1000 manat tələb olunmuşdu. Maraqlı burasındadır ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbərliyi ayıbına kor olmaq əvəzinə məlumatın yanlış olması haqda mətbuata açıqlama verib. Amma məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu məsələ barədə yuxarı dairələrə məlumat verildikdən sonra Ağstafa hərbi komissarının müavini işindən azad olundu. Yəni komissar müavini qurban verərək özünü təmizə çıxarmağa çalışdı. Lakin hərbi komissar bu gün də qanunsuz əməllərini davam etdirir. Baxmayaraq ki, onun xəstə uşaqları əsgər göndərməsi faktları dəfələrlə gündəmə gəlib, hələ də öz iş “prinsip”lərindən əl çəkməyib. Onun öz müavinini “günah keçisi” kimi qurban verməsindən sonra gözlənilirdi ki, bəlkə öz fəaliyyətini korrektə edər, ən azı əvvəlki addımları bu dərəcədə təkrarlamaz. Amma göründüyü kimi, hələ də Ağstafa hərbi komissarlığında pul vermədinsə xəstə uşaqları əsgərliyə aparırlar. Hərbi komissar xəstə uşaqları əsgərliyə göndərərkən “uf” da demir və onların valideynlərinin hansı hisslər keçirdiklərini, nələr yaşadıqlarını anlamaq istəmir. Maraqlıdır ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəhbəri Xidmətdə yeni rəhbər dəyişikliyini görməzdən gəlir və qohumu, sabiq komissar Əliağa Hüseynovdan qalan prinsipləri yaşatmaqla faktik olaraq rəhbərliyə meydan oxuyur. Ümumiyyətlə, xəstə bir gənci rüşvət verə bilmədiyi üçün orduya xidmətə göndərmək rəzalətdir. Üstəlik, söhbət qalib Ordudan, müharibədə zəfər çalmış müzəffər ordudan gedir. 44 günlük Vətən müharibəsindən sonra bu cür neqativ hallara son qoyulmalıydı, amma Ağstafa hərbi komissarı üçün fərq etmir, yenə də köhnə əməllərindən geri qalmır. Həmçinin, bir müddət əvvəl mediada məlumat yayılmışdı ki, xidmətə yararsız hərbi qulluqçuların komissiyyadan keçirilməsi zamanı onlardan 200-300 manat arası tələb edilir. Bundan əlavə hərbi xidmətə səfərbər edilən hərbi qulluqçuların xidmət yerlərinin öncədən təyin edilməsi prosesi hərbi birləşmələrin yerləşdiyi rayonlardan asılı olaraq müxtəlif vəsait müqavilində həyata keçirilir. Qeyd olunur ki, əgər araşdırılsa, Ağstafa rayonunda xeyli sayda sağlam gənc müxtəlif yollarla hərbi xidmətə “yararsızlaşdırılıb””. //cumhuriyyet.az// Geri qayıt |