Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İşçinin hüquqları pozulur... O İSƏ...

İşçinin hüquqları pozulur... O İSƏ...


23-12-2023, 10:14
İşçinin hüquqları pozulur... O İSƏ...
“Azəriqaz” İstehsalat Birliyinin keçmiş əməkdaşı Nağı Allahverdi Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Energetika Nazirliyinə, Auditorlar Palatasına, Ədliyyə Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Ali Məhkəməyə, İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsmana, Həmkarlar İttifaqlarına, Məhkəmə-Hüquq Şurasına, Konstitusiya Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, eləcə də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciət edir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Yazaraq bildirirəm ki, “Azərqaz” İstehsalat Birliyinin baş direktoru Əliyev Ruslan və birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli məni Əmək Məçəlləsinin 74-cü maddəsi ilə işdən uzaqlaşdırıblar. 2-ci dərəcəli əliləm. 23 noyabr 2022-ci ildə xərçəng xəstəliyndən ağır əməliyyat keçirdikdən sonra, 30 aprel 2023-cü ilədək xəstəliyə görə məzuniyyətdə olmuşam. 1 may 2023-cü ildən 18 sentyabradək fasiləsiz şəkildə işimdə olub, əmək fəaliyyətimi davam etdirmişəm.

18 senyabrda xəstəliyə görə məzuniyyətdə olmağıma baxmayaraq, saxta əmrlə əmək müqaviləmə xitam verilib. Məzuniyyətdə olduğum vaxt əmrimi verməklə Əmək Məcəlləsinin 79-cu maddəsi kobud şəkildə pozulub.

Azərbaycan Respublikasının əlillərlə bağlı qanunlarını əsas tutaraq, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etdim. Məhkəmə tərəfindən cavabdeh olan “Azərqaz” saymamazlıq edib, məhkəməyə gəlmədi. Noyabr ayının 4-də və 23-də olan iclaslara qatılmadılar. Dekabrın 18-də olan iclasa gəldilər, ancaq hakim iddiamda qeyd etdiklərimə laqeyd yanaşaraq, cavabdeh tərəfdən izahat almadan sənədimdəki “əmək qabiliyyətli deyil” sözünü əsas saydı. Ekspertiziyaya getməyimlə bağlı qərar verdi.

Hakim Samirə Eyvazovaya “bu qərarə niyə verdiniz” demirəm, mənim problemim odur ki, “niyə məzuniyyətdə olduğum halda 74-cü maddəylə işdən çıxarılmağıma məhəl qoyulmadı”?! Təbii ki, hakim məsələni araşdırmağa niyəsə ehtiyac duymadı? Mən izahatımda bildirmişdim ki, işdən uzaqlaşdırılma səbəbini öyrənmək istəyirəm. Hakim Əmək Müfəttişliyinə sorğu verib öyrənməliydi ki, 2-ci dərəcəli əlilliklə işləmək olar, ya yox?! Lakin o, bunu etmədi.

Cənab Prezident!

Hər çıxışınızda qeyd edirsiniz ki, “şikayəti mənə bildirin, artıq vəziyyət dəyişib”. Amma əllillərin işləməyinə icazə verilmir. Dəyişmək var, amma yaxşılığa doğru getmir.

Dəfələrlə sosial şəbəkələrdə “Azərqaz”la bağlı şikayətlərimi yazsam da əhəmiyyət verən qurum yoxdur. Onlar biz vətəndaşların hüquqlarını pozmaqla yanaşı, prezident olaraq sizin də gördüyünüz işlərə kölgə salır”.

Məsələ ilə bağlı “Azərqaz”la əlaqə saxlaya bilmədik, zəngimiz cavabsız qaldı.


Mənbəi: Hurriyyet.az
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt