Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vasif Talıbovun şirkəti SABOTAJA KEÇİB?
Vasif Talıbovun şirkəti SABOTAJA KEÇİB?13-10-2023, 11:08 |
Naxçıvanda fəaliyyət göstərən “Nəqşicahan MED” MMC-də kütləvi ixtisarlar başlayıb. DİA.AZ bildirir ki, ixtisara düşən əməkdaşlar „Gündəlik Naxçıvan“a bildirirlər ki, işdən çıxarıldıqlarına görə onlara kompensasiya ödənilməyib. Bundan əlavə, həm ixtisara düşənlər, həm də hazırda şirkətdə çalışanlar iki aydan artıqdır ki, maaşlarını ala bilmirlər. Məlumata görə, MMC indiyə kimi işçilərin böyük əksəriyyətini, yəni 30 nəfəri işdən azad edib. Hazırda şirkətdə çalışan B. S. deyir ki, ixtisarlardan sonra cəmi 10 nəfər işdə qalıb: “Dedilər ki, siz qalıb işləyin, hər şey yaxşı olacaq. Hər gün işə gedib-gəlirik. İki aydır bizim maaşlarımızı vermirlər. Bu gün-sabah deyərək, yubadırlar. Belə getsə maaşlarımızı ala bilməyəcəyik. Çünki, işdən çıxarılan 30 nəfər işçinin son haqq-hesablarını və ödənişlərini də ödəməyiblər. Onlar da ödənişləri almaq üçün yollarda qalıblar. Hər gün mühasibatlığa müraciət edirlər. Əmək müfəttişliyinə şikayət də yazıblar. Lakin onların da şikayətinə baxan yoxdur”. İxtisara salınanlardan Z. Məmmədov da həm qanunsuz işdən çıxarılmasından, həm də son ödənişlərinin verilməməsindən şikayətlənir: “Dedilər ki, iş yoxdur, maaşları ödəyə bilmirik. Mənimlə bərabər 30-a yaxın işçini işdən çıxardılar. İşdən çıxararkən söz verdilər ki, bir neçə günə son haqq-hesablarımızı və ödənişlərimizi ödəyəcəklər. Aylar keçir, lakin son ödənişlərdən xəbər yoxdur. Deyirlər ki, iflas olmuşuq, pul yoxdur. Qanunsuz işdən çıxarılmağımız və son ödənişlərimizin verilməməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyinə ərizə ilə müraciət etmişik. Bu günə qədər məktubumuza cavab belə verilmir. Borc içində itib batırıq. Nə pulumuzu ala bilirik, nə də ki, iş tapa bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə”. Əvvəllər keçmiş yerli hakim ailə Talıbovların nəzarətində olan “Nəqşicahan MED” MMC Naxçıvanda dərman və tibbi ləvazimat satışını tamamən monopoliyaya almışdı. Vasif Talıbovun istefasından sonra MMC də ailənin əlindən alınıb. Geri qayıt |