Əsas Səhifə > Güney Press, Reklam > "AzerGold" QSC-nin İdarə Heyətinin sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb29-01-2024, 10:24 |
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə ilk görüşünü keçirib. 3-cü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə mentorluq proqramının iştirakçısını təbrik edən Zakir İbrahimov onun praktiki fəaliyyətə cəlb olunması ilə mövcud potensialının inkişafına zəmin yaradılacağını, peşəkarlıq vərdişlərinin, bilik və bacarıqlarının, idarəçilik sahəsində təcrübəsinin artırılmasına zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini vurğulayıb. Görüşdə Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti haqqında müsabiqə qalibinə məlumat verib, ölkəmizin dağ-mədən sahəsinin inkişafı istiqamətində reallaşdırılan layihələrdən danışıb, sözügedən sahənin xüsusi və mürəkkəb məqamlarına toxunub, geoloji, metallurji, mədənçıxarma və digər aspektlərindən bəhs edib. Daha əvvəl 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzov və 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədovla Mentorluq proqramı çərçivəsində əməkdaşlıq etdiyini xatırladan Z.İbrahimov müsabiqə qalibləri ilə kifayət qədər məhsuldar əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin istedadlı gənclərin idarəçilik sahəsində önə çəkilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq müsabiqə qaliblərindən Əli Əhmədov “AzerGold” QSC-də müşavir, İlyas İsmayıllı isə Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin müdirinin müavini vəzifəsinə təyin olunub. Görüşdə müsabiqə qalibi Vüqar Mamedov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin şəxsi təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib. O, proqram müddətində idarəçi rəhbərin tövsiyyələrindən maksimum bəhrələnməyə çalışacağını diqqətə çatdırıb. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html ) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb. Geri qayıt |