Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bəs bu pullar hara xərclənir?"

"Bəs bu pullar hara xərclənir?"


13-12-2023, 11:41
"Bəs bu pullar hara xərclənir?"
Naxçıvanda şəkərli diabet xəstələrinə ayrılan pulsuz dərmanlar və digər vasitələr sahiblərinə çatdırılımır. Bura insulin və bu tipli digər dərmanlar, inyeksiya və özünənəzarət vasitələri daxildir. Həmin vasitələr dolayısı ilə satışa çıxarılıb, həmin xəstələrə baha qiymətə satılır. Bu haqda “ Gündəlik Naxçıvan”a bir qrup şəkərli diabet xəstəsi məlumat verib. Onlar bildirir ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə şikayət etsələr də, heç bir nəticəsi olmayıb.
Birinci qrup əlililliyi olan Culfa rayon Bənəniyar kənd sakini Fatma Piriyeva deyir ki, ağır şəkər xəstəsi olsa da ona pulsuz dərman verilmir. Ona pulsuz çatacaq dərmanlara isə, hər ay təxminən 100 manat ödəyir:
“Ağır şəkər xəstəsiyəm. Xəstəlik ayağımda və gözümdə ciddi problem yaradıb. Bu səbəbdən birinci qrup əlilliyim təstiqlənib. Dövlət bizə hər ay pulsuz dərman ayırır. Lakin bu dərmanları bizə vermirlər. Biz də məcbur olub, həmin dərmanları işbazlardan pulla alırıq. Kimlərsə bizim özdərmanlarımızı özümüzə satıb, var-dövlətlərini artırırlar. Xəstəxanaya müraciət edəndə deyirlər ki, dərman yoxdur. Biz də məcbur qalıb öz vəsaitimiz hesabına alırıq. Mən kasıb adamam. Dərmanlarımı almaq üçün hər ay 100 manatı haradan alım?”
O deyir ki, bir neçə dəfə Naxçıvanın Ali Məclisinə şikayət etdikdən sonra, Səhiyyə Nazrliyindən onunla maraqlanıblar. Lakin, bunun da heç bir nəticəsi olmayıb:
“Nazirlikdən zəng edən xanım bildirdi ki, Culfa rayon Xəstəxanasına gedim, mən də getdim. Orada məni müavin işləyən həkim Kazım Babayev qəbul etdi. Dedi ki, bizim dərman verməyə icazəmiz yoxdur. Şəkərim 480-560-dır. Vəziyyətim çox ağırdır. Dərmanları almağa pulum yoxdur. Nə edəcəyimi bilmirəm. Çarəsiz vəziyyətə düşmüşəm. Aidiyyəti orqanların mənə köməklik göstəriməsini xahiş edirəm”.
Digər şəkər xəstəsi Famil Quliyev isə deyir ki, vacib dərmanlarını almaq üçün hər ay borca girməli olur:
“Mən də ağır şəkər xəstəsiyəm. Əvvəllər yubatsalar da insulinləri verirdilər. Son vaxtlar vermirlər. Deyirlər ki, dərman yoxdur. Amma buna baxmayaraq həmin dərmanları pulu ilə almaq mümkündür. Biz isə imkansız adamlarıq. Dərmanları vaxtında almağa imkanımız çatmır. Dərmanlardan da vaxtında istifadə etməyəndə vəziyyətimiz ağırlaşır. Bu səbəbdən dərmanları borcla alırıq və ya tanış apteklərdən nisyə götürürük. Dövlət hər il şəkər xəstələrinə kömək üçün insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri üçün milyonlarla vəsait ayırır. Bəs bu pullar hara xərclənir?”
Naxçlvan MR Səhiyyə Nazirliyindən səslənən iddialara cavab vermək istəmədilər.

Mənbə: "Gündəlik Naxçıvan"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt