Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sədərək gömrüyü DÜZƏLƏNƏ OXŞAMIR...
Sədərək gömrüyü DÜZƏLƏNƏ OXŞAMIR...22-11-2023, 11:05 |
Sədərək Gömrük Məntəqəsində rüşvət almağın daha bir qaydası icad olunub. Gömrük əməkdaşları süni şəkildə uzun növbələr yaradıb, sürücülərə 50 manat qarşılığında „sürətli keçid“ təklif edirlər. Bir çox sürücülər gecəni gömrükdə keçirməmək üçün bu məbləği verməyə məcbur olurlar. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sürücü məlumat verib. Sürücülər deyir ki, „sürətli keçid“ üçün ödədikləri pula görə onlara heç bir sənəd verilmir. Bu səbəbdən onlar hesab edir ki, hər gün 100-lərlə sürücüdən alınan bu pulları gömrük əməkdaşları mənimsəyirlər. Şərur rayon sakini, sürücü Vasif Orucov deyir ki, tələsik işi olduğu üçün bir neçə dəfə pul ödəyib, Türkiyə tərəfə keçməyə məcbur olub: “Bu növbəti bir pul tələsidir. Pulu həm nağd, həm də onlayn ödəmək olur. İstər onlayın, istərsə də nəğd şəkildə ödənillən pulların haraya getdiyi bəlli olmur. Çünki, ödəniş edənlərə heç bir qəbz verilmir. Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Bu səbəbdən də gömrükdə bəzən yüzlərlə maşın növbədə gözləməli olur. Məqsəd insanları gözləməkdən bezdirərək, sürətli keçiddən istifadəyə məcbur edib, rüşvət almaqdır”. Digər şikayətçi Səfər Qurbanov isə deyir ki, ağır xəstə olan yaxınlarından birini təcili Türkiyəyə aparmaq üçün tələb olunan məbləği ödəməli olub: “Mən nadir hallarda Türkiyəyə gedirəm. Bir neçə gün əvvəl ağır vəziyyətdə olan xəstəmi müalicəyə aparırdım. Səhər 7-də gömrüyə çatdım. Növbədə yüzlərlə maşın gözləyirdi. 2 saata qədər gözlədim. Lakin növbə yerindən tərpənmirdi. Bəzi avtomobillərin növbəyə dayanmadan keçdiyini görürdüm. Yaxınlaşıb, gömrük işçisinə iradımı bildirdim və xəstə apardığımı dedim. O, 50 manat ödəyib sürətli xətdən keçməyi məsləhət gördü. Bu məbləğin çox olduğunu, xəstəyə görə güzəşt etmələrini xahiş etdim, 25 manat aldılar. Ödənişin müqabilində qəbz istəsəm də verilmədi. Amma saatlarla növbə gözləyənlərin qarşısında bu qaydada keçmək düzgün deyil. Onların hüquqları pozulur. İstəsələr bu növbə olmaz. Belə edirlər ki, rüşvət yığmağa bilsinlər”. Mənbə: "Gündəlik Naxçıvan" Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |