Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > `Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır`

`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır`


25-09-2023, 12:13
`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır`
Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar icra ediblər. Səməd Vurğun 75 ünvanında "Bolmart" marketin önündə yerləşən parkinqdə avtomobil park edən vətəndaşların avtomobilləri, parkinq ərazisində 1 saata qədər ödənişsiz istifadə edə bilər. Ərazidə 1 saatdan çox qalan avtomobilin sahibindən mağazadan "edilmiş" alışveriş çekini göstərdiyi təqdirdə hansısa ödəniş gözlənilmədən ərazidən çıxmasına "icazə" verilir. Əks halda, avtomobil sahibindən 5 AZN ödəniş edilməsi tələb olunur. Vətəndaşlar ya nağd şəkildə 5 AZN ödəniş etməli, ya da 30 manat civarında alışveriş qəbzini göstərməlidir - mağazadakı gənc mühafizəçinin dediyinə əsasən.
Parkinqə daxil olarkən vətəndaşlar üzərində məlumat olmayan cihazdakı düyməyə toxunduqda üzərində heç bir məlumat qeyd olunmayan ağ rəngli kart cihazdan çıxır. Ərazidə 1 saatdan çox qaldığı müddətdə isə artıq pul tələb olunur. Pul ödəməyən və ya qəbzi göstərməyən vətəndaşların avtomobillərinin nömrələri götürülərək, parkdan çıxışına blok qoyulur.

Vətəndaşlardan pul tələb etmək və ya qəbz istəməklə bağlı parkinq ərazisində nə cihazın, nə kartın, nə də hansısa lövhənin üzərində hər hansı bir maarifləndirici lövhə yoxdur.

Bu haqda Bizimyol.info-ya müraciət edən vətəndaş qeyd edir ki, hətta bu qanunsuz pul tələbi ilə bağlı onun avtomobilinin parkdan çıxışına blok qoyulub: "Deməli, dünən axşam parkinqə girdik. Cihazın düyməsinə basanda, hər iki üzü ağ rəngdə kart çıxdı. Nə parkinqin girişində, nə kartın, nə də cihazın üzərində qiymətlə bağlı heçnə qeyd olunmamışdı. Parkinqdə saxladıq. Çıxanda "Bolmart"ın içərisindəki gənc mühafizəçidən soruşdum ki, kart verib, amma heçbir məlumatverici yer, lövhə yoxdur. Ödəniş harda necə və neçəyə olur? Dedi ki, 1 saat pulsuzdur, 1 saatdan sonra 5 manat ödəməlisiniz. Əgər marketdən 30 manatlıq alışveriş etmisinizsə, çeki göstərib, ödəniş etmədən gedə bilərsiniz. Ödənişi də parkinqin çıxışında balaca kabinetdə oturmuş digər gənc "mühafizəçi" əməkdaşa ödəməli olduğumuz bildirildi. Deməli, biz çıxışa gedib, bunu sınamağa çalışdıq. Əyani olaraq yaşadıq - çıxışda kart işləmədi. Kupedəki oğlan qaçaraq gəldi, kartı götürüb, "maşını kənara çəkin, sistemə baxım" - dedi. Gedib öz kupesində yoxladı. Ora yaxınlaşdıq, dostum ona izah etməyə çalışdı ki, mən bilsəm ki burda bu qiymətdir mən heç parka girməzdim. Ödəniş edənədək avtomobilimizi oradan çıxarmağa icazə vermədilər. Maşının seriya nömrəsini götürüb, çıxışa blok qoymuşdular" - deyə, vətəndaş bildirir.

Məsələ ilə bağlı qeyd olunan ünvana yollandım və deyilən hər şeyin həqiqətə uyğun olduğunu gördüm. Çəkiliş zamanı yerli mağazanın müdiriyyəti gəlib, ödənişlə bağlı izahat verməyə çalışsa da, "Nə üçün məlumatlandırıcı lövhə yoxdur? Niyə giriş kartlarının üzəri ağdır, məlumat qeyd olunmayıb? Bir saatdan artıq parkda avtomobil saxlayandan beş manat alınması hansı əsasa dayanır? Bu, sizdə hansı qanunla tənzimlənir?" kimi sualları cavabsız qoydu.



Mağaza müdiri heç bir cavab vermədi və dedi ki, onlar sadəcə göstərişi icra edir, gərək bu haqda mağazanın baş ofisi ilə əlaqə saxlayaq. Ofislə əlaqə saxladıq, suallarımıza cavab vermədilər, daha sonra bizi "Bolmart"ın Nadir adlı hüquqşünasına yönləndirdilər. O da bizi Bəyəndik adlı başqa bir hüquqşünasa yönləndirdi. Həmin hüquqşünas deyilənlərin sadəcə bir iddia olduğunu, həmin mağazanın parkinqində elə bir problem olmadığında israr etdi. Biz videogörüntüləri və sorğumuzu ötən həftədən özlərinə göndərsək də, hələlik qarşı tərəfdən heç bir reaksiya, açıqlama gəlməyib. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşlarımızı belə qanunsuz və heç bir əsasa dayanmayan "pulqoparma" taktikalarına qarşı tədbirli olmağa, belə halla üzləşdikləri zaman aidiyyəti orqanlara müraciət etməyə çağırırıq.



Bizimyol.info

Geri qayıt