Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 44 günlük savaşa qatıldı, ağır xəstəlik tapdı: `Palmali` şefi qəbul etmədi, amma...
44 günlük savaşa qatıldı, ağır xəstəlik tapdı: `Palmali` şefi qəbul etmədi, amma...27-10-2023, 11:37 |
2020-ci ilin sentyabr ayından başlayaraq həyatın məşəqqətli bir imtahanıyla üzləşdim. Oğlum İman (İmanqulu Əmənov) 44 günlük Qarabağ savaşının iştirakçısı oldu, yedək qüvvə olaraq ara cəbhədəki mövqelərin birində xidmətə başladı. Bir müddət sonra ağır xəstəlik səbəbilə ordudan tərxis olundu və hospitala yerləşdirildi. Müayinələrdən sonra hər iki böyrəyində ciddi fəsadlar aşkarlandı və dializ xəstəsi olaraq müalicə almağa başladı. Yaşadığım Azadkənd kəndinə yaxın Şirvan şəhərindəki klinikada hər üç gündən bir dializ aparatında İmanın qanı yuyulur, qandakı kreatin təmizlənirdi. Oğlumun fiziki cəhətdən get-gedə zəflədiyini görürdüm və həyatını itirmək təhlükəsinin yüksək olduğunu başa düşürdüm. Həkimlərin də məsləhəti ilə yeganə çıxış yolu böyrək nəqli yolu ilə İmana böyrək köçürülməsi idi. Mən öz böyrəyimin köçürülməsinə razı idim. Qan analizləri uyğunluq dərəcəsinin yüksək olduğunu göstərirdi, buna görə də vaxt itirmədən əməliyyata hazırlaşmağa başladıq. Türkiyədə təhsil alan oğlum Mikayılın məsləhəti ilə İstanbuldakı Acıbadem klinikasında qeydə alındıq, bizə əməliyyat xərcinin 30 000 olduğunu söylədilər. Bundan əlavə də xərclər vardı, ümumən əməliyyat mənə 50 000 manata başa gələcəkdi, bu pulu təcili tapmalıydım. Oğlumun Lada markalı maşınını, satılması mümkün olan hər şeyi satmalı oldum, eyni zamanda yardım edə biləcək hər kəsə müraciətlər etməyə başladım. Yaxın qohumlarımdan da toplanan pul cəmi 12 000 manat idi. Respublika səviyyəli tanınmış imkanlı şəxslərə, varlı müəssisələrə məktublar yazır, yardım istəyirdim. Bir qayda olaraq mənfi və ya başdansovdu cavablar alırdım. YAŞAT fondunun da xüsusi tələbləri var idi, İman qazi statusu almalıydı. Biz bu statusu ala bilmirdik, çünki İman döyüşlərdə iştirak etməmişdi, ön cəbhəyə hazırlıq mərhələsində xəstələnmiş və tərxis olunmuşdu. Yeganə ümidim kredit götürməyə qalmışdı. İxtisasca müəllim olduğum üçün kredit almağım çətin olmadı. İki bankdan toplam 26 000 manat kredit aldım və təcili İstanbula yollandıq. Klinikanın xərclərini ödədik, əməliyyata hazırlıq, lazimi analizlər prosedürlər başladı. Gözlənilmədə yeni problemlər ortaya çıxdı, mənim qanımda infeksiya aşkarlandı, bu halda böyrək nəqlinin effektiv olmayacağını dedilər. Nəticə olaraq ikinci oğlum Mikayılın böyrəyinin qardaşına köçürülməsi baş tutdu. Bütün bunların böyük həyəcan və stresslə müşaiyət olunduğunu təsəvvür edirsiniz. Lakin, təkcə həyəcan deyil, xərclər də artmışdı. Klinikaya əlavə pullar ödənməli idi. Son dərəcə kritik vəziyyət yaranmışdı. Təqribən 10 000 manatadək əksiyimiz yaranmışdı. Vətənə qayıtmaq üçün yol pulu və əməliyyatdan sonra qəbul ediləcək dərmanların xərci də bu məbləğə əlavə olunacaqdı. Yeganə çarə Türkiyədəki imkanlı azərbaycanlılara müraciət etmək idi. İlk ağıla gələn Mübariz Məsimovun adıydı. Azərbaycandakı bir bir deputata zəng etdirib bizi qəbul etməsini xahiş etdik. Dəfələrlə ofisinə getdik, bizi qəbul etməsini istədik. Ancaq alınmadı. O günlərdə tamamən ümidsizzlik içərisində idik. O günlərdə bir nəfər bizə əslən Təbrizli iş adamı Əli Poladın telefonunu verdi, zəng edin, bəlkə sizə kömək edər dedi. Qeyri-adi hadisə baş verdi, Əli Polad telefonumuza cavab verdi və buyurun gəlin dedi. Dediyi vaxtda iki oğlum və mən Taksim meydanındakı ofisinə yollandıq, bizi qəbul etdi. Heç tərəddüd etmədən, istədiyimiz məbləği verdi. Təşəkkür etmək istəyəndə isə sözümü kəsdi, "Biz sizə təşəkkür edirik və sizə borcluyuq" dedi. Yuxu deyildi, gerçəkdən də problemimiz həll olunmuşdu. Əli Polada sonsuza qədər minnətdar idim. Bu insanın necə böyük ürəyə sahib olduğunun şahidi oldum. Qısa söhbətimiz zamanı Azərbaycana necə böyük sevgi bəslədiyinə inanım. Bu yazını yazaraq ona olan minnətdarlığımı və ömrüm boyunca duaçı olacağımı ifadə etmək istədim. Hal-hazırda oğlum İmanın sağlamlığı bərpa olunub, onun da mənim də əvvəlki məşəqqətli günlərimiz arxada qalıb. Ana olmaq çətindir. Savaşda övladını itirən anaların nələr çəkdiyini təsəvvür edirəm. Hər kəsi onlara dəstək olmağa çağırıram. Kimsəsizə yardım etmənin necə müqəddəs bir duyğu olduğunu bilmənizi istərdim. Xatirə Nəsirova, Sabirabad r-nu, Azadkənd kənd orta məktəbinin müəllimi. DİA.AZ Geri qayıt |