Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Astarada vətəndaş ÇARƏSİZ DURUMDA

Astarada vətəndaş ÇARƏSİZ DURUMDA


6-01-2024, 10:14
Astarada vətəndaş ÇARƏSİZ DURUMDA
Astara rayonunun Şüvi kənd sakini Habil Cümşüdov deyir ki, evi beş aydan çoxdur ki, torpaq sürüşməsi nəticəsində təhlükəli hala düşüb. O, bununla bağlı aylardır dövlət və hökumət orqanlarına şikayətlər etdiyini də bildirir.

H.Cümşüdovun yaşadığı ev Şüvi kənd mərkəzindən iki kilometr uzaqda, dağ yamacında yerləşir. Kəndin əsas yolu yarıya qədər asfaltlaşdırılsa da, qalan yolları yaxşı vəziyyətdə deyil.

"Sürüşmə evin binəsinə qədər gəlib çıxıb"
H.Cümşüdovun evinin aşağı hissəsində torpaq lay-lay olub. Sürüşmə dağ çayına qədər gedib çıxıb. O, yaranmış vəziyyəti belə izah edir: "Burada ev tikəndə belə deyildi. Yer yaxşı idi. Keçən ilin sentyabrında güclü yağış yağdı, sürüşmə baş verdi. Sürüşmə evin binəsinə qədər gəlib çıxıb. Divara iki yerdən dayaq vurmuşuq. Bir dəfə də güclü yağış yağsa, ev qalmaya bilər. Divarlarda çatlar var".

Onun sözlərinə görə, başqa yerdə ev inşa etmək imkanı yoxdur: "Günəmuzd fəhlə işləyirəm. Payız və qış fəsillərində iş olmur. Əvvəllər gildən tikdiyim 12 kvadratlıq komada yaşayırdıq. Yaxınlarım kömək etdilər, yeni ev götürdüm. Divarları dədə-baba qaydası ilə götürülüb, gildəndir. Kənd yerlərində münasib ev tikmək çox çətin məsələdir. Böyük pul istəyir. İşıqlar zəifdir. İnternet yoxdur. Astara rayon İcra Hakimiyyətinə evin vəziyyəti ilə bağlı müraciət etdim. Cavab gəldi ki, bizdə sizə kömək edəcək vəsait yoxdur".

H.Cümşüdovun deməsinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib evinə baxıblar. Vurğulamasına görə, onlar deyiblər ki, burada yaşamaq təhlükəlidir: "Bizə sənəd də təqdim etdilər".

"Güclə çörək tapırıq"
H.Cümşüdov dağlıq ərazidə yaşamağın çətinliklərindən danışır: "Əvvəllər burada qonşular olub. Köçdülər, getdilər. Torpaq da əkin üçün yararsızdır. Burada nə isə əkib onunla yaşamaq mümkün deyil. Mal-qara da saxlamıram. Hirkan Milli Parkında olan vəhşi heyvanlar mal-qara saxlamağa imkan vermir. Qarnımıza güclə çörək tapırıq. Belə vəziyyətdə ev necə tikim? Ev dağılsa, buradan köçüb getməli olacağam".

H.Cümşüdovun qardaşı Murad Cümşüdov isə deyir ki, sürüşmə ərazisinin uzunluğu 50, eni isə 15 metrdir: "Sürüşmə evi əhatə edib. Hər gün hiss edirik ki, torpaq sürüşür. Narahatıq. Yüngül zəlzələ oldu, divardakı çat genişləndi. Bu, təbii fəlakətdir. Belə çətin vaxtda vətəndaşa kömək etməlidirlər".

"Başqa yerdə torpaq, ev versinlər..."
Onun dediyinə görə kənddə həmişə iş olmur: "Biz hamımız günəmuzd işləyirik. Elə gün olur ki, 5 manat da qazanc olmur. Ev dağılsa, tikə bilməyəcəyik. Ona görə müxtəlif dövlət təşkilatlarına müraciət edirik. Bəhanə gətirirlər ki, siz Hirkan Milli Parkın ərazisində ev inşa etmisiniz. Evi inşa edilib 1999-cu ildə, sənəd də təqdim edirik. Hirkan Milli Parkı isə 2004-cü ildə yaranıb. Ata-babalarımız park olmamışdan əvvəl burada yaşayıblar. Başqa yerdə torpaq, ev versinlər...".

H.Cümşüdovun 72 yaşlı atası Bəxtiyar Cümşüdov isə deyir ki, son dönəmlərdə yalnız bir dəyişiklik olub, kəndə təbii qaz çəkilib: "Sovet dövründə necə idi, indi də elədir. Bir fərq var ki, sovet dövründə şikayətlərə baxırdılar. Edilən müraciətlərə də əhəmiyyət verilmir. Bilmirik ki, kimə müraciət edək. Bizdən yuxarıda da yeddi-səkkiz ailə qalıb. Çoxları şəraitsizlikdən köçüblər. Şərait yoxdur. Yağış yağanda, sel gələndə bura keçilməz olur. Keçən dəfə sel suları körpünü apardı. Təbii qaz çəkiblər, onun da qiyməti bahadır. Limiti keçəndən sonra odun yandırırıq. Ev dağılsa, gərək çadırda yaşayaq".

Rəsmilər...
Sözügedən məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətindən bildirdilər ki, şikayətçiyə cavab verilib: "Fövqəladə Hallar Nazirliyi torpaq sürüşməsini qeydə alıb. Ora Hirkan Milli Parkın ərazisidir. Bu məsələyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri baxır. İcra hakimiyyətində bu məqsəd üçün vəsait nəzərdə tutulmur. Dövlətin belə hadisələrlə bağlı qanunları var".

Məsələ ilə bağlı sözügedən nazirliklərlə danışmaq mümkün olmayıb.

Mənbə: AzadlıqRadiosu ©

Geri qayıt