Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda DURUM GƏRGİNDİR

Naxçıvanda DURUM GƏRGİNDİR


19-07-2023, 11:40
Naxçıvanda DURUM GƏRGİNDİR
Naxçıvan şəhərinin Qaraçuq, Qaraxənbəy, Bulqan kənd sakinlərinin əkin sahələri susuzluqdan yanır. Buna səbəb kəndlərdə olan artezian quyularının uzun müddətdir işləməməsidir. DİA.AZ bildirir ki, bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən sakinlərin bildirdiyinə görə, artezian quyularında əslində heç bir texniki problem də yoxdur. Onların sözlərinə görə, yerli məmurlar artezian quyularını işlətməmək göstərişi verməklə əhalinin əkin sahələrini qəsdən qurudurlar.
Şikayətçilərdən S. İsayev deyir ki, artezianların heç bir səbəb olmadan dayandırılması əhalidə ciddi narazılıq yaradıb:
“Yüzlərlə sakinin bu artezianlardan həm həyətlərindəki əkin sahələrini suvarır, həm də içməli su kimi istifadə edirdi. İndi elə bir vaxtdır ki, həyətlərdəki bağı, bostanı suvarmasan tez bir zamanda quruyur. Əgər artezianlar işləməsə nəyinki əkinlər, hətta ağaclar da quruyacaq. Əhalinin bir hissəsi Araz çayından vurulan sudan istifadə edərək əkinlərini, həyətlərindəki meyvə ağaclarını suvara bilir. Bu yetərli deyil. Böyük hissə isə əsasən artezianlardan istifadə edirdi. Bu il artezianları heç bir səbəb olmadan dayandırıblar. İstifadə etməyə imkan verilmir. Bu isə sakinlərə ciddi ziyan vurur. Qəsd etməkdə məqsədləri nədir, bilmirik. Yəqin ki, bəzi məmurlar əhalini dövlətdən narazı salmaq istəyir”.
Digər şikayətçi T. Cavadov deyir ki, artezianlar işləməsə də onlardan su pulu yığılır:
“Hər kənddə bir neçə artezian quyusu var. Heç bir nasazlıq yoxdur. Hər ay pul yığsalar da artezianları işə salmırlar. Hər il bu zaman bütün artezianlar işləyirdi. Bu ilin əvvəlindən dayandırıblar. Bəzi yerli məmurlar sanki təxribat törədirlər. Təcili artezianlar işə salınmalıdır. Bu cür gedərsə kəndlərdəki yaşıllıqlar da məhv olub gedəcək.”

Geri qayıt