Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Abel Məhərrəmov Azərbaycan təhsili adına ayıb bir işi tutdu

Abel Məhərrəmov Azərbaycan təhsili adına ayıb bir işi tutdu


21-02-2014, 14:31
Abel Məhərrəmov Azərbaycan təhsili adına ayıb bir işi tutdu
DİA.AZ: - Məlum olduğu kimi, Bakı Dövlət Universitetində tələbələr etiraz etdilər. Nəyə? Hərə bir şey deyir. Ən maraqlı olanı isə Abel Məhərrəmovun - deputatın - Bakı Dövlət Universiteti rektorunun söylədikləridir.

Abel müəllim deyir ki… Nə deyə bilər ki… Rəsmən narazı tələbələri, haqqları uğrunda etiraz səslərini qaldıranları adam durub-dururkən ittiham edir. Yəni Abel Məhərrəmova görə, tələbələr qanunsuzluqara etiraz etməməlidirlər.

Yeri gəlmişkən, dünənki aksiyada tələbələrin şüarı «Qanunları pozmayın, Saxta qanun yazmayın» idi.

Dövləti devirmək istəmirdilər ki?

Amma Abel Məhərrəmov onları az qala vətənə xəyanətdə ittiham etdi. Onun nə dediklərinə bir diqqət edin:

“Müəyyən qurumlar, xüsusi olaraq dövlətçiliyin uğuruna sevinməyən adamlar belə işlərə cəhd edirlər. Azərbaycan dinamik inkişaf edir. Əfsuslar olsun ki, bunu gözü götürməyən bədxahlar da var. Belə düşüncədə olanlar da Bakı Dövlət Universiteti qarşısındakı aksiyanı təşkil etmişdilər. Həmin aksiyanın iştirakçıları Bakı Dövlət Universitetinin tələbələri deyildilər. Növbə dəyişmə vaxtına görə universitetdən 300 tələbə çıxır və içləri daxil olurdu. 50-60 insan isə universitetə kənardan gəlirdi. Orada həmin vaxt müəyyən ajiotaj yarandı, sonra isə onlar başa düşdülər ki, səhv ediblər və çıxıb getdilər. Tələbələrin tələblərinin nə olduğunu soruşanda biri də təhsildən danışmadı, özünə aid məsələlərdən danışırdılar. Onlar Azərbaycan təəssübkeşliyi, vətəndaşlıq mövqeyi olmayan gənclərdir. Mən bütün gəncləri belə qüsurlu fikirlərdən yayınmağa dəvət edirəm”.

Hə, adamın narazı tələbələri rəsmən şərləmə cəhdində bulunması ortadadır. Hələ bir məhkəməyə müraciət edəcəyini də deyir.

Ayıb deyilmi? Abel müəllim, siz Bakı Dövlət Universiteti kimi Azərbaycanın bir nömrəli ali təhsil ocağına rəhbərlik edirsiniz. Bu gün siz həmin tələbələrə sahib çıxmalı idiniz, onları hədələməli deyildiniz.

Amma görünəni odur ki, Abel Məhərrəmov tələbələrinə sahib çıxmağı deyil, onları hədələməyi daha məqbul variant kimi seçib.

Ola bilsin ki, bu gün Abel müəllimi «yuxarıdan» sıxırlar, ondan hesabat tələb edirlər. Ola bilər…

Amma şəxsən mən Abel müəllimin yerinə olsaydım, «yuxarılara» səmimi şəkildə yanlışımı etiraf edərdim. Daha 25 manatlıq cəriməyə görə, etiraz səsini qaldıran tələbəni şərləməzdim.

Sonda… Nə yaxşı ki, BDU-nun tələbəsi olmamışam… Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişəm…


Məhəmməd Ərsoy - DİA.AZ
Geri qayıt