Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İqtisadiyyat Nazirliyinə tabeli qurumlara bahalı məsləhətlər verən “Omni” QSC kimlərə məxsusdur?

İqtisadiyyat Nazirliyinə tabeli qurumlara bahalı məsləhətlər verən “Omni” QSC kimlərə məxsusdur?


22-09-2023, 12:32
İqtisadiyyat Nazirliyinə tabeli qurumlara bahalı məsləhətlər verən “Omni” QSC kimlərə məxsusdur?
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Məsləhət xidmətlərinin göstərilməsi”nin satın alınması üzrə 14.08.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “Omni” Qapalı Səhmdar Cəmiyyəti ilə 1.496.000,46 manat məbləğində satınalma müqaviləsi bağladığını 21.09.2023-cü ildə dövlət satınalmalarının rəsmi internet səhifəsində açıqlayıb.

Tenderin şərtlərinə görə “Omni” QSC 30.12.2023-cü il tarixədək Azərbaycan Respublikasının Şuşa şəhərində 5 ulduzlu Otel-Konfrans Mərkəzi Kompleksinin tikintisinin və idarəetməyə verilməsi işlərinin başa çatdırılması məqsədilə əlavə iş, mal və xidmətlərin alınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə məsləhət xidmətlərinin verilməsi üçün podratçılarla yeni müqavilələrin bağlanması, əlavə müqavilələr üzrə danışıqların aparılması və bu sahədə bağlanılacaq müxtəlif xarakterli sənədlərin (niyyət protokolu, saziş, razılaşma, müqavilə və s.) layihələrinin hazırlanması;

Azərbaycan Respublikasının Şuşa şəhərində mərkəzi küçə ərazisində dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələndirmə və tikinti işləri ilə əlaqədar investisiyaların cəlb edilməsi və hüquqi sənədlərin tərtib edilməsi sahəsində müqavilələrin bağlanılmasına hüquqi dəstək göstərilməsi;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək müxtəlif investisiya layihələri üzrə investorlarla və podratçılarla bağlanılacaq müqavilələr üzrə danışıqların aparılması, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı həyata keçirilən müxtəlif səviyyəli layihələr üzrə hüquqi, vergi, məsləhət xidmətlərinin göstərilməsi, müqavilə və normativ akt layihələrinin hazırlanması, hüquqi ekspertizasının keçirilməsi üzrə hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi işlərini həyata keçirəcək.

Apardığımız araşdırmalarda “Omni” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Elektron mediada yayılan məlumatlarda QSC-nin 29 oktyabr 2022-ci il tarixdə “AzerGold” QSC törəmə müəssisəyə səhmdarın cəlb edilməsi ilə bağlı hüquqi və kommersiya dəstəyinə dair məsləhət xidmətlərinin satın alınmasına görə “OMNİ” QSC ilə 330 min 400 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Daha bir məlumatda isə QSC-nin Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services, LLC” şirkəti arasında bağlanmış “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə “R.V. İnvestment Group Services, LLC” şirkətinə məxsus payların alqı-satqı üsulunun müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı məsləhət xidmətinin satın alınmasına dair elan etdiyi tenderin qalibi də“OMNİ” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub və tərəflər arasında 265 min manat dəyərində satınalma müqaviləsi bağlanılıb.

Maraqlıdır Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlara ancaq məsləhət xidməti göstərən QSC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “OMNİ” Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.11.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 37, qanuni təmsilçisinin isə Alloyarov Roman Valentinoviç olduğu göstərilir.

Apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, “OMNİ” Qapalı Səhmdar Cəmiyyətinin 5 səhmdarı var.

Alloyarov Roman Valentinoviç 19, Bayramova Aygün Hüseyn qızı 30, Məmmədov Riad Eldəniz oğlu 10, Zərgərli İsmayıl Fikrət oğlu 30, Vəzirova Xatun Rzaquliyevna 11 faiz pay sahibidir.

Elektron media resurslarında şirkətin direktoru vəzifəsini 2013-cü ilə qədər hazırda Xarici İşlər naziri vəzifəsini daşıyan Ceyhun Bayramov olub. Həmin il o, Təhsil Nazirliyinin aparat rəhbəri təyin olunduqdan sonra ən azı 2017-ci ilin mayın 10-dək Ceyhun Bayramov səhmdar cəmiyyətindəki səhmlərini qoruyub saxlayıb. Düz bir il sonra, 2018-ci ilin mayın 10-da keçirilən yığıncaqda 5 nəfərdən ibarət səhmdarların arasında 30 faizlik səhm sahibi kimi artıq Ceyhun Bayramovun deyil, onun həyat yoldaşı Aygün Hüseyn qızı Bayramovanın adı keçirdi. Həmin vaxt Ceyhun Bayramov təhsil naziri vəzifəsinə irəli çəkilmişdi.

Şirkətdə 30 faiz paya sahib olan digər səhmdar isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilmiş Zərgərli İsmayıl Fikrət oğludur. O da, Ceyhun Bayramov kimi 2002-2022-ci illərdə “Omni” QSC hüquq firmasında baş hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 11 saylı vəkil bürosunun üzvüdür. 15 noyabr 2022-ci ildən 28 iyul 2023-cü ilədək SOCAR-ın prezidentinin müşaviri vəzifəsində çalışıb.

Göründüyü kimi “Omni” Qapalı Səhmdar Cəmiyyəti sıradan bir şirkət deyil. Arxasında yüksək çinli, güclü məmur dəstəyi olduğundan milyonlarla manat dəyəri olan tenderlərin qalibi olur. Nədənsə, ancaq İqtisadiyyat Nazirliyinə tabeli qurumlara məsləhətlər verir.Göründüyü kimi həm də çox qiymətli məsləhətlər verir.

Aktualinfo.org

Geri qayıt