Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fərhad Əliyev 2005-ci ildə yağmalanan 81 milyon manatlıq sərvətinin davasına çıxıb

Fərhad Əliyev 2005-ci ildə yağmalanan 81 milyon manatlıq sərvətinin davasına çıxıb


5-02-2014, 15:41
Fərhad Əliyev 2005-ci ildə yağmalanan 81 milyon manatlıq sərvətinin davasına çıxıb
DİA.AZ: - Azərbaycanda özəlləşdirmə bumuna nəzarət etmiş və bu proses nəticəsində böyük pullar əldə etdiyi iddia olunan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ 2007-ci ildə barəsində qurulan məhkəmə istintaqı zamanı məlum ittihamların hədəfinə çevrilmişdi. Doğrudur, həmin məhkəmədə bir çox mətləblərə toxunulmadı, üzərindən keçildi ki, bu da proses zamanı hələ də vəzifə başında olan məmurların da pay almalarından dolayı idi. Yəni özəlləşdirmə bazarında əksəriyyətə pay çatdığından 2007-ci ildəki məhkəmə bir növ ötəri xarakter daşıdı. Tərəflərin heç biri dərinə getmək istəmədi.

Hətta məhkəmə iclaslarının birində Fərhad Əliyevdən dövlət müəssisələrindən birinin özəlləşdirilməsilə bağlı hakim sual verdikdə keçmiş nazir «arxasında dayana biləcəksinizsə, faktları açıqlayım» deyərək cavab vermişdi. Sonradan təbii ki, hakim sorduğu sualın cavabını eşitməyə maraq göstərmədi. Bu isə məlum prosesdəki qaranlıq mətləblərdən xəbər verməkdə idi.

Bütün bunları DİA.AZ-a xatırladan məlumatlı mənbə bildirir ki, dövrünün ən zəngin oliqarx-məmurlarından olan Fərhad Əliyevin əmlakı həmin ərəfədə, yəni keçmiş nazir həbs olunduqdan sonra hazırda vəzifə başında olan 3 məmur tərəfindən rəsmən yağmalandı. Mənbə bildirir ki, yağmalanan var-dövlət arasında Fərhad Əliyevin yaxın adamlarına məxsus «Prestij» mağazalar şəbəkəsindəki qızıl-zinət əşyaları da var idi.

Mənbəmiz bildirir ki, həmin mağazalardan qiyməti təxminən o dövrün dəyərləndirməsilə 46 milyon manat, indiki qiymətlərlə 81 milyon manat olan qızıl-zinət əşyaları müsadirə olunaraq, qeyd olunan 3 nüfuzlu məmur arasında bölüşdürüldü.

Təbii ki, bu söhbətlər boşuna xatırlanmır. Redaksiyamıza verilən bilgilərdən aydın olur ki, son prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən əfv olunan Fərhad Əliyev indi «Prestij»də yağmalanan sərvətlərinin peşinə düşüb. Mənbənin söylədikləri: «Bu günlərdə Fərhad Əliyev yaxınları ilə danışıqlarında «Prestij»dən söhbət salıb və əlində həmin dükanlardakı malların tam siyahısının olduğunu bildirib».

Mənbəmiz əlavə edir ki, «yağmalanma» zamanı mağazalarda indiki pula 400 min manata yaxın nağd pul da olub: «Fərhad Əliyev həmin nağd pulun peşinə düşməsə də, qızıl-zinət əşyalarının indi harada olması ilə bağlı araşdırma apartdırır. Hər halda, bu araşdırma səbəbsiz deyil və keçmiş nazir hazırki situasiyanı dəyərləndirərək sərvətini geri tələb edəcək».

Geri qayıt