Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Üzü yığılmış südə daha sonra palma yağı qatılaraq...”

“Üzü yığılmış südə daha sonra palma yağı qatılaraq...”


25-12-2023, 15:26
 “Üzü yığılmış südə daha sonra palma yağı qatılaraq...”
Lənkəranda “Milla” şirkətinə məxsus süd toplama məntəqəsində özbaşınalıq və saxtakarlığın hökm sürdüyü bildirilir.

Adıçəkilən şirkətin Lənkəranda yol verdiyi bu özbaşınalığın şahidlərindən birinin Yenicag.az-a verdiyi məlumata görə, “Milla”nın rayondakı südtoplama məntəqəsində ciddi saxtakarlıq halları mövcuddur.

Bildirilir ki, həmin məntəqənin 8 işçisi olsa da, onların heç biri ilə əmək münasibətləri rəsmiləşdirilməyib. Eyni zamanda, “Milla”ya ferma südü toplanıldığı iddia olunsa da, yerli əhalidən üzü yığılmış yağsız südlər alınır. Sonra isə bu südə palma yağı qatılaraq zavoda göndərilir.

Məntəqə müdiri Mais Talışxanovun bu əməllərini isə onun “Milla”da çalışan tələbə yoldaşının ört-basdır etdiyi deyilir. Hazırda sözügedən məntəqədə süd antisanitar şəraitdə toplanılır və daxil olan məhsulun tərkibinin yoxlanılmaması da irəli sürülən iddialar sırasındadı.

Çünki məntəqədə heç bir laboratoriya və antibiotikləri aşkarlayan xüsusi aparatlar yoxdur. Südün tərkibinin yoxlanması üçün heç bir məhlul ve cihazlardan istifadə olunmadığını deyən mənbə südün standartlara uyğun olmayan qaydada yığılaraq Bakıya göndərildiyini bildirib.

Digər tərəfdən, iddiaya əsasən, Mais Talışxanov bölgədə süd yığımını inhisara almaq üçün müxtəlif yolverilməz üsullara əl atır. Məsələn, qeyd olunur ki, məntəqədə yalnız onun seçdiyi insanlardan süd qəbul edilir.

Bunun səbəbini aydınlaşdırmaq üçün “Milla” qəbul məntəqəsinə edilmiş müraciətə cavab olaraq bildirilib ki, onlar guya yalnız “texniki yolla sağılmış südü” qəbul edirlər. Halbuki rayonun heç bir fermasında süd sağımı avtomatlaşdırılmayıb.

Nəticədə Mais Talışxanovun önlərində “yaşıl işıq” yandırdığı şəxslərdən aşağı keyfiyyətli süd qəbul olunur. Məhsulun yağlılıq və digər göstəricilərini artırmaq üçün südə müxtəlif kimyəvi qatqılar əlavə edilərək Bakıya yola salınır.

Dövlətin qida təhlükəsizliyinə çox ciddi yanaşdığı bir dönəmdə “Milla”nın Lənkərandakı süd toplama məntəqəsində belə halların yaşanması gerçək özbaşınalıqdır. Ancaq çox təəssüf ki, Mais Talışxanovun bəhs edilən əməlləri “Milla” şirkətinin rəhbərliyində təmsil olunan yaxın qohumu və dostları tərəfindən “pərdələnir”.

Redaksiyamıza üz tutan şikayətçilər “Milla” şirkətinin rəhbərliyindən yuxarıda sadalanan faktların yerində araşdırılmasını və bu özbaşınalığa son qoyulmasını xahiş edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt