Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Arzu Rəhimovun Füzulidəki adamından BAHALAŞMA QƏRARI...
Arzu Rəhimovun Füzulidəki adamından BAHALAŞMA QƏRARI...26-07-2023, 10:30 |
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi torpaqlarımızın 30 illik işğaldan azad olunması ilə nəticələndi, milli qürurumuzu möhkəmləndirdi, Azərbaycanın üzərindən “məğlub ölkə” damğasını götürdü. Amma eyni zamanda Vətənin minlərlə igid övladı şəhid oldu, qazi oldu. Bəli, müharibə hətta qalibiyyətlə nəticələnsə də belə ölüm deməkdir, çoxlarının qorxduğu ölüm. “Münaqişə bitdi” desək də, savaşdan sonra da Vətən ara-sıra şəhid verməkdə davam edir, erməni millətçiləri hələ də revanşist hisslərlə yaşayır, sərhəddə, təmas bölgələrində təxribatlar törədirlər. Münaqişə ocağının odu öləzisə də, külü hələ közərməkdə davam edir. Bu közü hərdən körükləyənlər də tapılır. Müharibədən, ölüm-itimdən qorxanlar yenə də müxtəlif yollarla oğullarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Bu hədəfə yetişməyin bəlli və ənənəvi üsullarından biri və bəlkə də birincisi çağırış yaşlıların hərbi xidmətə tam yararsız və ya məhdud yararlı olmalarına dair şəhadətnamə almaqdır. Sağlam adamın buna nail olmasının yolu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məmurları və həkim komissiyasınınüzvləri ilə sövdələşmədən keçir. RealMedia-az.life xəbər verir ki, aşkar müşahidə olunmaqdadır ki, Vətən müharibəsindən sonra “voenkomatlar” qiyməti qaldırıblar. Məsələn, Füzuli rayonunun bir çox sakinlərinin çayxanalarda, xeyir-şər məclislərində etdikləri “Allah-bəndə söhbətlərini” dinləyəndə adamın qulağı mütləq çalır ki, SHXÇDX-nin Füzuli rayon şöbəsi İndi “komissovat” olunmağın pulunu müharibəyəqədərki 2500-3000 manatdan 6000-8000 manata qaldırıb. Camaat bunu çəkinmədən danışır. Çünki az qala hamı qonum-qonşuda, dost-tanışda kimciyəzində rüşvət verib belə bir iş düzüb-qoşduğunu eşidib. Belə söz-söhbətlərin artması isə həqiqi vətənpərvər gənclərdə də ikrah hissi doğurur və xoşagəlməz atmosfer yaradır. Yadınızdadırsa, Vətən müharibəsi dövründə və ondan sonrakı ilk aylarda vəzİyyət bam-başqa idi. Gənclər arasında Silahlı Qüvvələrin sıralarında müddətdən artıq xidmət keçməyə meyl güclü idi. Amma indi Azərbaycan Ordusunda xidmət etməyin şərəf tərəfi tərəzidə nə qədər ağır gəlsə də, təhlükəsi də bir o qədər çoxalıb. Yaxud da, çoxalmış kimi təqdim olunur. Ramin Məhəmmədoğlu, RealMedia-az.life Geri qayıt |