Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “İnşaat Konstruksiyaları” MMC ÖZBAŞINALIĞI: Fəhlə az, iş çox, kirayə pulu verilmir...

“İnşaat Konstruksiyaları” MMC ÖZBAŞINALIĞI: Fəhlə az, iş çox, kirayə pulu verilmir...


12-10-2023, 11:27
“İnşaat Konstruksiyaları” MMC ÖZBAŞINALIĞI: Fəhlə az, iş çox, kirayə pulu verilmir...
Bakının Yasamal rayonunda “alimlərin yataqxanası” kimi tanınan bina söküləndən sonra sakinlər çətin duruma düşüblər. Pilot layihəni həyata keçirən “İnşaat Konstruksiyaları” MMC yeni binanı 2016-cı ildən bəri tikib istifadəyə vermir. Sakinlər illərini kirayələrdə keçirir. Onların bəzisi beş ildir kirayə pulu da almadığını bildirir.
Bizimyol.info xəbər verir ki, “İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə köçə biləcəklərini vədini etmişdi. Binada görüləcək iş də az deyil. Üstəlik, bəzi mənzillərin bir neçə şəxsə satılması faktları ortaya çıxıb. Məsələyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qarışıb.

Şikayətçilərdən Rəvanə Əsədova xatırlayır ki, yaşadıqları bina Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin iştirakı ilə sakinlərin icazəsi olmadan sökülmüşdü: “Bizimlə o vaxt elə davrandılar, indi də belə. Nə qədər stres keçirmək olar?! Heç nəyə köklənmək olmur. Küçələrdə qalmışıq”.

Pərviz Bədəlov deyir ki, məhdud məsuliyyətli cəmiyyətdən konkret söz ala bilmirlər. “İnşaat Konstruksiyaları” daha 200 alıcıya mənzil satıb. İndi “alimlərin yataqxanası”nın sakinləri bilmir ki, kimin mənzili harada olacaq: “Binanın üstünü bəzəyiblər, amma içəridə arakəsmələr hörülməyib, işıq, su xətləri axıra qədər çəkilməyib. Binanın damında izolyasiyalar yekunlaşmayıb. Liftlər qoyulmayıb. Xərc aparan işlərin hamısı qalıb. Yalnız kosmetik addımlar atılıb. Görüntü yaratmaq istəyirlər ki, guya binada iş dayanmayıb. Burada heç vaxt 10-15 fəhlə işləməyib, uzağı 2-3 nəfər”.

Hacımurad Mirzəyev deyir ki, bu məsələyə görə həyatından bezib. Hər ay artıq 120 manat kirayə pulu verir: “Gül kimi təmirli evimizdə yaşayırdıq. Nə günə qoydular bizi...”

“İnşaat Konstruksiyaları” MMC-nin Nizami rayonunda inşa etdiyi binadan da şikayətlər var. Məhdud məsuliyyətli cəmiyyətin rəhbəri Rauf Əliyev mətbuata açıqlamasında haqqında danışılan binanın 2024-cü ilin martında təhvil veriləcəyini deyib. Onun sözlərinə görə, müvəqqəti maliyyə sıxıntıları olub, indi hər şey qaydasındadır: “Son tamamlama işləri qalıb. Onu da həll edəcəyik”.

Tikintidəki qanunsuzluqları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırması məsələnin qısa zamanda həllini tapmayacağını deyir. Üstəlik, oxşar halların baş verməsi şübhələri qalır. Şikayətçi Məzahir Cəfərov iddia edir ki, hələ də mənzillər bir neçə şəxsə satılır.
//Bizimyol.info//
Geri qayıt