Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Messa Group” şirkətindən aparat aldı və...
“Messa Group” şirkətindən aparat aldı və...17-01-2024, 12:02 |
Bakıda bərbər və lazer ustası kimi fəaliyyət göstərən Səbuhi Bəkirzadə tibbi-kosmetoloji avadanlıqların satışı ilə məşğul olan şirkətdən şikayətçidir. “Qafqazinfo”ya müraciət edən S.Bəkirzadə bildirib ki, aldığı bahalı “Laserconn dual” markalı lazer cihazı nasaz çıxıb. O, lazer cihazını ötən ilin 10 avqustunda aldığını, lakin qısa müddət sonra ortaya problem çıxdığını deyib. Şikayətçinin sözlərinə görə, nasazlıq səbəbindən müştərilərinin bədənində qızartı və səpkilər yaranıb. S.Bəkirzadə iddia edir ki, satışı həyata keçirən şirkət zəmanət müqaviləsinə əməl etməyərək aparatı geri götürmür: “Ötən ilin avqust ayında “Messa Group” şirkətindən 30 min manat dəyəri olan “Laserconn dual” markalı aparatı aldım. Pulum çatmadığı üçün 16 min manat ilkin ödəniş etdim. 13 min manatı isə lizinq şərtləri ilə ödədim və hər ay 1100 manat müqavilə bağladığım lizinq şirkətinə ödəniş edirəm. Lakin aparatı işlədiyim Müşfiq qəsəbəsindəki salona gətirdikdən qısa müddət sonra problemlər ortaya çıxdı. Aparatın keyfiyyətsiz olması səbəbindən müştərilərin bədənində qızartılar yaranır, səpkilər olur. Bu səbəbdən çoxsaylı şikayətlər gəlir və müştərilərimi itirmişəm”. Şikayətçi bildirib ki, “Messa Group” şirkətindən aparat alarkən müqavilə imzalanıb və 2 il zəmanət müddəti təyin edilib: “Şirkətə müraciət edərək aparatın problemli olduğunu bildirmişik. 2 ay yarımdır müraciətlər edirik. Gah deyirlər müraciətinizə baxılır, gah da “ikinci əl aparat sata bilmərik” deyirlər. Və ya dəqiq cavab verməyərək bizi gözlədirlər. Şirkətin sahibi ilə görüşməyə, məsələni izah etməyə şərait yaratmırlar. Artıq müştərilərimizi də itirdiyimiz üçün aparata görə götürdüyümüz krediti ödəyə bilmirik”. S.Bəkirzadə məsələ ilə bağlı şirkət rəhbərliyinin qərar verməsini və ya aidiyyəti qurumların bunu araşdırmasını xahiş edib. Mövzu ilə bağlı “Messa Group” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən saytımıza bildirildi ki, hazırda məsul şəxsləri işə çıxmır: “Bununla əlaqədar növbəti günlərdə zəng etməyinizi məsləhət görürük”. Geri qayıt |