Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu dəfə Şirvan sakini özünü yandırmağa hazırlaşır – Yenə məmur özbaşınalığı

Bu dəfə Şirvan sakini özünü yandırmağa hazırlaşır – Yenə məmur özbaşınalığı


24-02-2014, 14:08
Bu dəfə Şirvan sakini özünü yandırmağa hazırlaşır – Yenə məmur özbaşınalığı
DİA.AZ: - Son vaxtlar məhkəmə sistemində və başqa dövlət orqanlarında baş verən haqsızlıqlara qarşı vətəndaşların üsyan formalarından biri də intihardır. Qarabağ əlili Zaur Həsənovun məhkəməyə qarşı “intihar üsyanı”ndan sonra Yevlaxda ünvanlı sosial yardıma qarşı yeni bir intihar cəhdi baş verdi.

Növbəti intihar Şirvan şəhərində gözlənilir. Amma bu intiharın bir qədər fərqli olacağı güman edilir. Belə ki, bu intiharı sabiq icra başçısı, hal-hazırda isə Ailə və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın müavini Sədaqət Qəhrəmanovanın qohumlarının haqsızlığına dözə bilməyən kiçik sahibkar Ziya Əliyev etmək istəyir.

DİA.AZ-a bu barədə daxil olan məlumata görə, bunu Ziya özü belə izah edir:

“Mənə qarşı edilən dözülməz dərəcədə haqsızlıqlara tab gətirə bilmirəm, buna görə də özümü yandıracağam. Sədaqət Qəhrəmanovanın adamları əllərində heç bir sənəd olmaya-olmaya mənə qarşı 17 min manat təzminat yazıblar, guya mən onlara ziyan vurmuşam. İş Ali Məhkəməyə qədər gedib, amma “qoçular” Ali Məhkəməyə də təsir edə biliblər. Çünki Ali məhkəmə əvvəlcə qərar verib ki, bu əsassızdır, ləğv olunmalıdır. Görün bu adamların əli nə qədər uzundur ki, onlar Ali Məhkəmənin tövsiyyələrinə qarşı çıxmağa Şirvan Apellyasiya Məhkəməsini məcbur ediblər. Ali Məhkəmə də sonda öz qərarını dəyişməyə məcbur olub. Yəni əvvəlcə “əsassız” hesab etdiyi qərarı, sonra “əsaslı” hesab edib. Bu hadisə dünyada analoqu görünməyən qanun pozuntusudur. Amma danışanda deyirlər ki, hüquqi dövlət belə gəldi, demokratiya belə getdi. Sədaqət Qəhrəmanovanın qohumu Namiq Səmədovun mənə qarşı etdiyi təzyiqlər o qədər haqsız və ədalətsizdir ki, artıq buna dözə bilmirəm.

Bu adamlar rəsmi dövlət sənədini saxtalaşdırıblar. Sədaqət Qəhrəmanova icra başçısı işlədiyi vaxtlarda ağ sənədlərə möhür vurub, indi də istifadə edir. Mən bu faktlar haqqında dövlət orqanlarına dəfələrlə müraciət etmişəm. Ötən il dekabrın 13-də Baş Prokuror Zakir Qaralovun şəxsən qəbulunda olmuşam, məsələni anlatmışam. O mənə tədbir görüləcəyini vəd edib, köməkçisi Namiq Məmmədovun telefonunu verərək onunla əlaqə yaratmağımı bildirib. Namiq Məmmədova zəng edəndə isə o mənə başqa telefon nömrəsi verib ki, onunla əlaqə saxlayım. Oradan isə bildiriblər ki, Şirvan şəhər Polis şöbəsinin müstəntiqi Anar Şirinov bu işlə məşğul olur, ona müraciət et. Anar Şirinov isə Sədaqət Qəhrəmanovanın dediyi ilə oturur-durur. O da deyir ki, get məhkəməyə müraciət et. Mən iki ildir ki, Allahı tanımayan bu adamların haqsızlıqlarına qarşı mübarizə aparıram, amma indi artıq görürəm ki, taqətim tükənir, tədbir isə görülmür. Mən xəstəliyə düşmüşəm. hara şikayət edirəmsə nəticəsi olmur. Müstəntiqdən şikayət edirəm, məktubu həmin müstəntiqin özünə göndərirlər. Məhkəmələrin haqsızlığına qarşı müraciət edirəm, deyirlər ki, yuxarı instansiyalara müraciət et. Ən yuxarı instansiya Ali Məhkəmədir, Ali Məhkəmə də öz qərarına qarşı çıxaraq yeni ədalətsiz qərar qəbul edib. Başqa heç bir əlacım yoxdur. İndi yalnız intihar etmək qalır. Amma son müraciətim prezidentə olacaq. Ondan sonra tədbir görülməsə, mən bəyan edirəm ki, özümü yandıracağam!

Geri qayıt