Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Sovetski» sakinləri Yasamal icra hakimiyyətinə inanmır

«Sovetski» sakinləri Yasamal icra hakimiyyətinə inanmır


13-02-2014, 15:52
«Sovetski» sakinləri Yasamal icra hakimiyyətinə inanmır
DİA.AZ: - Məlum olduğu kimi, Bakının ən iri yaşayış massivlərindən olan keçmiş «Sovetski» küçəsi kimi tanınan ərazi plana düşüb. Plana uyğun olaraq artıq sakinlərlə danışıqlar aparan müvafiq dövlət qurumları elə ilk başdan təqdim etdikləri kompensassiyanın miqdarı ilə evlərinin sökülməsinə tədarük görülən vətəndaşlarda qəzəb yaratdılar. Artıq kütləvi aksiya qərarı da verilib və qərarın 16 fevral tarixinə təyin edildiyi söylənilir.

Bununla bağlı DİA.AZ-a məlumat verən evi plana düşən vətəndaşlardan biri bildirdi ki, artıq aksiya qərarı Yasamal rayon icra hakimiyyətini narahat etməyə başlayıb: «Amma burada da ayrıseçkilik edirlər. Əvvəl deyirdilər ki, ancaq 1500 manatdan pul verirlər. Sonra gördülər ki, camaat narazıdır, dedilər ki, problemə individual yanaşılacaq. Hər kəslə fərdi qaydada danışılacaq.

Bu da bir oyundur. Baxırlar, kim fəallıq edir, kim narazılıq edir, kim haqqını tələb etmənin yolunu bilir, həmin adamları kənara çəkirlər. Adı da o olur ki, proses fərdi qaydada yola verilir. Belə özbaşınalıq olar? Arada qazananı Yasamal rayon icra hakimiyyəti olacaq. Nə qədər pul ayrılıbsa, həmin pulun ən azından yarısını ciblərinə qoyacaqlar».

Vətəndaş bildirir ki, onlar bu şəkildə bölgü ilə razı deyillər: «Qoy bu işə başqa bir dövlət qurumu nəzarət eləsin. Biz Yasamal icra hakimiyyətinə inanmırıq».

Onu da bildirək ki, artıq keçmiş «Sovetski» ərazisində evləri plana düşən bəzi vətəndaşlara mənzilinin hər kvadratmetrinə görə 2000 manat pul təklif edilməsi haqda məlumat da almışıq.

Geri qayıt